Şənbə , Dekabr 10 2022
Ana səhifə / Köşə Yazarları / Əxlaqsızlığa meyilliliyin tarixi kökləri…

Əxlaqsızlığa meyilliliyin tarixi kökləri…

Azadlığın əxlaqsızlıqla assosiasiya olunmasının tarixi kökləri var. Kişilər həmişə gücü təmsil edən hökmdarlara baxaraq özlərinə çəki-düzən veriblər. Güc əldə etmək tarixin bütün dövrlərində mövcud əxlaqın fövqünə qalxmaq azadlığı kimi özünü göstərib. Güc əldə edən peyğəmbərlərin ilk işi mövcud əxlaqın fövqünə qalxmaq olub. Güc ilk növbədə siyasəti əxlaqdan ayırıb. Güc, azadlığı həmişə əxlaqın üstündə görüb. Hər bir kişinin içində gizli bir Kaliqula var. Hökmdarlar buna görə kişilər üçün azadlıq idealı olublar.Tarixin bütün dövrlərində qadın fahişəyə baxaraq geyinib, bəzənib-düzənib. Başını örtən ilk qadınlar “məbəd fahişələri” idilər. İlk pariklər, ilk rəngli dırnaqlar, ilk tüksüz ayaqlar və s. fahişələrin, yəni mövcud əxlaqın fövqünə qalxmış qadınların icadları idi. Qadın üçün fahişə obrazı özündən daha azad olan qadını ifadə edir. Hər bir qadının da içində gizli bir Messalina var.
Uşaqlar həmişə ən pozğun həmyaşıdlarının saç düzümlərinə, qeyri-adi geyimlərinə, qaydaları pozan davranışlarına yiyələnmək istəyiblər.

Qadınlar həmişə öz ərlərinin hərəmxanaya can atan “hökmdar azadlığını” cilovlamağa çalışıblar. Kişilər həmişə öz arvadlarını “fahişə azadlığı”dan gizləmək üçün qaydalar uydurublar. Valideynlər həmişə öz uşaqlarını dostlarının “pozğun azadlıqlarından” qoruyublar.
Azadlıq etik deyil, estetik anlayışdır. İnsanlar özlərindən daha azad bildikləri həmcinslərinin estetik kimliklərinə can atdıqları kimi, cəmiyyətlər də özlərindən daha azad bildikləri cəmiyyətlərin estetik özəlliklərinə can atırlar. O cəmiyyətlərə ki, vaxtında mövcud əxlaqi dəyərlərinin fövqünə qalxıblar. Azadlıq estetik effekt doğrub həmişə, yaxud estetik effektlər gec-tez azadlıqla nəticələnib. Məsələn, avropalılar mövcud burjua etikasını, burjua əxlaqını modern estetikanın cəsarəti sayəsində aşdılar. Məsələn, söz və fikir yalnız Orta əsrlərin mədhiyyə etikasını estetik hücumlarla yenərək “söz və fikir azadlığı” əldə etdi. Mane, Bodler, Flober və s. cəmiyyətlərinin burjua etikasına estetik həmlələr etdilər. Avropa insanın azadlığı bu estetik yenilənmənin nəticəsidir.

Azərbaycan insanı azadlığı mövcud etikanın, mövcud əxlaqın sərhədləri daxilində istəyir. Azərbaycan oxucusu öz yazıçısından həm mədhiyyə etikasına sadiqlik tələb edir, həm də ondan modern roman gözləyir. Bu isə sadəcə mümkün deyil. Çünki mövcud etikanın, mövcud əxlaqın sərhədləri daxilində bütün azadlıqlar özbaşınalıq, əxlaqsızlıq kimi dəyərləndirilməyə və təzahür etməyə məhkumdur.
Hansı cəmiyyətin insanı olur-olsun, həm mövcud etikanı qorumaq, həm də azadlıq istəmək onu iki şələnin arasında girinc qalan Buridan eşşəyinə çevirir. Eşşəyin də estetika anlayışı anqırmaqdır, azadlıq anlayışı ağnamaq.

Aqşin Yenisey

Həmçinin oxuyun

Şəhid adıyla trolluq edənlər

Troll sözünün mənşəyi ilə bu gün ifadə etdiyi məna arasında böyük fərq var. Trol Skandinaviya …