Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / İqtisadiyyat / Yenil il öncəsi bazarlarda qiymətlər necədir? (FOTOLAR)

Yenil il öncəsi bazarlarda qiymətlər necədir? (FOTOLAR)

Yeni ilin gəlişinə gerisayım başladığı bir vaxtda bazarlarda da canlanma yaşanmaqdadır. Bu günü fərqli şəkildə qeyd etməyə çalışan insanlar bayram bazarlığına tələsirlər. Tələbatın artması qiymətlərə müəyyən qədər təsir göstərsə də, kəskin bahalaşma nəzərə çarpmır.
Qiymətlərlə  son durumu öyrənmək üçün musavat.com-un müxbiri  “8-ci kilometr bazarı”na baş çəkib.Bazarda ilk baxışdan qələbəlik nəzərə çarpır, alıcı sayı əvvəlki günlərlə müqayisədə daha çoxdur. Bu durumun əsas səbəbi isə Yeni il bayramına hazırlıqdır. Alıcılar hər nə qədər bayram bazarlığını öncədən etməyə çalışsalar da, son günə qalanların da sayı az deyil.
Alıcılar deyir ki, həmişə bayram ərəfəsində qiymətlər artdığından bazarlığı öncədən etməyə çalışırlar. Lakin bu il öncəki illərdən fərqli olaraq hər qiymətdə məhsula rast gəlmək mümkündür: “Hər il bayrama 1-2 gün qalmış bahalaşma olu. Əsasən meyvə və quru meyvələr bahalaşır. O səbəbdən də çalışırıq bayram bazarlığını çox gecikdirməyək. Misal üçün, hazırda bazarda normal alma 2 manatdan başlayır. Halbuki adi günlərdə 1-1.50 qəpiyə alırdıq. Armudun, portağalın, quru meyvələrdən fındığın və qozun ləpəsində bahalaşma hiss edirik. Təbii ki, bunu satıcılar bilərəkdən bahalaşdırırlar. Bilirlər ki, əhali bayram günündə qiymətə elə də diqqət etməyəcək. Bir sözlə fürsətdən istifadə edənlər çoxdur”.
Bazarda apardığımız müşahidə zamanı bir sıra neqativ məqamların da şahidi olduq. Məhsulların qiymətini göstərən kiçik lövhələrin  hər üzündə fərqli bir qiymət yazılıb. Bəzilərində isə ümumiyyətlə qiymət yoxdur. Misal üçün, qoz ləpəsinin üzərində yazılan qiymət lövhəsinin bir tərəfində 13, digər tərəfində isə 14 manat yazılıb. Satıcılardan bunun səbəbini öyrənməyə çalışdıq.
Bildirdilər ki, malın qiymət tez-tez dəyişdiyi üçün belə bir praktik variant tapıblar, topdansatışda qiymət dəyişən kimi, pərakəndə satışda da həmin gün qiyməti dəyişirlər: “Bunu müştərilər tez-tez bizə irad tuturlar ki, qiymətdə aldadırsınız. Ancaq bu fırıldaqçılıq deyil. Topdansatışda qiymətlər gündəlik olaraq dəyişdiyi üçün belə vəziyyət yaranır”.
Lakin müştərilər bununla razılaşmır, satıcıların tələbata uyğun olaraq gün ərzində bir neçə dəfə qiyməti dəyişdiyini bildirdilər: “Piştaxtaların üzərinə diqqət etsəniz az sayda məhsulun üzərində qiymətini görə bilərsiniz. Müştərilər yaxınlaşan zaman ağıllarına gələn qiyməti deyirlər. Satıcılar elə bil sözü bir araya qoyublar ki,  məhsulu eyni qiymətə satsınlar. Yanaşı olan iki-üç satıcı qiyməti eyni vaxtda qaldırırlar ki, alıcılar məcbur qalıb həmin qiymətlə razılaşsınlar. Lakin malı alıb bir qədər kənara gedəndə görürsən ki, daha ucuz təklif olunur. Yaxşı olar ki, bir qayda olaraq qiymətlər məhsulun üzərində olsun”.
Satıcılar deyir ki, qiymət lövhəsini yazmamaqla müştərinin diqqətini daha çox cəlb etmək olur: “Bu bir satış yöntəmidir. Sovetdən qalma ənənədir.  Müştəri məhsulun qiyməti kənardan görüb, keçir. Məhsulun keyfiyyəti onun üçün önəm daşımır. Başqa bir piştaxtada bərbad bir məhsulu üzərində daha ucuz qiymət yazılan lövhəni görür, dərhal piştaxtaya yaxınlaşır. Yəni mal pis olsa da, qiymət onu aldadır. Mən isə  qiyməti yazmayaraq, daha çox müştərinin yaxınlaşmasına şərait yaradıram. Müştəri məhsulun qiymətini soruşmaq üçün yaxınlaşır və bu zaman məhsulun daha keyfiyyətli olduğuna onu inandıra bilirik”.
Qeyd edək ki, bazarda bahalaşma elə də nəzərə çarpmır. Yalnız xaricdən idxal olunan məhsullarda bir qədər artım var. Təəccüblü məqamlardan biri də odur ki, bir vaxtlar  bayram ərəfəsində fantastik dərəcədə bahalaşan pomidor indi çox ucuzdur. Qış günü pomidorun kiloqramını 1 manata almaq mümkündür. Ən yaxşı pomidor 2-2.50 qəpiyə təklif olunur. Keçən il qış aylarında 4-5 manatdan ucuz deyildi. Bu il kələm də ucuzdur. 3 kiloqramı 1 manata satılır. Ümumiyyətlə, soyuq aylar olmasına baxmayaraq  qiymətlər münasibdir”.
Tərəvəzlərdən fərqli olaraq bayram süfrəsinə lazım olan meyvələr bahalaşıb. Xüsusilə almanın və portağalın qiymətində artım hiss  olunur.
Bir piştaxtada ucuz satılan eyni növ almanın digər  bir piştaxtada daha baha satıldığının şahidi olduq. Yerli məhsul olan almanı satıcılardan biri 2 manata, digər isə 1 manata təklif edirdi. Bunun səbəbini öyrənmək üçün hər iki satıcının da fikirlərini öyrəndik. Məhsulunu daha ucuz təklif edən satıcı bildirdi ki, məhsulu Qubadan özü alıb birbaşa gətirir və üzərinə cəmi 15 qəpik qoyur. Digər satıcılar isə topdansatış mərkəzlərində üçüncü əldən aldığı üçün  bazara daha baha gətirirlər.
Qeyd edək ki, meyvələrdən armudun kiloqramı növündən asılı olaraq 1-4 manat arasında, portağal 1.50-2.50 manat, narıngi  1.40-2 manat, nar 2-4 manat, banan 2- 2.50, kivi 2-3 manata təklif olunur.
Tərəvəzlərdən badımcanın kiloqramı 3 manata , pomidor 1-3 manata, kələm 40 qəpiyə, çuğundur 80 qəpiyə, kök 0.7-1 manata, turp 80 qəpiyə, göyərtinin 1 ədədi 10-15 qəpiyə satılır. Kartof və soğanın qiymətində hər hansı dəyişiklik yoxdur. Hazırda bazarda kartofun kiloqramı  70 qəpik-1 manat arasında, soğan isə 50-60 qəpiyədir.
Satıcılar bildirdilər ki, son bir ayda soğanın qiyməti 10 qəpik bahalaşıb:”Bu bahalaşma hər il baş verir. Soyuq aylarda ehtiyatda olan məhsullar bazarlara çıxarılır. Saxlanma xərclərinə və digər məsələlərə görə əlavə xərc yaranır. Bu səbəbdən də qiymətlərdə artım olur. Lakin soğanın bu il 60 qəpikdən baha olması gözlənilmir”.
Kartofa gəlincə, bazara Gədəbəy kartofu liderlik edir.  Alıcılar tərəfindən daha çox bəyənildiyi üçün “Qəzəb” və” Telman” sortuna təlabat böyükdür. O səbəbdən qiyməti də artan xətt üzrə gedir.  “Telman” sortundan olan kartofun kiloqramını 1,20 manatdan aşağı almaq mümkün deyil. Satıcıların dediyinə görə, fəsilə uyğun olaraq bu sort kartoflar bazarda azalır. O səbəbdən qiymətinin artması  normal haldır.Musavat.com

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …