Şənbə , Avqust 24 2019
Ana səhifə / Köşə Yazarları / AzTV-nin məşhur musiqi kollektivləri fəaliyyətini dayandırıb?

AzTV-nin məşhur musiqi kollektivləri fəaliyyətini dayandırıb?

Bu gün ölkəmizdə çoxlu sayda televiziya kanalları fəaliyyət göstərir. Danılmaz faktdır ki, savadından, ifaçılıq mədəniyyətindən asılı olmayaraq istənilən sənətçi və ya musiqi kollektivi müxtəlif yollarla arzuladığı tele-məkana qədəm qoya bilir.

Zamanında yalnız bir tele-məkan, Azərbaycan Televiziyası (AzTV) var idi və bu televiziya hər zaman musiqi siyasətinə diqqət edərək efirdən yalnız peşəkar musiqinin səslənməsini təmin edir, öz efirini bayağı musiqiçi və musiqilərdən qoruya bilirdi. İlk peşəkar musiqi kollektivləri, simfonik, estrada-simfonik orkestrlər, xalq çalğı alətləri ansamblları, ilk xor kapellası, ilk uşaq xoru məhz AzTV-də yaranıb. Bu cür mədəniyyət xəzinəsi demək olar ki, yalnız hələ ki, bu televiziyaya aiddir. Qeyd olunan kollektivlər arasında xüsusilə “Dan ulduzu” ansamblı, “Bənövşə” uşaq xoru və digərləri zamanında kifayət qədər populyarlıq qazanmışdı.

Lakin daha çox yaşlı və orta nəslin xatırladığı bu musiqi kollektivləri nədənsə son zamanlar AzTV-nin efirindən ya az görünür, ya da ümumiyyətlə itib-batıb.

Bəs görəsən səbəb nədir? Adı çəkilən musiqi kollektivləri hazırda harada fəaliyyət göstərir?
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məsələyə bu cür aydınlıq gətirdi:
“Keçmişdə olan bütün musiqi kollektivlərinin hamısı bu gün də fəaliyyət göstərir. Bunlar “Niyazi” adına Dövlət Simfonik orkestr, Səid Rüstəmov adına və Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Orkestrləri, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı, “Qaytağı” instrumental ansamblı, Cahangir Cahangirov adına xor, Əfşər Cavanşirov “Bənövşə” uşaq xorlarıdır.

Bu kollektivlərin hamısı bizdədir.Həm AzTV-də həm də “Mədəniyyət” kanalında çıxışlarımız olur. Sadəcə əvvəlki proqramlarla indiki proqramlar bir-birinə uyğun gəlmir. Onların əksəriyyəti AzTV-də müxtəlif musiqi verilişləri var ki, orda iştirak edir. Bayram günlərində də televiziyamızın yalnız öz ansambl və orkestrlərinin konsertləri təqdim olunur. Solistlərimizə başqa tele-kanallarda da rast gəlmək olur. İfaçılar tək bizdə deyil, digər televiziyalarda da iştirak edirlər, yəni buna da icazə var”.

Musavat.com

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın