Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / “APA Holdinq”in sonbeşiyi 4 yaşını qeyd edir VİDEOREPORTAJ

“APA Holdinq”in sonbeşiyi 4 yaşını qeyd edir VİDEOREPORTAJ

Mayın 29-da ölkənin ən baxımlı internet televiziyalarından biri olan APA TV-nin efirə başlamasından 4 il ötdü.

Bu münasibətlə “Yeni Müsavat”-ın reportyor qrupu telekanalın qonağı olub, APA TV kollektivi və rəhbərliyi ilə görüşüb.

“APA Holdinq”-in binasında yerləşən televiziyada gərgin iş gedir. Telekanal üçün əlamətdar tarix olsa da, ilk baxışdan ad gün əhval-ruhiyyəsi göz dəymir. Çünki hamı iş başındadır.

Bizi ilk olaraq internet televiziyanın baş direktoru Vüqar Hüseynov qarşılayır. 4 illik efir təcrübəsinin arxasında duran ağır iş prosesindən, çəkdikləri zəhmətdən danışır: “4 il internet televiziya kimi böyük bir layihə üçün o qədər də böyük bir dövr deyil. Ancaq 4 il az bir vaxt da deyil. Ən azından öz imkanlarımızı sınamaq , nəyə nail ola biləcəyimizi, son həddi müəyyənləşdirmək baxımından kifayət qədər uzun dövrdür. 2013-cü il may ayının 9-da biz ilk dəfə 14 saatlıq canlı yayıma başlayanda bu qədər məsafədə nələrə nail olacağımızı bilmək istəyirdik. Bu layihənin müddəti 3 ay da ola bilərdi, 6 ay da ola bilərdi, 10 illiklərə də uzana bilərdi. “APA Holdinq” olaraq əsas hədəfimiz holdinqin görüntülü xəbər yayımı ilə məşğul olan bir layihəsini ərsəyə gətirmək idi. Biz bunu bacardıq. Bu işin arxasında çox böyük bir zəhmət dayanır. O zəhməti bu gün də çəkirik. Televiziya daha böyük kollektiv əmək tələb edir”.

Baş direktorun sözlərinə görə, 14 saatlıq yayımı həyata keçirmək üçün APA TV-də 74 əməkdaş çalışır: “Hazırda xəbər strategiyasını dəyişməyimizlə əlaqədar proqramlarımızın sayı xeyli azalıb. Zamanında bizim həftə ərzində 23 fərqli proqramımız efirə çıxırdı. Amma getdikcə auditoriyanın nəbzini tutaraq bu proqramların sayını azaltdıq, kəmiyyəti keyfiyyətə çevirməyə çalışdıq. Bizim uğurumuzu bir nəfərin uğuru kimi qiymətləndirmək yanlış olardı, bu kollektiv əməyin məhsuludur. Onlayn mediada və ya çap mediasının hazırlanmasında 2 nəfər iştirak edirsə, televiziyada ən azı 8 nəfər iştirak edir. Burada əsas məsələ kollektiv işin nizamlı şəkildə idarə edilməsidir. Bu koordinasiyada bir qədər ləngimələr olsa ümumilikdə televiziyanın işinə mənfi təsir edir. Biz bu tempi tutmağı bacarmışıq. Həftədə 12 fərqli proqramımız, saatbaşı canlı xəbərlərimiz və həftəlik olaraq 84 saat canlı yayımımız var. Gün ərzində 9 xəbər buraxılışı efirə gedir. Auditoriyamız kifayət qədər genişdir. Təxminən 3 ay öncə sosial şəbəkələr üzərindən canlı yayıma başlamışıq və bütün seqmenti “Youtube” üzərinə köçürmüşük, orada da canlı yayım gedir. Artıq auditoriyamızın ölçüsü üçün əlimizdə dəqiq texniki imkanlar var. Bildiyiniz kimi “Youtube”-a müdaxilə etmək mümkün deyil. May ayı ərzində APA TV-nin xəbər və proqramlarına ümumilikdə 11 milyon baxış olub. Auditoriyamız təkcə Azərbaycanla məhdudlaşmır, dünyanın müxtəlif ölkələrindən həmvətənlilərimiz APA TV-ni izləyirlər”.

Daha sonra “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı ötən 4 ildə APA TV-nin onların fəaliyyətinə mühüm yer tutduğunu vurğulayır: “APA TV fəaliyyətə başlayan qədər biz televiziya fəaliyyəti ilə məşğul olmamışdıq. Mən özüm və APA İnformasiya Agentliyində işə başlayanların böyük əksəriyyəti qəzet kökənlidir. Daha sonra biz informasiya agentliyi və portal yaradıcılığı ilə məşğul olmuşduq. Açığını deyim ki, televiziya yaradarkən çox qədər maraqlı və çətin bir dünyaya daxil olduq. Mən bəzən deyirdim ki, bu qədər çətin olduğunu bilsəydim, bu işə başlamazdım. Mən hesab edirəm ki, televiziya yaradıcılığının jurnalistika ilə yanaşı incəsənətə də çox ciddi aidiyyatı var. Televiziyada görüntü və estetika bəzən sözdən və xəbərdən önəmli olur. Çünki televiziyada əsas məsələ göstərməkdir. Televiziya qəzet və saytlardan fərqli olaraq sözün ikinci planda olduğu bir yerdir”.

Vüsalə Mahirqızı qeyd etdi ki, APA TV internet televiziya məkanında adını duyura bildi: “Ciddi şəkildə bir tərəddüd var ki, Azərbaycanda hələ də mərkəzi yayımda olan televiziyalar populyardırlar. İnsanlarımız baxış üçün kompüter monitorundan daha çox televiziya ekranını tərcih edirlər. Ancaq APA TV bu paralelliyi yarada bildi. Bununla bağlı rəylər eşitmək mənim üçün xoşdur”.

Daha sonra APA TV-nin digər əməkdaşları da kameramıza danışaraq, 4 yaş təəssüratlarını bölüşdülər.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın