Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / AMİP Milli Mətbuatımızı təbrik etdi

AMİP Milli Mətbuatımızı təbrik etdi

AMİP Milli Mətbuatımızın yaranmasının növbəti ildönümü münsibəti ilə mətbuat nümayəndələrini təbrik edib. “Millət”ə daxil olan həmin təbrikdə deyilir:

“22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşr edilməsi ilə əsası qoyulan Azərbaycan mətbuatı çox keçməkeşli inkişaf tarixi keçmişdir. Yarandığı gündən çox ciddi maneələrlə üzləşsə də, milli mətbuatımız xalqın maarifləndirilməsi, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atmışdır.

Qarşısına xalqımızın cəhalətdən, xurafatdan və gerilikdən çıxaraq elmli, mədəni, geniş dünyagörüşlü olmasına yardımçı olmaq məqsədi qoyan “Əkinçi” qəzetinin ömrü uzun sürməsə də, Zərdabi ənənəsi mətbuatımızda özünə möhkəm yer tutmuşdur. Bunun nəticəsi idi ki, milli mətbuatımız Rusiya imperiyasından xilas olmaqla müstəqilliyini qazanan, Şərqdə və İslam dünyasında ilk olan Azərbaycan Demokratik Cümhuriyyətinin ruporuna çevrilmişdi. Həmin dövrdə işiq üzü görən onlarla mətbu orqan fikir plüralizminin və fərqli ideologiyaların formalaşmasında müstəsna rol oynamışdı.

Azərbaycanın yenidən müstəqilliyə qovuşması dönəmini isə mətbuatımızın ən parlaq dövrü hesab etmək olar. Senzuranın, siyasi təzyiqlərin, məhdudiyyətlərin və məhrumiyyətlərin mövcudluğuna baxmayaraq, mətbuatımız Milli Azadlıq Hərəkatının və paralel olaraq milli ideologiyamızın təbliğat maşınına çevrildi. İnsanların istək və arzularına, demokratik düşüncə tərzinə geniş yer verməklə Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun olaraq cəmiyyətin nəbzi ilə vurmağa başladı. Bununla da yeni və müstəqil Azərbaycan mətbuatı formalaşmağa başladı.

Bu gün cəmiyyətin inkişafında medianın xüsusi yeri vardır. İndi Azərbaycanda minlərlə qəzet və jurnal nəşr olunur, elektron KİV-lərin mövqeyi getdikcə möhkəmlənir. Amma dəyişən təkcə bunlar deyil, cəmiyyətin tələbatı da dəyişir. Bu tələbata cavab vermək üçün isə jurnalistlər çox çətin maddi, sosial, iqtisadi və siyasi maneələri dəf etmək məcburiyyətindədirlər. Təəssüflər olsun ki, Azərbaycan mətbuatının siyasiləşməsi və qütbləşməsi bir çox hallarda obyektivliyə və tərəfsizliyə əngəl törədir. Son dövrlər mətbuata edilən dövlət dəstəyi müsbət qiymətləndirilsə də, hələ də müəyyən qədər ayrı-seçkiliyin qalması ciddi problem hesab olunmalıdır.

Bununla yanaşı sevindirici haldır ki, milli mətbuatımız heç bir maneəyə baxmadan əsl fədakarlıqlar göstərərək, dövlətçiliyimizin qorunmasında, demokratik dəyərlərin inkişafında, milli-mənəvi dəyərlərin əxz edilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirməkdədir. Unutmamalıyıq ki, Azərbaycan jurnalistinin qələmindən çıxan hər bir yazı çağdaş tariximiz, mənəvi dəyərimiz və yaddaşımızdır. Bu bayram günündə azad sözün, müstəqil fikrin ölkəmizdə inkişafı üçün həyatlarını risqə ataraq, heç nədən çəkinmədən peşəsinə vicdanla yanaşan jurnalistlərə dərin ehtiramımızı bildiririk!

Dəyərli KİV nümayəndələri

Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, sizlərə ən səmimi arzularımızı ifadə etməklə bahəm, Vətən, Millət və Ali dəyərlər uğrunda şərəfli peşənizdə bundan sonra da uğurlar diləyirik.

Qələminiz iti, sözünüz qüdrətli və kəsərli olsun!”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın