Şənbə , Aprel 4 2020
Ana səhifə / Köşə Yazarları / Ana-bacı söyüşləri havada uçuşur…

Ana-bacı söyüşləri havada uçuşur…

Əvvəllər məqalələrim böyük rezonans doğururdu; oxucular zəng edib öz təşəkkürlərini bildirir, sosial şəbəkələrdə ünvanıma xoş sözlər yazırdılar. İndi olduğu kimi o vaxt da xalqa üstdən aşağı baxan məmurları, xüsusilə də nazirləri, icra başçılarını sərt tənqid edir, sadə insanların problemlərini işıqlandırırdım. Bəs, zənglərin sırası niyə seyrəlib, xoş sözlərin, komplimentlərin sayı niyə azalıb?

Mən heç vaxt tərif həvəskarı olmamışam. Adamın evini yalançı tərif yıxır. Tərifdən gicəllənib karyerasını məhv edən çox adam görmüşəm. Buna görə də tərifdən çox, tənqidə meylliyəm. İstəyirəm ki, dostlarım məni tənqid etsinlər, səhvlərimi göstərsinlər. Sovet ideoloqlarının təbirincə desək, sağlam tənqid müvəffəqiyyətin rəhnidir.

Dedim axı, yazılarıma, o cümlədən, mətbuatda yazılanlara əvvəlki reaksiya yoxdur. Tutaq ki, mənim qələmim korşalıb. Bəs, Xalid Kazımlı, Hüseynbala Səlimov, Etibar Cəbrayıloğlu, Şərif Ağ kimi usta qələm sahiblərinin yazıları niyə əvvəlki kimi səs-küy yaratmır, müzakirə olunmur? Əvvəllər tez-tez zəng edən, hətta ən zəif yazımı belə güclü sənət əsəri kimi qələmə verən oxucularımdan birinə zəng edib, bunun səbəbiylə maraqlandım. Sonra da mətbuatda gedən məqalələrə niyə əvvəlki qədər çevik reaksiya vermədiklərini soruşdum. Dedi ki, sizin və həmkarlarınızın məqalələrini yenə oxuyuruq, bəyənirik. Amma Məmmədqulu sizdən daha sərt yazır, baltanı dibindən vurur. Aramızda belə bir dialoq baş tutdu:

– Ay Səfər, Məmmədqulu kimdir? Hansı saytda yazır?

– Məmmədqulu saytda yazmır, facebookda yazır…

– Deyə bilərsənmi, Məmmədqulu nə yazır? Hansı problemi bizdən yaxşı işlqlandırır?

– Müəllim, siz tənqid edirsiniz. Amma Məmmədqulu tənqid etmir, təhqir edir. Adamı yıxıb-sürüyür, anasına – bacısına söyür…

Söhbətimizin sonrakı hissəsi maraqlı olmadığı üçün yazıb vaxtınızı almaq istəmirəm. Elə bilirsiniz, Səfər yalan danışır? Əsla! Sosial şəbəkələr söyüş söyən adamlarla dolub-daşır. Ana-bacı söyüşləri havada uçuşur. Saxta profil işlədən adamlar bu ölkənin ziyalısını, jurnalistini, əxlaqlı adamlarını küçə söyüşləriylə təhqir etməkdən çəkinmirlər. Sosial şəbəkələr sürətlə söyüş platformasına çevrilir. Əlli-yüz min üzvü olan qrupların çoxu tam nəzarətsiz fəaliyyət göstərir. Ötən gün səfehin biri yazmışdı ki, mən adamın ölüsünü qəbirdən çölə çıxarıram. İndi nə edək? Biz də onun ölüsünü qəbirdən çıxaraq? Ölünün nə günahı var? Diri dəliysə, ölü buna neyləsin?

Ziyalılar, tanınmış insanlar abırlarına qısılıb durublar. Çünki qaraguruhun xislətinə bələddirlər; bilirlər ki, ağızlarını açan kimi onları söyüb-suvayacaqlar. Hara qədər susaq? Bu söyüşə, qarayaxmaya nə vaxt son qoyulacaq?

Mən sözü cilovlamağın tərəfdarı deyiləm. Amma söyüş söz deyil axı. Söyüş söyən adam mütləq cilovlanmalıdır. Bunun qanuni yolunu, işlək mexanizmini tapmaq lazımdır…

Seymur Verdizadə 

Həmçinin oxuyun

Boğazımızdan yapışan gözəgörünməz düşmən…

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək …