Çərşənbə , İyul 6 2022
Ana səhifə / Köşə Yazarları / Akademik intihar bəyanatı

Akademik intihar bəyanatı

Sabirabadda 9-cu sinif şagirdinin ərə verilməsi xəbəri çıxdı, deyir polis toyun qarşısını almışdır, valideynlərlə maarifləndirici söhbətlər aparılmışdır, bu cür evlənməyin qanuna zidd olması başa salınmışdır. Məktəb müdiriyyəti isə həmin uşağın 8-ci sinifi bitirdikdən sonra məktəbə ayaq basmadığını açıqladı. Yəni, bizlik deyil, məktəbə gəlsə ərə getməyə qoymazdıq.

Çox məntiqli bəraətdir. Bir az üzərində işləsən “elçiliyi, xınayaxdısı, nişan, toy, gəlingördü, yeznəqırdı, qaynanaburdu, bacanaqzırdı, baldızqurdu mərasimləri məktəbin sütunsuz akt salonunda keçirilməyən uşaqların məsuliyyətini daşımırıq” tezisi şəklinə salmaq, bunu məktəblərin darvazasından asmaq olar. Yoxsa kimin danası itir, cumur məktəbin üstünə. Belə olmaz, yoldaşlar. Gəlin imkan verək məktəblərimizdəki gəlinlərə, dərs prosesi, metodiki vəsaitlər, pedaqoji vəsamitlərlə məşğul olsunlar, vətənin yiyəlik hallarını, sifətin qorunması üsullarını yetişməkdə olan nəslə öyrətsinlər. Yetişməkdə olan nəsil budaqdan kal düşürsə, bunun xalqa ziyanı çoxdur.

Lakin, siyasi ekspertlər demişkən, “proseslər göstərir ki” bizdə tək şagirdlər yox, akademiklər də dərd içində boğulur. Bugünlərdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun şikayətnaməsi aydın səmada şimşək kimi çaxdı. Sən demə AMEA-nın hüquqşünası Vaqif müəllimi korrupsiyada suçlayıb, haqqında cinayət işi açıldığını söyləyib. Vaqif müəllim isə qətiyyən yeyintiyə yol vermədiyini, əgər bu ittihamlar davam edərsə… özünü öldürəcəyini açıqlamışdır.

Təbii, gərək biz indən belə ehtiyatlı olaq, akademikləri suçlamayaq. Özlərini öldürsələr, elmimiz batar. Hələ gör biz nə xoşbəxt xalqıq, Ramiz Mehdiyevi min dənə şeydə suçladıq, o isə sağ-salamatdır!

Vaqif müəllim tək kimyagər deyil, şeir də yazır. Poetik qəlbi var. O baxımdan mən şairin intiharına inanıram. Təklif edirəm əgər cinayət işi açılıbsa da, tez bağlansın. Bizi zibilə salmayın, sonra bu günahı min il keçə yuya bilmərik. Vaqif müəllimin şeirlərindən bir-iki bənd verirəm, feyziyab olun:

“Koroğlu tək at belinə atlanın,

Koroğlu tək paşalardan bac alın,

Koroğlu tək haqq-ədalət axtarın,

Belə liderliyə çatın, balalar.

Şamama tək siz ucalın əməklə,

Qızqayıt tək siz qocalın əməklə…”,

“Ey Allahın Rəsulu,

Dualı, həm arzulu,

Səndən dilək dilədi

Vaqif Məhərrəm oğlu”.

İntihar demişkən, bəzən vətəndaşlarımız ölməklə aradan çıxacaqlarını zənn edir, yanılırlar. Deputat Rafael Cəbrayılov vardı, millətin yarısından borc aldı, qaytarmadı, o biri yarısına isə “sizə ev tikib verəcəyəm” deyib pul-paralarını çırpışdırdı. Adam deputat mandatını borc üçün girov qoymaqla parlamentariya tariximizə ismini qızıl hərflə qazmışdı. Axırda mandatını ləğv elədilər, türməyə basdılar, keçən ilin sentyabrında isə elə türmədə koronadan öldü. Bu həftə isə Bakıda məhkəmə Rafael müəllimin işinə baxdı, onu yenidən dələduz elan elədilər.

Bax, inkişaf budur! Ölüb canını qurtara bilməzsən. Dövlətimizin hüquqi səlahiyyətləri o biri dünyaya, Bərzəx aləminə, cənnət və cəhənnəmə qədər uzanır. (Çox adam bilmir, ancaq bu dəqiqə Qıl körpüsünü “Azəravtoyolkörpütuneltikintiyeyinti” şirkətinin 5-ci mexanikləşdirilmiş yol təmiri briqadası remont edir. İnşallah, yaxın vaxtlarda açılış olmalıdır). Ölmüsən, gəl, cavab ver. Bəlkə Rafael müəllim o dünyada bir qəbri üç ölüyə satır? Zəqqum ağaclarının meyvəsini əkişdirir? Bunlar hamısı tərəfimizdən araşdırılır.

Bir nəfər də camaata çoxlu pul atmışdı, sonra maşında özünü yandırmışdı. İndi deyir rəhmətliyi diri şəkildə ələ keçiriblər. Televizor alarkən vəsiqəsini verib, ilişib. İstintaqın sözünə görə, adam ölməsi haqda saxta rəy yaradıb borcdan qurtulmaq fikrindəymiş, yanan maşındakı da eşşək sümükləri imiş.

Mən inanmıram. İstintaqa. Çünki yuxarıda yazdım, bizdə ölüb-dirilmək adi hadisədir. Nəsrullah müəllimin fəaliyyətindən hətta pyes yazılmışdır. İkincisi, Səməndər quşu dəfələrlə yanır, küldən təzədən dirilir. İndi neyləyək, bütün Səməndərləri də saxtakar elan edək? Üçüncüsü, burda açar söz “televizor”dur. Niyə ölmüş adam televizor alanda dirildi, başqa vaxt yox? Çünki bizim telekanallar dirilik çeşməsidir. Ordan axan həqiqətlər möcüzə gücündədir. 

Zamin HACI

Həmçinin oxuyun

Sən demə, hamı pulluymuş, acından ölən bircə o deputatmış…

Şəbədə qoşmaqdan xoşumuz gəlir. Ağzını açan adamı dediyi sözə görə peşman etməyi yaxşı bacarırıq. Bizə …