Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Köşə Yazarları / Arayikin evindən mənə pay gətirmişdilər…

Arayikin evindən mənə pay gətirmişdilər…

44 günlük Vətən müharibəsindən sonra kəndimizə gedən qohumum əlidolu geri dönmüşdü. Bu, həmin vaxt idi ki, ermənilər yurdumuzu xaraba qoymuşdular, bircə bina, bircə hasar salamat qalmamışdı. Cəmi üç-dörd ay əvvəl o yerləri işğaldan azad edən igid əsgərlərimiz bayrağımızı asmağa bircə dirək tapmamışdılar… 

Bəs, üç-dörd il əvvələ kimi ermənilərin bayquşlarla birgə yaşadığı doğma kəndimizdən qohumum nə gətirmişdi? 

Düşmən torpağın üstünü xarabaya çevirsə də, torpağın altından xəbərsiz idi. Bir gün geri dönəcəklərinə zərrə qədər də şübhə etməyən həmkəndlilərim xarab olmayan əşya və məhsullarını həyətlərində qazdıqları dayaz quyularda basdırmışdılar. O vaxt yeniyetmə olan qohumum rəhmətlik atası ilə birlikdə həyətlərində gizlətdiyi 10 litr tut arağını 27 il sonra özü ilə Bakıya gətirəndə, anasının çoxdan gülməyən üzünə bir anda günəş doğmuşdu. Mərhum ərinin əmanətinin tapılması arvada qol – qanad vermişdi, qınamayan olsaydı quş kimi uçardı…

Vətən müharibəsindən cəmi bir neçə ay sonra, 2021-ci ilin aprelində jurnalistlərdən ibarət böyük bir heyətlə Cəbrayıla getmişdik. Səfər proqramında nəzərdə tutulmasa da, “köhnə qvardiya”nın ən parlaq imzalarından olan qələm dostum, həmkarım Jalə Mütəllimova ilə birlikdə doğulub boya-başa çatdığım Soltanlı kəndinə getmək fürsətimiz oldu. Başımı xaraba qalmış mülkümüzün yağışdan bozarmış divarlarına söykəyib doyunca ağlayandan sonra üzümü həmkarıma tutdum: “Jalə, evimizə xoş gəlmisən!” 

Bu həmin vaxt idi ki, o, göz yaşlarını güclə boğub məni təsəlli etməyə söz axtarırdı. Mənim isə ürəyim dolu idi: “Bacı, bizim evimiz həmişə qonaqlı – qaralı olub. Bəs indi səni nəyə qonaq edim?” 

Bu vaxt bozarmış daşların arasından bizə tərəf boylanan qanqal gözümə sataşdı. İri bir qanadını təmizləyib həmkarıma uzatdım: “Bu evdən heç kim ac getməyib”.

Bu nə tale idi biz yaşadıq?! Torpağın üstündəki milyonlar erməniyə, torpağın altında gizlətdiyimiz beş-on manatlıq  “sərvət” isə bizə çatdı…

… Dostum, həmkarım Elnur Məmmədlinin dəvəti ilə Yeni ilin ilk günü onun ata yurduna, qoca tarixlə həmyaşıd olan qədim Füzuliyə getdik. Üç gün ərzində yaxşıca gəzib-dolaşdıq, halal süfrələrin bəzəyi olan min bir nemətdən daddıq. Haramıda isə əsl sürprizlə qarşılaşdıq. Ev sahibi şərabla dolu 1 litrlik şüşəni mənə uzadıb belə dedi: “Bunu igid oğullarımızdan biri Arayikin evindən götürüb. Mən isə sizə pay gətirmişəm”. 

Azərbaycan tarixinin ən parlaq dövrlərindən birini yaşayır. İgid şəhidlərimizin, qəhrəman zabit və əsgərlərimizin sayəsində ölkəmizin dörd bir yanında üçrəngli bayrağımız dalğalanır…

İndi torpağın altı da, üstü də bizimdir. İndi torpağın altındakılar da, üstündəkilər də bizimkidir… 

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …