Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşov “Hərbi vəziyyət haqqında qanun”dan danışdı

Əflatun Amaşov “Hərbi vəziyyət haqqında qanun”dan danışdı

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əflatun Amaşov «Hərbi vəziyyət haqqında» Qanun layihəsi ilə bağlı çıxış edib. Azinforum.az deputatın facebook səhifəsində paylaşılan çıxışının mətnini təqdim edir.

**
«Hərbi vəziyyət haqqında» Qanun layihəsi aktualdır. Sənəd beynəlxalq təcrübəyə əsaslanır. Hiss olunur ki, üzərində kifayət qədər işlənilib. Dili də sadə və anlaşıqlıdır. Ölkəmiz müharibə şəraitindədir, hər an hərbi əməliyyatlar aktivləşə bilər. Müharibə şəraitində hüquq və vəzifələri müəyyənləşdirən belə bir qanunun olması son dərəcə vacibdir.

Ancaq layihə ilə bağlı toxunmaq istədiyim iki məsələ var. Deyəcəklərim 1 və 10-cu maddələrlə bağlı olduğundan fikirlərimi bir yerdə ifadə etmək istərdim.

İlk növbədə «hərbi senzura» anlayışı üzərində dayanacam. Bildiyiniz kimi, Azərbaycanda tarix boyu, yəni ilk qəzetimiz olan “Əkinçi” nəşrə başladığı dövrdən senzura mövcud olub. Yalnız Ümumilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli fərmanı ilə hər cür senzura qadağan edildi. Həmin fərmanın imzalanması son dərəcə qətiyyətli və prinsipial addım idi. Senzuranın olmaması həm də ölkə üçün beynəlxalq nüfuz məsələsidir. Ulu Öndər bunu da nəzərə almışdı. Buna görə də biz bu gün yalnız ifadə baxımından olsa da, məsələyə həssas yanaşmalıyıq.

«Kütləvi informasiya vasitələri haqqında» Qanunun 7-ci maddəsində də birmənalı şəkildə senzuranın yolverilməzliyi diqqətə çatdırılır. Qanunda o da bildirilir ki, KİV-lərin hüquqları qanunvericilikdə göstərilən hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

«Hərbi vəziyyət haqqında» qanun layihəsində isə məhz qanunvericilikdə göstərilən istisna halları nəzərə alınıb. Bu, son dərəcə vacib məqamdır. Yəni qanunun ruhu əslində həmin istisnaları müharibə şəraitinə uyğun formada diqqətə çatdırmaqdır. Bu hal 10-cu maddənin 10.1.22, 10.1.23 və 10.1.24 bəndləri ilə bağlıdır.

Hərbi münaqişələr dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətində müəyyən məhdudlaşmaların olması labüddür. Bu, heç də söz və ifadə azadlığının pozulması deyildir. Dünyanın bir çox demokratik ölkələrində daha ciddi məhdudlaşdırmalar tətbiq olunur. Ancaq senzura ifadəsi işlədilmir. Doğrudan da son illərdə dünya təcrübəsində qanunvericilikdə yer alan ifadələrin, terminlərin liberallaşdırılması, kəskinliyinin azalması, yumşaldılması meylləri hiss olunmaqdadır. Bir müddət bundan əvvəl Avropa Mətbuat Şuralarının Stokqolmda keçirilən illik toplantısında mən də iştirak edirdim. Qərara alındı ki, bu sahədə əməli addımlar atmaq məqsədi ilə əlaqədar beynəlxalq təşkilatlara və Avropa Şurasına üzv olan ölkələrə müvafiq tövsiyələr edilsin.

Əlbətt, müzakirə etdiyimiz qanun layihəsindəki «hərbi senzura» anlayışının da hərbi vəziyyət baxımından adekvat tədbirləri nəzərdə tutduğunu düşünürəm. Ancaq senzura sırf ifadə baxımından qıcıq yaratmazmı? O sözün hər hansı formadasa qarşılığını tapmağımız yaxşı olmazmı?

Birinci təklifim bundan ibarətdir ki, “Hərbi senzura” anlayışını “hərbi məqsədli məhdudlaşdırmalar” və ya “hərbi məqsədli qadağalar” ifadəsi ilə əvəz edək və orada KİV-lə bağlı məqamlar da ehtiva edilsin.

Növbəti təklifim 10-cu maddə ilə bağlıdır. Bu maddədə KİV-lərin fəaliyyətinin tənzimlənməsi məsələsinə ümumi yanaşılır. Halbuki məhkəmələrin, ombudsmanın və prokurorluq orqanlarının fəaliyyətinin tənzimlənməsi ayrıca maddələrdə əksini tapır. Təklifim budur ki, KİV-lə bağlı da eyni mexanizm seçilsin. Yəni KİV-lərin fəaliyyətinin tənzimlənməsi ayrıca maddədə göstərilsin. Buna ehtiyac var. Əvvəla media sahəsi kifayət qədər spesifikdir və dinamikdir. Qanun buna adekvat olmalıdır. Həm də söhbət KİV-in fəaliyyətinin hansısa formada məhdudlaşdırılmasından gedirsə, məsələ qanunda ciddi şəkildə əsaslandırılmalıdır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın