Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Azərbaycanda yeni sosial şəbəkənin təqdimatı oldu

Azərbaycanda yeni sosial şəbəkənin təqdimatı oldu

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycandan start götürəcək “Onbranch” beynəlxalq layihəsinin təqdimatı keçirilib.

Bu platforma veb-saytdan və mobil tətbiqetmədən (application) ibarət olmaqla, istər biznes sahibləri, istər ictimai fəaliyyət subyektləri, istərsə də fərdi istifadəçilər üçün yeni imkanlar təqdim edir.

Tədbirin açılışında layihənin strateji inkişaf üzrə konsultantı Emil Məcidov 10 il bundan əvvəl dünyada informasiya, yüksək texnologiyalar sahəsinin inkişafına nəzər salaraq bildirib ki, ictimai şəbəkələr dünyanı çox dəyişib: “İndi hər şey sürətlə tərəqqi edən texnologiyalardan asılıdır. Hesab edirəm ki, “Onbranch” ictimai şəbəkənin yeni nəslidir. Bəlkə də bu, çox ambisiyalı səslənir. Amma bunu qorxmadan deyirəm. Özüm layihənin müəllifi deyiləm. Əsas iş komandanın üzərinə düşür. Mən bunu şahid kimi söyləyirəm”.

Tədbirdə layihənin təsisçisi Elçin Əskərov çıxış edərək “Onbranch” sosial paylaşım platformasının yaradılmasının əsas məqsədinin eyni məkanda olan insanları birləşdirmək olduğunu deyib: “Biz real həyata üstünlük veririk, yəni, siz real həyatda aktiv deyilsinizsə, “Onbranch”da aktiv ola bilməzsiniz. Həyatın müxtəlifliyi bəzən ətrafımızda olan reallığın bir parçasını nəzərdən qaçırmağınızla nəticələnir. Əlbəttə, heç kim heç bir imkanı əldən vermək istəməz. Zamanı ram etmək mümkün olmasa da, ondan daha çoxunu almaq mümkündür. Məhz bu məqsədi həyata keçirməyiniz üçün “Onbranch” sizi real həyatınızdan ayırmayan virtual köməkçiniz olmağa hazırdır. Bu platforma isə ətrafdakı insanların ünsiyyət vasitəsi kimi rol oynaya bilər: “Onbranch”ın yaradılması ideyası hər zaman olub, lakin bu texnologiyanın işlənmə prosesi, habelə texniki tapşırığın hazırlanmasına 2015-ci ilin noyabr ayında başlanılıb.”

“Onbranch”ın üstünlüklərindən danışan E.Əskərov bildirib ki, bu unikal layihənin dünyada analoqu yoxdur: “Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların real oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-birilə ünsiyyət yarada bilərlər.

Digər bir məsələ isə tətbiqetmənin yaratdığımız virtual proyeksiyası ilə bağlıdır. Belə ki, hər hansı şəxs müəyyən məkana daxil olduqda, telefonla həmin məkanın virtual formasına daxil olur və onun proyeksiyası yaranır. Bu, bir çox imkanları genişləndirir. Misal üçün hər hansı bir məkanın kitabxanasından istifadə etməyə istifadəçiyə şərait yaradır. Yaxud istifadəçi şəhərdə hər hansı bir istirahət məkanındadırsa, restorandadırsa, onun menysuna nəzər salıb sifariş verə bilər”.

E.Əskərovun sözlərinə görə, bu unikal tətbiqetmə ilk olaraq iyul ayına kimi Bakıda fəaliyyət göstərəcək və onun reallaşma sahənin genişlənməsi məqsədilə paralel olaraq Londonda da danışıqlar aparılır: “Yaydan sonra biz qloballaşmağı düşünürük. İlk şəhərin Londonun olmasını planlaşdırırıq”.

Qeyd edək ki, istifadəçilər “Onbranch” vasitəsilə getdikləri istənilən məkanı özləri üçün yenidən kəşf etmək şansı əldə edəcəklər. Belə ki, real həyatda məkana daxil olan istifadəçi sadə qoşulmanı həyata keçirməklə həm də virtual olaraq həmin məkanın ərazisinə daxil olur. Bununla da, istifadəçi özü və onun kimi digər ziyarətçiləri məkanın virtual xəritəsində görə və onlarla ünsiyyətdə ola bilir, həmçinin məkanın təqdim etdiyi xidmətlərdən yararlanmağı bacarır.

Beləliklə, sözügedən platforma yeni nəsil sosial şəbəkəsi olmaqla ilk dəfə hər bir şəxsə virtual məkanda olduğu vaxtda real həyatda ətrafında olan insanları tanımaq və onlarla ünsiyyət qurmaq imkanını yaradır.

Başlanğıc nöqtəsi istirahət, əyləncə və iaşə sektorları olmaqla, “Onbranch” növbəti mərhələlərdə ictimai xidmətlər və biznes mühiti üçün müxtəlif rahat və effektiv həllər təklif etməyi planlaşdırır. İstənilən sahədə fəaliyyətin əsas prinsipi detallı araşdırmanın aparılması ilə həm sıravi istifadəçilər, həm xidmət göstərənlər üçün rahat və faydalı məhsulların hazırlanmasıdır.

“Onbranch”a qoşulan məkanların özləri üçün ayrıca mobil tətbiq (application) sifariş etmələrinə, həmçinin onlayn sifariş sisteminə artıq xərc çəkməsinə heç bir zərurət qalmır. Müxtəlif kateqoriyalara aid olan məkanların sahibləri “Onbranch” vasitəsilə öz biznesini inkişaf etdirə və müştərilərinə yeni xidmət çeşidlərini təklif edə biləcəklər. İstənilən kafe, restoran, əyləncə mərkəzi, universitet, kitabxana və ya hər hansı digər məkanın səhifəsi qeydiyyatdan keçməklə vahid virtual sistemin tərkib hissəsi olacaq. Bu sistemə təkcə qapalı məkanları deyil, həmçinin açıq havada olan əraziləri də eyni qaydada qoşmaq mümkündür.

“Onbranch” istənilən məkan üçün onun həqiqi interyerini və eksteryerini əks etdirən xüsusi üçölçülü qrafik xəritənin yığılmasını da təmin edir.

İki ilə yaxın müddətdə hazırlanan bu platforma vasitəsilə istənilən məkanın idarəçisi ziyarətçilərini tanımaq, onlara real həyatda təqdim olunan xidmətləri vahid virtual zonada təqdim etmək, ziyarətçilərlə istər ümumi, istərsə də fərdi qaydada daha sıx və interaktiv ünsiyyət qurmaqla onlara məlumatları daha tez və daha fərqli şəkildə çatdırmaq kimi unikal imkanlar qazanır.(Teleqraf.com)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın