Ana səhifə / Köşə Yazarları / Atası komada olan jurnalistin evindən – Reportaj

Atası komada olan jurnalistin evindən – Reportaj

Bu ilin fevral ayının 14-də jurnalist İmdad Əlizadənin qəza keçirən atası, yazıçı-publisist Əli Əliyevin durumu hələ də kritikdir və komadan ayılmayıb. 8 aydır komada olan 70 yaşlı yazıçının ailəsi o möcüzənin baş verəcəyi günü gözləyir.

Lakin ailənin qayğıları bununla bitmir. Bir tərəfdən atalarının durumu ilə bağlı nigarançılıq, digər tərəfdən külli miqdarda vəsait tələb edən müalicənin xərcləri, eləcə də yaşadıqları mənzilin acınacaqlı vəziyyətdə olması ailəni çətin vəziyyətə salıb. “Qafqazinfo” xəbər verir ki, Musavat.com-un əməkdaşları jurnalist İmdad Əlizadənin ailəsinin düşdüyü bu çətin durumu ictimailəşdirmək üçün onların yaşadıqları mənzilə baş çəkib.

1993-cü ildə Laçın rayonundan qaçqın düşən ailə 22 ildir uşaq bağçasında yaşayır. Köhnə tikilinin birinci mərtəbəsində məskunlaşan 9 nəfərdən ibarət ailənin yaşam şəraiti olduqca çətindir. Binanın zirzəmisi qurunt suları ilə dolduğundan mənzildə rütubət hiss olunur. Rütubətdən evin divarların boyası qopub tökülüb, evin döşəməsi də nəmişlikdən çürüyüb. Ailə üzvləri isə rütubətin yaratdığı revmatizm və allergiya xəstəliklərindən əziyyət çəkirlər.

Jurnalist İmdad Əlizadə deyir ki, evlə və maddi durumları ilə bağlı problemləri olsa da, bu gün onları ən çox narahat edən məsələ atalarının sağlıq durumudur. Bu günə qədər Əli Əliyevin müalicəsinə 76 min manat vəsait xərclənib. Artıq ailənin müalicəni davam etdirməyə, atalarını xəstəxana şəraitində saxlamağa maddi imkanları yoxdur. Lakin mənzil şəraiti normal olmadığı üçün xəstəni evə gətirmək də onun həyatı üçün birbaşa risk təşkil edir: “Fevral ayının 14-də atamı Dərnəgül yolunda maşın vurdu və həmin gündən atam komadadır. Sentyabrın 17-də əməliyyat olundu, lakin vəziyyətində heç bir müsbət dəyişiklik olmayıb. Ümidlə yaşayırıq ki, atamız komadan çıxacaq. Atama ən ağır kəllə-beyin travması diaqnozu qoyulub. Beyninin hər yerində zədə var. Biz əlimizdən gələni edirik, qalanı isə Allahın təqdiridir”.

Problemin digər tərəfi isə müalicənin həddindən artıq baha olmasıdır. Aylardır komada olan Ə.Əliyevin xəstəxanada qalmasının bir günü ailəyə 400-500 manata başa gəlir: “Mərkəzi Klinik Xəstəxanada qaldığı müddətdə biz oraya 68 min manatdan artıq pul ödədik. Bu bizim imkanımız xaricində olan xərclər idi. Sağ olsun, dostlar kömək elədi, xüsusən də bir xeyirxah dostumuz bu məbləğin böyük bir hissəsini üzərinə götürdü. Bu müddətdə çox çətin günlər yaşadıq. Məcbur qalıb atamın ”54 gün erməni mühasirəsində” kitabını yenidən çap edib satışa çıxartdıq, bu kampaniyadan 8 min manatdan çox pul əldə etdik və xəstəxana xərclərini ödədik. Atam 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. 2012-ci ildə o, mühasirə xatirələrini “54 gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Atam və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Bu kampaniyadan gələn vəsaitləri də müalicəyə xərclədik və indi yenə çətin durumdayıq. Bu prosesin nə qədər davam edəcəyini, atamın komada nə qədər qalacağını, ayılıb-ayılmayacağını heç bir həkim bilmir. Bu xəstəlik həm xəstənin özü, həm də yaxınları üçün tibbdə ən ağır vəziyyət hesab olunur. Müalicəyə vəsait tapılmasa mən məcburam ki, atamı xəstəxanadan evə köçürəm. Ancaq bunun çox böyük riskləri var. Atamın tibbi statusu onun evə köçürülməsinə imkan verməsə də, pul tapmasaq buna məcbur olacağıq”.

