Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Köşə Yazarları / ABŞ və Avropa Ukraynanı tək buraxa bilərmi?..

ABŞ və Avropa Ukraynanı tək buraxa bilərmi?..

Bəzən adama elə gəlir ki, sanki insanlar bunu istəyirlər – elə bil çoxu arzusundadır ki, Qərb Ukraynanı savaşda tək buraxsın və Rusiya da onu “hop!” deyib nəhayət ki, tamam udsun! 

Axı insanlar bunu niyə istəməlidirlər? Əvvəlcə onu deyim ki, söhbət heç də hamıdan yox, bəzilərindən gedir. 

O ki qaldı bəzilərinin bunu niyə görə istəməsinə, səbəblər çoxdur. Elələri var ki, ABŞ-dan və Avropadan bir növ məyus olublar, Qərb onların ümidlərini doğrultmayıb, onlar vaxtilə Qərbə çox inansalar da, sonradan məyus olublar. Ona görə də onlarda ABŞ və Avropa haqqında neqativ fikir formalaşıb. Odur, çox istəyirlər ki, bu fikir bir daha təsdiq olsun, hamı da görsün ki, onlar heç də səhv etmirlər və “Qərbə bel bağlamaq olmaz” deməkdə tamam-kamal haqlıdırlar…

Elələri də var ki, öz ölkələri onların ümidlərini doğrultmayıb, bir vaxt Qərbə can atan ölkələrin sırasında olsalar da sonradan siyasi küləklər onları tamam başqa səmtə yönəldibdi. Belələri üçün ABŞ və Avropa bir növ nakam, baş tutmamış məhəbbətə çevrilibdi. Elə bu səbəbdən də çox istəyirlər digər ölkələr, necə deyərlər, Qərbə qovuşa bilmiş və yaxud da qovuşmaq istəyən bəxtəvər ölkələr – Baltik respublikaları, Gürcüstan, Moldova və Ukrayna da bir şey əldə edə bilməsinlər, peşiman olsunlar, hamı başa düşsün ki, Qərbə can atmağın elə bir faydası yoxdur, bu yolda məhrumiyyətlərə qatlaşmağa qətiyyən dəyməz…

Ona görə də bu qəbildən olan təhlilçilər elə ilk fürsətdə haray-həşir salırlar ki, bəs ABŞ və Avropa Ukraynanı tək buraxdı, Kiyev möhkəmcə silah və maliyyə qıtlığı yaşayır! Nə demək olardı bu xüsusda?

Əlbəttə, müəyyən çətinliklər var bu məsələdə. Amma müəyyən obyektiv məqamlar da var. 

Birincisi, demokratik ölkələrdə qərarlar ən yaxşı halda ləng qəbul olunur, burada hər şey bir adamdan asılı deyil ki, bir anın içində, bir imza ilə hər şey həll olunsun. ABŞ və Avropa Ukraynaya çox böyük yardım göstərmək (səhv etmirəmsə, 60 milyard dollar!) istəyirlər. Bir daha deyirik ki, bu elə də asan məsələ deyil, Konqres prosesi ləngidir. Həm də ABŞ-da seçki ilidir. İnsanların rəyini nəzərə almamaq olmur. Üstəgəl, onların heç də hamısı Ukraynanın yanında olmağın tərəfdarı deyil. Elə Avropada da qərarlar xorla qəbul olunmur – buranın da öz çətinlikləri var, bir Viktor Orban Ukrayna üçün nə qədər problem yarada bilir!..

Bəs prosesin sonu necə olacaqdır? Müharibə müəyyən çətinliklərlə ən azı daha bir il, ABŞ-da seçki bitənə qədər davam edəcək. Sonra hər şey seçkinin nəticələrindən asılı olacaq. Demokratlar seçkidə qalib gəlsə, bu qələbə həm də onlar üçün Ukraynada müharibəni davam etdirmək üçün bir kart-blanş olacaq. Yox, məsələn, Donald Tramp seçkini udarsa, onda çox böyük dəyişikliklər olacaq, vəziyyət ümumilikdə Rusiyanın xeyrinə dəyişəcəkdir…

Burada bir detal da var. Bir vaxt amerikalılar Baltik respublikalarını SSRİ-nin tərkibində qəbul etməmişdilər. Amma bu respublikalar neçə illər SSRİ-nin tərkibində qalmalı oldu. Fəqət, Vaşinqtonun bu xüsusda mövqeyi dəyişmədi. Yenidənqurma vaxtı Ağ Ev ilk növbədə Baltikyanı respublikaların azad olmasını tələb etdi. İndi Ukrayna ilə bağlı da çox şey ola bilər, bu ölkə müharibəni uduza, hətta parçalana da bilər. Amma böyük hesabla, bəzi istisnalar nəzərə alınmasa (yenə də Tramp!), ABŞ nəinki bütün Ukraynanı, hətta Kırımı da Rusiyanın tərkib hissəsi kimi tanımaz və ümid edirik ki, Kreml növbəti dəfə çökəndə amerikalılar ilk növbədə Ukraynanın azad olmasını tələb edəcəklər. Hər halda, buna çox ümidliyik, çünki tarixdə bir dəfə analoji hal olubdur – Baltik ölkələrini SSRİ-nin tərkib hissəsi kimi tanımadılar və on illərdən sonra olsa da bu ölklər azad oldu və hətta Qərbə inteqrasiya etdi…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …