Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Köşə Yazarları / Atatürk türk dilini necə məhv etdi?

Atatürk türk dilini necə məhv etdi?

Rəsmi Türkiyə tarixi Atatürkün şəxsiyyətini o qədər şişirdib ki, onun hansısa sahədə, hansısa məsələdə səhvə yol verdiyini etiraf və qəbul etmək türklər üçün çox çətindir. Türklər Atatürkün hansısa sahədə, hansısa məsələdə səhvə yol verdiyini, həqiqətən, təsəvvür belə edə bilmirlər. Axı ən böyük sərkərdə, ən böyük siyasətçi, ən böyük mütəfəkkir, ən böyük düha, əstəğfürullah, peyğəmbər, Allah necə səhvə yol verə bilər? Bu mümkünsüzdür. Belə şey qətiyyən ola bilməz. Atatürkün səhvə yol verdiyini deyən adamlar, Atatürkü ən böyük sərkərdə, ən böyük siyasətçi, ən böyük mütəfəkkir, peyğəmbər, Allah kimi qəbul etmək istəməyən şəxslər türk xalqının, Türkiyənin qatı düşəmənləridir…

Əslində, Atatürkün şəxsiyyətinin şişirdilməsi, sonu görünməyən mübaliğələr, intəhasız təriflər onun əleyhinə işləyir. Şişirtmələr, mübaliğələr, təriflər vəziyyəti absurd həddə çatdırır, Atatürkün karikaturası yaranır. Yalanla həqiqət bir-birinə o qədər qarışır ki, Atatürkün gördüyü vacib işlərin də üstünə yalanın qara kölgəsi düşür. Fikrimizi daha sadə formada ifadə etsək, Atatürkün şəxsiyyətini dayanmadan şişirdən tarixçilər, yazıçılar, siyasətçilər və digər “çilər” bilərək və ya bilməyərək, qəsdən və ya qeyri-ixtiyari Atatürkə zərbə vururlar.

Bəzi insanlar isə əlinə qara təbaşir götürüb az qala Atatürkün bütün fəaliyyətinin üstündən qəddarlıqla çalın-çarpaz xətt çəkirlər. Əlbəttə, bu da çox ədalətsiz bir mövqedir.

Atatürk şərqə (şərq sözü burda bir çox mənalarda istifadə olunub) obrazlı desək, corabının son sapına qədər nifrət edirdi. Türklərin, Türkiyənin inkişafını şərqdən uzaqlaşmaqda görürdü. Türklərin, Türkiyənin şərqlə bütün əlaqələrini kəsmək istəyirdi. Nifrət, qəzəb bir çox hallarda çox pis məsləhətçilərdir. Atalar düz deyiblər: “Qəzəbli başda ağıl olmaz”. Yəni qəzəblə, nifrətlə verilən qərarlar, qəzəblə, nifrətlə atılan addımlar böyük fəsadlar, bəlalar, sağalmaz yaralar, faciələr yarada bilər və təssüflər olsun ki, Atatürkün timsalında yaratdı da.

Atatürkün dil islahatı türklərə, Türkiyəyə dəhşətli bir zərbə vurdu. Onsuz da təbii yolla türk dilinin sadələşməsi prosesi gedirdi. Türk dili təbii yolla sadələşirdi. Təbii yolla elitanın dili xalqın dilinə, müəyyən mənada xalqın dili elitanın dilinə yaxınlaşırdı. XIX əsrin sonlarından başlayaraq ta XX əsrin ilk yarısına qədər bu təbii proses dünyanın bir çox ölkələrində gedib. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində dünyanın hər yerində xalqın dilini elitanın dilinə, elitanın dilini xalqın dilinə yaxınlaşdırmaq mövzusunda uzun-uzadı müzakirələr aparılıb.

Dünyanın hər yerində elitanın dili xalqın dilindən uzaq olub. Bəzi yerlərdə az, bəzi yerlərdə lap çox… Bəli, doğrudan da, Türkiyədə elitanın dili ilə xalqın dili arasında nəhəng uçurum vardı. Heç bir yerdə xalqla elita arasında belə nəhəng, belə dərin uçurum mövcud deyildi. Amma, az əvvəl qeyd etdiyim kimi, təbii yolla, addım-addım xalq elitaya, elita da xalqa yaxınlaşırdı və ən doğru yol da elə bu yol idi. Atatürk İsgəndər kimi əlinə qılınc götürüb “Qordi düyünü”nü doğramaq istədi.

Elə yollar var ki, kəsəsi olmur. Elə yollar var ki, insanlar, xalqlar həmin yolla qarış-qarış, addım-addım, hətta iməkləyə-iməkləyə getməlidirlər. Məsələn, idrak ağacına (“idrak ağacı” ifadəsindən burda geniş mənada istifadə olunub) gedən yolun kəsəsi yoxdur. İdrak ağacına çatmaq, ağacın məyvəsini dərib dadına baxmaq istəyirsənsə, əsl, həqiqi yolu getməlisən. Əzab-əziyyət çəkməlisən, tər tökməlisən, gözünün yağını əritməlisən. İdrak ağacına çatmaq üçün kəsə yollar axtarsan, itib-batacaqsan, vaxt və enerji itirəcəksən. Kəsə yollarla idrak ağacına çatmaq istəyənlər idrak ağacından daha da uzaqlaşmağa məhkumdurlar. Bəzi yoldaşlar əsərlərin özünü yox, xülasəsini oxuyurlar. Guya bununla vaxta qənaət edirlər. Ordan-burdan beş-altı termin, beş-altı cümlə əzbərləyib özlərini intellektual kimi göstərmək istəyirlər. Belə hesab edirlər ki, əsərlərin xülasəsini oxumaqla, beş-altı cümlə, termin əzbərləməklə idrak ağacının meyvələrini dərmək, onların dadına baxmaq olar. Kimi aldadırlar? Özlərini!

Qırxı çıxmamış uşağa birdən-birə kabab, aş, xaş, bozbaş vermək olmaz. Uşaq süd əmməlidir. Günlər, həftələr, aylar, illər keçdikcə həm bədəni, həm də əqli inkişaf etməlidir. Təzə oxumağa başlayan adama Tomas Mannın “Sehrli dağ”ını vermək əbləhlikdir. Təzə oxumağa başlayan adam Tomas Mannın “Sehrli dağ”ını oxuya bilməyəcək. Oxusa belə, heç nə başa düşməyəcək…

Atatürkün bütün inzibati resurslarla, əlindəki mütləq hakimiyyətlə apardığı dil islahatı Türkiyədə dilin təbii yolla sadələşməsi prosesini məhv etdi. İnsanların əsrlərlə istifadə etdiyi ərəb, fars sözlərini lüğətdən qovub yerinə uydurma, süni, saxta sözlər doldurmaq dəhşətli bir səhv idi. Dünya tarixində belə cəfəngiyyat olmayıb. Hər şeyi öz adıyla çağırsaq, dünya tarixində Lenin və Stalin kimi zır dəlilər də daxil olmaqla heç kim belə dəlilik etməyib. Lenin Rusiyanın altını üstünə çevirdi. Stalin bir çox dəliliklər etdi. Lakin bu adamlar dilə toxunmadılar. İngilis, alman, fransız, ispan və digər dillərdən rus dilinə keçmiş sözləri lüğətdən çıxarıb yerinə saxta, uydurma, süni sözlər doldurmadılar. Atatürk isə dil islahatı ilə Türkiyəni, türkləri bataqlığa soxdu. Türklərin öz keçmişləriylə əlaqəsi kəsildi. Nəsillər arasında böyük uçurum yarandı. Türk dili bütün rəngini, ahəngini itirdi. Saxta, süni, növü və mənşəyi bilinməyən mutant bir dil yarandı.

İndi bu saxta, süni, mutant dil, Akop Martayanın uydurduğu sözlər digər türk xalqlarının, digər türk respublikalarının da dilini məhv edir. Xüsusən, azərbaycanlıların. Çünki azərbaycanlılar digər xalqlara nəzərən Türkiyə ilə daha sıx, canlı əlaqədədir. 

Azərbaycan dili artıq yoxdur. Akop Martayanın uydurduğu sözlər, süni, saxta, mutant türk dili Azərbaycan dilini məhv edib. Görünən kəndə nə bələdçi? Saytlardakı xəbərlərin, yazıların sərlövhələrinə, televiziya aparıcılarının danışığına, nadir istisnaları çıxsaq, son illərdə tərcümə olunan, yazılan kitablara ötəri nəzər salın. Əgər kimsə vəziyyətin necə dəhşətli olduğunu görmürsə, bu o deməkdir ki, həmin şəxsin dili saxta, süni, mutant türk dili tərəfindən kəskin aşınmaya məruz qalıb. Məhz buna görə həqiqi mənzərəni, həqiqi vəziyyəti görməkdə çətinlik çəkir və baş verənləri təbii, normal hesab edir.

Sırf ədalət naminə onu da mütləq qeyd edim ki, həm Türkiyədə, həm də Azərbaycanda bəzi yoldaşlar istifadə etdikləri sözlərin saxta, süni, uydurma olduğunu bilmirlər. Onlar elə zənn edirlər ki, istifadə etdikləri sözlər əsl türk sözləridir. Belə hallarla dəfələrlə qarşılaşmışam. Bu yaxınlarda bir roman oxudum. Romanda Akop Martayanın uydurduğu saxta, süni sözlərə rast gəldim. Tərcüməçiyə bu barədə öz iradlarımı bildirdim. Qayıdıb dedi ki, bəs mən bundan sonra ərəb və fars sözlərinin əvəzinə türk sözlərindən istifadə edəcəyəm. Dedim, ay bəy, ay müəllim, sənin ərəb və fars sözlərinin əvəzinə istifadə etdiyin sözlər türk sözləri deyil, uydurulma, saxta, süni sözlərdir. Sən demə, bu adamın Atatürkün dil islahatından, istifadə etdiyi sözlərin saxta, süni, uydurma olmasından yerli-dibli xəbəri yox imiş. 

Xülasə, Atatürk özünün avantürist dil islahatı ilə təkcə Türkiyə türklərinin deyil, digər türk xalqlarının da dilini məhv etdi.

Seymur BAYCAN

Həmçinin oxuyun

Bu itlə balasını əmizdirən insan arasında mahiyyətcə fərq yoxdur

İtləri yaxından müşahidə edəndə görürsən ki, onların da arasında yaltağı, utancağı, qorxağı, həyasızı, vəfalısı, vəfasızı, …