İmdad Əlizadə deyir ki, normal bir şəraitdə reanimasiya xəstələrinin yaşaması riskli olduğu halda, bu şəraitsiz evə atasının gətirilməsi mümkün deyil. 22 ildir burada yaşayan ailənin başqa ümid yeri də yoxdur: “Uşaq bağçasında yaşayırıq. Binanın zirzəmisi su ilə dolub, divarlardan nəmişlik yağır. Reanimasiya xəstəsinin burada qalması qeyri-mümkündür. Biz indi bu vəziyyətdən çıxış yolu axtarırıq. Bugünkü maddi durmumuz evi təmir etməyə, şəraiti düzəltməyə imkan vermir. Çünki əlimizə gələn bütün pulu, aldığımız maaşı ən zəruri tələbatlarımızı çıxmaqla xəstəxanaya ödəyirik. Atamın komadan ayılmaq şansı var və biz ümidlə bunu gözləyirik. Onun üçün isə xəstəxana şəraitində müalicəsi davam etməlidir. Müalicəsinin davam etməsi üçün isə maddi vəsait lazımdır. Mən dövlət qurumlarına, xeyirxah insanlara, müraciət edirəm ki, bu vəziyyətdən çıxmağımıza yardım etsinlər”.

İmdad Əlizadə onu da vurğuladı ki, qəza törədib atasını bu vəziyyətə salan Seymur Qarayev adlı şəxsdir. O, xəstənin müalicəsinə maddi-mənəvi kömək etməkdən imtina etməklə yanaşı, min bir bəhanə ilə ailəyə pul ödəməkdən yayınır: “Bu günə qədər xərclərin yalnız 3600 manatını Seymur ödəyib, bu, heç xərcin 5 faizi də deyil. O, dəfələrlə vəd versə də, hər dəfə bizi aldadıb və yardım etməyib”.

Qəza ilə bağlı məhkəmə prosesinə gəlincə, İmdad Əlizadə bildirdi ki, atasının vəziyyətinə görə işin istintaqını yekunlaşdırmaq mümkün olmayıb və bu səbəbdən iş məhkəməyə göndərilməyib: “Atam ya sağalmalıdır, ya da Allah göstərməsin digər bir variant olarsa, həkimlər rəy verəcək ki, qəza ölümlə nəticələnib. Hazırda koma vəziyyəti davam etdiyinə görə, yekun rəyi vermək və işi məhkəməyə göndərmək mümkün deyil. İşin istintaqı ilə bağlı bir narazılığımız yoxdur. Avtotexniki ekspertizanın rəyində də yazılıb ki, qəza sürücünün günahı ucbatından baş verib, qəzanın qarşısını almaq üçün imkanı olsa da bundan istifadə etməyib”.

Sonda İmdad Əlizadə atasının yeni çapdan çıxan kitabına ürək sözlərini yazıb bizə bağışlayır. İlk səhifəni müəllif üçün saxlayıb, ikinci səhifədən yazır. Biz də ümid edirik ki, növbəti reportajı Əli Əliyev sağlığına qovuşub evinə döndüyü zaman hazırlayacağıq və o zaman kitabın ilk səhifəsinə onun özünü ürək sözləri yazılacaq…

Bunun üçün isə xeyirxah insanların və aidiyyəti dövlət qurumlarının jurnalistin ailəsinə yardım etməsi vacibdir.

Jurnalistin ailəsinə yardım üçün bank hesabını təqdim edirik. Bank hesabları Əli Əliyevin oğlu İmdad Əlizadənin adına açılıb. Yardımı aşağıdakı hesablar vasitəsilə (həm manatla, həm də xarici valyutalarla) həyata keçirmək mümkündür:

Bank Respublika ASC Yasamal filialı
Kod: 511102
VÖEN: 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
IBAN: AZ94BRES00380194404052957401
Xarici valyutalarla:
AZ88BRES00381184004052957402 (USD)
AZ55BRES00381197804052957403 (EUR)
AZ10BRES00381181004052957404 (RUB)

Qeyd: Yardım kampaniyasında ölkədəki ödəniş terminalları vasitəsilə də iştirak etmək mümkündür. Belə ki, öncə terminalda “Bank xidmətləri”ni, daha sonra “Bank Respublika”nı seçmək və 380194404052957401 hesabına ödəniş etmək olar. Bu zaman tələb edilən şəxsiyyət vəsiqəsi nömrəsi qrafasında 15670795 rəqəmləri yazılmalıdır.

Atası komada olan jurnalistin evindən -  Reportaj
Atası komada olan jurnalistin evindən -  Reportaj
Atası komada olan jurnalistin evindən -  Reportaj
Atası komada olan jurnalistin evindən -  Reportaj
Atası komada olan jurnalistin evindən -  Reportaj
Atası komada olan jurnalistin evindən -  Reportaj
Atası komada olan jurnalistin evindən -  Reportaj

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın