Cümə , Avqust 7 2020
Ana səhifə / Köşə Yazarları / Adam niyə ölüm hökmünün ləğvinə təəssüflənir

Adam niyə ölüm hökmünün ləğvinə təəssüflənir

Demirik ki, dünyanın başqa yerlərində bu cür dəhşətli cinayətlər baş vermir –yox, hər yerdə var bunlar. Müxtəlif vaxtlarda müxtəlif ölkələrdə uşaqlara qarşı ən dəhşətli cinayətlər baş verib.

Tək bircə detalı – hətta katolik kilsəsinin müxtəlif strukturlarında uşaqlara qarşı seksual cinayətlərin və zorakılığın baş alıb getməsini xatırlatsaq, bunun özü bəs etməzmi?..

Amma bununla belə, Tovuz rayonunda azyaşlı qız uşağına qarşı baş vermiş cinayət adamı dəhşətli dərəcədə sarsıdır. Bəli, cinayət cinayətdir, amma o, uşaqlara qarşı baş verdikdə daha dəhşətli təəssürat yaradır, ona görə ki, canilər onlara qarşı cinayət törədərkən uşaqların məsumluğundan, onların sadəlövhlüyündən və səmimiliyindən istifadə edirlər. Bəlkə elə buna görə bu cür cinayətlər adamı daha çox sarsıdır?..

İş o yerə çatır ki, adam ölüm hökmünün ləğv olunmasına belə təəssüflənir və özündən asılı olmadan uşaqlara qarşı cinayət törədənlərin hansı yolla öldürülməsinin daha effektli olması haqqında düşünməyə başlayırsan. Bəli, nə daha yaxşı olardı: elektrik stulu, asılma və yaxud da ki, güllələnmə?..

Bunu qəddarlığa bir meyl kimi, nə bilim, mazoxizm kimi yozmayın: adam o qədər sarsılır ki, dəhşətə gəlir və məhkəməni, istintaqı gözləmədən xəyalən caniyə cəza kəsir, özü onu cəzalandırmaq istəyir!

Bu arada, əlbəttə ki, ölüm hökmü ilə bağlı fəlsəfi – politoloji diskussiyalar açmazdıq. O səbəbdən ki, onun ləğvinin tərəfdarlarının da ciddi arqumentləri var, özü də çox ciddi arqumentləri.

Birinci arqument budur ki, məhkəmə də səhv edə bilir və ölüm hökmü bu səhvləri düzəltmək üçün yer qoymur. Xatirimdən tamam çıxıb, amma səhv etmirəmsə, Avropa ölkələrindən birində yerli məhkəmələrdən biri bütün iclaslarını bir neçə yüz il bundan əvvəl səhv olaraq edam edilmiş bir çörəkçinin xatirəsini anmaqla açır.

İkincisi, ölüm hökmü nəticəsində bəşəriyyət çox dəyərli şəxslərini itiribdir; vaxtilə İsa peyğəmbərə, Sokrata və digərlərinə qarşı çıxarılmış ölüm hökmləri çox insanları hələ də sarsıdır və ağrıdır…

Amma insanları sarsıdan cinayətlər də azalmır bu dünyada. Birini artıq qeyd etdik – kiçik qızcığazın ölümü həqiqətən dəhşətlidir.

Ən maraqlısı bilirsinizmi nədir? Başqa bir vaxt ənənələrdən, mentalitetdən danışan və bizi guya yad Avropa təsirlərindən “qorumağa” çalışan bəzi insanlarımız belə hallarda nədənsə mentalitetdən, yüksək mənəviyyatdan danışmırlar, halbuki bunlar hamıda olsaydı yəqin belə cinayətlər baş verməzdi – əgər onlar bizdə də baş verirsə, deməli heç də dünyanın “ən kamil cəmiyyəti” deyilik.

Həm də, bilirsinizmi, insanlar sosial varlıq olduqları qədər də bioloji varlıqdırlar. Əlbəttə, insanlar da təkamülə məruz qalır, dəyişirlər və illər keçdikcə dəyişməkdə davam edəcəklər.

Amma bir maraqlı detal var. “Nəsimi” filmində hürufi müridlərdən biri – Yusif Nəsimiyə deyir: “Hamının kamil olması, kamilləşməsi üçün min illər lazımdır. Yoxsa min il yaşamaq fikrin var?”. Bəli, həqiqətən də bu elədir ki, var; hamının kamilləşməsi üçün, daha doğrusu, nisbətən kamil hala gəlməsi üçün min illər lazımdır…

Əlbəttə, bunu belə başa düşmək lazım deyil ki, biz ölüm hökmünün bərpasını istəyirik. Yox, əsla. Sadəcə, Tovuzda qətlə yetirilən balaca qız balamızın ölümü yaman sarsıdıbdır bizi.

Həm də bilirsinizmi daha niyə görə? Bir-iki il bundan əvvəl bir azyaşlı qız balamız erməni gülləsilə qətlə yetirilmişdi və hamımız bu hadisədən dəhşətli dərəcədə, yamanca sarsılmışdıq və bir neçə ay vəhşi erməniləri lənətləmişdik!

Amma indi nə baş verir? Kiçik bir Azərbaycan kəndində, bəli, az qala, hamının qohum olduğu və ən azı biri-birini çox yaxşı tanıdığı bir kənddə on yaşlı qız uşağı xüsusi vəhşiliklə qətlə yetirilir! İndi nə deyəyin buna? Yenə erməniləri söyəkmi?..

Əlbəttə ki, cani gec-tez tapılacaq – buna qəti əmin idik və artıq dünən axşam xəbər verildi ki, cinayətkar tapılıbdır. Amma bu, kiçik qızcığazı həyata qaytaracaqmı?

Üstəlik, caniyə veriləcək ən ağır hökm belə törədilən cəzaya adekvat olacaqmı? Çətin suallardır, cinayətin və cəzanın fəlsəfəsilə bağlı yüz illərdir ki, çözülüb qurtara bilməyən çətin bir sualdır. Həyatın, inkişafın bir cəhəti də budur ki, suallar azalır və bu sualların əvəzinə yeni suallar gəlir. Amma bir məqam var ki, həyat, bəli, həyat çox unikal hadisədir, o qədər unikaldır ki, onun dəyərini, ona qarşı qəsdə adekvat ola biləcək cəzanı tapmaq həmişə çətin olacaq…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Rusiya bölgədə böyük savaşa imkan verərmi?..

İnanın ki, biz qəti olaraq televizionçularımızı məyus etmək istəmirik, çünki bu sətirlərin müəllifinin də ən …