Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşov Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb – FOTO

Əflatun Amaşov Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb – FOTO

Gürcüstanda səfərdə olan Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlmanentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov bu gün azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartl bölgəsinin qubernatoru Paata Xizanaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə qubernatorun azərbaycanlı və gürcü müavinləri olan Ramin İsmayılov, Kaxaber Quqeşaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov iştirak edib. Əflatun Amaşov görüşdə Azərbaycan-Gürcüstan münasibətlərindən söhbət açıb. Azərbaycan-Gürcüstan Dostluq Qrupunun rəhbəri görüşdə Azərbaycan ilə Gürcüstanın əsrlərlə davam edən və inkişaf edən dost və qardaş ölkələr olduğunu diqqətə çatdırıb: “Azərbaycan və Gürcüstanın dostluğu qədim köklərə əsaslanıb . Azərbaycan və Gürcüstan strateji baxımdan hərtərəfli tərəfdaş ölkələrdir. Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və Gürcüstanda stabilliyin tərəfdarıdır.”

Ə. Amaşov qubernator ilə görüşündə soydaşlarımızın yaşadığı rayonlarda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, Azərbaycan dili və ədəbiyyatı fənninin tədris olunmaması haqqında fikir mübadiləsi apardığını qeyd edib. O, qubernator P. Xizanaşviliyə soydaşlarımızın təhsil aldığı məktəblərdə belə məzmunlu problemlərin yaranmasının gələcəkdə narahatlıq doğuracağını deyib. Ə. Amaşov qubernatorla söhbət zamanı sovetlər dönəmində Tiflisdə A. S. Puşkin adına Pedaqoji İnstitut fəaliyyət göstərdiyini və bu ali məktəbdə Azərbaycandilli məktəblər üçün kadrlar hazırlandığını xatırladıb. O, təəssüf edib ki, indi Gürcüstanın heç bir ali məktəbində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim kadrı hazırlanmır. Görüşdə bu problem ilə bağlı fikir mübadiləsi aparılıb və həlli yollarının vacibliyi vurğulanıb.

Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili görüşdə Azərbaycanın Milli Məclisinin üzvü Əflatun Amaşovun bölgəyə səfərini yüksək qiymətləndirib və çıxışında Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib. Qubernator Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran bir dövlət olduğunu vurğulayıb: “Azərbaycan ilə Gürcüstanın arasında iqtisadi baxımından çox böyük əməkdaşlıq var. Biz həm siyasi, həm iqtisadi sahələrdə birgə fəaliyyət göstərən ölkələrik. Gürcüstan həmişə beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini dəstəkləyib. Biz Azərbaycan ilə əlaqələrimizi daha da möhkəmlətmək istəyirik. Bu, yalnız iqtisadi sahədə deyil, həm də mədəniyyət və idman sahəsində də aiddir.,” qubernator bildirib.

Qubernator Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov ilə görüşdə Azərbaycandilli məktəblərdə problemlər və onların həll olunmasına çalışacaqlarına söz verib. Ə. Amaşov görüşdə ölkələrarası deputat qrupları arasında birgə görüşlər keçirməyin vacibliyini vurğulayıb: “Biz gələcəkdə Gürcüstan parlamentinin deputat qrupları ilə birgə görüşlər və məqsədyönlü tədbirlər keçirməyi düşünürük. Belə tədbirlər mənim fəaliyyətimdə ön sırada durur”. Ə. Amaşov səfər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə də görüşüb söhbət apardığını qeyd edib. O, gələcəkdə belə görüşlərin mütəmadi şəkildə təşkil olunacağını vurğulayıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın