Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Köşə Yazarları / 30 il əvvəl Laçın – Qradın vahiməli səsi və ədalı foto

30 il əvvəl Laçın – Qradın vahiməli səsi və ədalı foto

Biz Laçından çıxanda 6 yaşım var idi…

Müharibə fəal fazasına keçməmiş Ermənistan sərhədində rus əsgərləri qalırdı, bir dəfə onlardan birini öz əsgər yoldaşları döymüşdü, o da qaçıb bizim kənddə – Güləbirddə gizlənmişdi. Komandiri arxasınca gəlib, səsgücləndiricilərlə “Валери, не бойся, я твой командир” – deyib, onu dilə tutdu, tapıb apardı…Onda ilk dəfə BTR, ümumiyyətlə hərbi texnika və ümumiyyətlə, silah görürdüm…

Amma sonra silah səsi də, özü də adiləşdi… Müharibə uşaqları hər gün atalarının, əmi, dayılarının əlində avtomat görməyə başladı.

…İndiyə kimi ermənilərin artilleriya atəşlərinə görə qadın və uşaqların kəndin yuxarı hissəsində mağaralara yığılmağını, qradın vahiməli səsini… bir də avqustun 27-ni: Əmim Gəray Məmmədovun şəhid olduğu günü unuda bilmirəm. Uşaqlar itkiləri dumanlı qavrayır… Ancaq zaman keçir, o igid oğlanların heç bir təmənna gözləmədən, gecə-gündüz hansı amallar uğrunda necə qəhrəmanlıqlar etdiyini anlayanda insanı sonsuz fəxarət hissi ağuşuna alır (G.Məmmədov Prezident İlham Əliyevin 2010-cu il tarixli Sərəncamı ilə “İgidliyə görə medalı” təltif edilib).

Gəray Məmmədov, ruhun şad olsun! Uğruna döyüşdüyün torpaqlar bu gün azaddır! Laçının sənin anım günün ərəfəsində azad edilməsi bizim üçün həm də rəmzi mənası var!
***

“Sizin tarixin hər hansı bir dövründə doğulmağı seçmək imkanınız olsaydı, yəqin ki, indini seçərdiniz” – Barak Obama Amerikan gənclərə müraciətində deyirdi bu sözləri. Eynən biz də – seçim barədə düşünməli olsaq, tərəddüdsüz, bugünkü qalib Azərbaycanın vətəndaşı olmağı seçərdik.

… tarixi günlərin içərisindəyik. Bu tarixi də, yeni reallıqları da Ali Baş Komandan İlham Əliyev və onun güclü ordusu yaradır.

… 30 il qabaq Laçında – Güləbirddə çəkilib bu foto. İndi qalib Azərbaycan Ordusunun sayəsində dədə-baba torpaqlarımıza qayıdıb, yenidən belə əda ilə fotolar çəkdirə bilərik.

İndi köhnə fotolar da sevinir, onlar da evlərinə qayıtmağa hazırlaşır…

Laçınımız, qayıdışımız mübarək!

Vüsal Məmmədov

Həmçinin oxuyun

Camaat icra başçısının üzünü o qədər nadir görür ki…

Bu gün qəzetə yazı yazmışam, istəyirəm bunu oxuculara xəbər verim. Təndirxanada çörək bişiriblər. Avtobus camaatı …