Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Köşə Yazarları / Əxlaqımız İmam Hüseyn əxlaqına nə qədər yaxındır?

Əxlaqımız İmam Hüseyn əxlaqına nə qədər yaxındır?

İmam Hüseyn özünün müqəddəs şəhadəti ilə bəşəriyyət üçün əbədi olaraq böyük bir mənəvi miras qoydu: haqla batil üz-üzə duranda canı bahasına olsun belə haqqı müdafiə etmək əxlaqı. Ədalətli olmaq, başqalarının haqqına girməmək, haqq doğma qardaşının əleyhinə olsa belə daim haqqı müdafiə etmək, batilin sayca çox və hədsiz dərəcədə güclü olmasından çəkinməmək bu əxlaqın əsasını təşkil edir.

Bu gözəl əxlaqa sahib olmaq üçün insan ilk növbədə haqqı batildən ayıra bilməlidir. Hamı oxuyub üləma ola bilməz, əgər insan öz nəfsini tərbiyə edib öz qəlbini saflaşdırarsa onda gərək ki, inşAllah Allah ona fitrətən haqqı və batili bir birindən ayırmaq qabiliyyəti nəsib edər. Yox əgər qəlbi saf deyilsə, onda dünyanın tanınmış alimi də olsa onun haqla batili bir birindən ayırması çətin məsələdir. Əxlaqımızın İmam Hüseyn əxlaqına yaxın olub olmamasını bilməyimiz üçün özümüzə bəzi sualları verməyimiz lazım: gündəlik həyatımızda məsələlərə münasibətdə mövqeyimiz necə olur? Haqqın yanında durub onu müdafiə edirik, yoxsa maraqlarımızdan çıxış edib batilin tərəfini tuturuq? Bizdə haqqı müdafiə etmək cürəti varmı? Şərə məruz qalanın dərdinə şərik olub ona dəstək dura bilirikmi? Haqla batil üz-üzə duranda fikirləşmədən haqqı müdafiə edirik, yoxsa, əşi nəyimə lazımdır, haqqı müdafiə eləsəm filankəs məndən inciyər, o güclüdür, böyük imkan və səlahiyyət sahibidir, ona işim düşər, ətrafı geniş və güclüdür fikirləşib susmağa, daha pis halda isə haqsızın yanında dururuq? Düşüncəmiz, iman və inamımız varmı ki, haqqı Allah xatirinə müdafiə edərlər, daha fikirləşməzlər əşi sabah tərəflər yenə bir yerdə olacaq, əməkdaşlıq edəcək ara yerdə mən özümü niyə pis edim. İmam Hüseyn üçün yas saxlayırıq, onun üçün ağlayırıq. Bunu təkcə ona görəmi edirik, İmam Hüseyn Peyğəmbərimizin nəvəsidir, məsumlarımızdan biridir, yoxsa həm də İmam Hüseynin şücayətinin, haqsızlığa qarşı canı ilə cihadının nə qədər böyük olduğunu başa düşüb edirik? Başa düşürükmü ki, İmam Hüseyn üçün ən böyük əzadarlıq ziyanımıza olsa belə daim haqqı müdafiə eləməyimizdir? İmam Hüseyn haqqı canı bahasına müdafiə elədi, biz haqqı maddi marağımız, nüfuzumuz, rahat yaşayışımız bahasına müdafiə edə bilirikmi? Bilmiriksə İmam Hüseyn zamanında yaşasaydıq İmam Hüseynin yanında olardıq, yoxsa lənətlədiyimiz yezidin? Yaxud indiki yaşayış əxlaqımızla daha çox İmam Hüseynə yaxınıq yoxsa yezidə? Əməllərimizlə İmam Hüseynə yaxın deyiliksə, İmam Hüseyn üçün göz yaşı tökməyimizin və ehsan verməyimizin bir mənası varmı? Bəlkə özümüzə sual edək: sonuncu dəfə haqla batilin üz-üzə gəldiyini görəndə bizim mövqeyimiz necə oldu? İmam Hüseyn əxlaqı tərzində davrandıq, yoxsa yezid hiyləgərliyi nümayiş etdirdik?

Firdovsi Şahbazov, iqtisad üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Camaat icra başçısının üzünü o qədər nadir görür ki…

Bu gün qəzetə yazı yazmışam, istəyirəm bunu oxuculara xəbər verim. Təndirxanada çörək bişiriblər. Avtobus camaatı …