Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Yeni vergi sistemi – çeki qaytar, ƏDV-nin bir qismini geri al… – ŞƏRH

Yeni vergi sistemi – çeki qaytar, ƏDV-nin bir qismini geri al… – ŞƏRH

Artıq gələn ildən vergi qanunvericiliyinə ediləcək dəyişikliklər barədə detallı məlumatlar açıqlanıb. Bu məlumatlardan aydın olur ki, vergi islahatlarının qayəsində iki mühüm məqam dayanır: qeyri-neft sektoruna dəstək və kölgə iqtisadiyyatının həcminin azaldılması.

Bu istiqamətdə ən mühüm addım qeyri-neft sektorunda çalışanların əmək haqqından tutulan gəlir vergisi, həmçinin sosial ödəmələrlə bağlı dəyişikliklərdir. Belə ki, 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz, 8000 manatdan çox olduqda isə 44 faiz (25 faizdən 14 faizədək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub. Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

İslahatın digər mühüm istiqaməti məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərinin tənzimlənməsi ilə bağlıdır. Hökumətin qiymətləndirmələrinə görə, ilkin mərhələdə bu islahatlar nəticəsində dövlət büdcəsinə “gəlir vergisi” maddəsi üzrə daxilolmalar bir qədər azala bilər. Lakin növbəti illərdə ölkədə iqtisadi fəallığın artması və “kölgə iqtisadiyyatı”nın payının azalması, vergi inzibatçılığının güclənməsi ilə bu vergi növü üzrə büdcəyə daxilolmalarda artım müşahidə olunacaq. Buna görə də 2019-cu il dövlət büdcəsində gəlir vergisi üzrə proqnoz 880 milyon manat (2018-ci il üçün 1 milyard 196 milyon manat) məbləğində nəzərdə tutulub.

Gələn ildən pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərin veriləcəyi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması xüsusi əhəmiyyət daşıyacaq.

Tətbiq olunacaq yeniliyə əsasən, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri ala biləcək. Belə ki, vətəndaş aldığı mala görə əgər, ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-nin 15  faizini, nağd şəkildə edibsə, 10 faizini geri alacaq.

Bundan əlavə, gələn ildən istehsalla məşğul olan biznes subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ təkcə dövriyyənin həcmindən asılı olmayacaq. Əsas meyarlardan biri də işçi sayı olacaq. Təklifə görə, işçilərinin sayı 3 nəfərdən çox olan istehsalçıların ƏDV ödəyicisi kimi qeydiyyata alınması gözlənilir.  Bundan əlavə, topdansatış ticarətçilərin və lisenziya tələb olunan fəaliyyətlə məşğul olanların da ƏDV ödəyicisi kimi qeydiyyata alınması nəzərdə tutulur.

Bundan əlavə, sadələşmiş vergi üzrə Bakı şəhərində tətbiq olunan həcm dövriyyənin 4 faizindən 2 faizinə endiriləcək.

Göründüyü kimi, 2019-cu ildə vergi sahəsində nəzərdə tutulan islahatlar çox vacib istiqamətləri əhatə edəcək.

 

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, indiyədək Azərbaycanda əmək haqqından tutulan vergi və sosial ödəmələrin məbləği kifayət qədər yüksək olub: “Bizdə aylıq əmək haqqından vergi, sosial və digər tutulmaların həcmi əmək haqqının 40 faizə qədərini təşkil edir. Bunun da mühüm bir hissəsi işəgötürənin üzərinə düşür. Belə şəraitdə işçilərin əmək müaviləsi olmadan işlədilməsi hallarının geniş yayılması təbii görünür. Əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillər də bundan qaynaqlanır. Belə ki, məhz vergi yükünün ağırlığı, sığorta-yığım sisteminin tam təkmil olmaması səbəbindən nə işəgötürəndə, nə də işçidə əmək müqaviləsi ilə işləməyə maraq ola bilməz. Odur ki, növbəti ildə tətbiq olunacaq məlum vergi islahatları çərçivəsində fiziki şəxslərdən gəlir vergisinə dair dəyişikliklərlə məcburi sosial sığorta ödəmələrinə dair yeniliklərin də bərabər çərçivədə götürülməsi mühüm hadisə olacaq. Və bunun səmərəsini görmək üçün fikrimcə, heç də çox vaxt gözləmək lazım gəlməyəcək”.

Ekspert hesab edir ki, bu addımla hökumət “bir güllə ilə iki dovşan vuracaq”: “Birincisi, əmək haqlarının gizlədilməsi, ikili mühasibat və əmək müqavilələrinin bağlanmaması kimi amillərin aradan götürülməsi prinsipinin tətbiqi asanlaşacaq. İkincisi isə mükəmməl sığorta-pensiya sisteminin yaradılması istiqamətində indiyədək görülən və hələ görüləsi işlər məntiqi əsas tapacaq. Hökumətin və dövlətin vergi siyasəti 3 tərəfə xidmət etməlidir: dövlət büdcəsinə, işəgötürənə və işçiyə, yəni vətəndaşa. Bu baxımdan, 8000 manatadək gəliri olanlardan 14 faizlik vergi tutumunun sıfırlanmasından ən çox qazanan vətəndaş olacaq. Dövlət isə sosial ödənişlərində yüngüllük tapacaq. Nəticədə də özəl sektorun inkişafı əlavə stimul əldə etməklə, sonradan vergi bazası özü də genişlənəcək”.

Heydərov belə hesab edir ki, nağdsız ödəmələrin stimullaşdırılması ilə bağlı atılacaq addım həm də ticarət sektorunda dövriyyənin gizlədilməsi ilə mübarizədə mühüm rol oynayacaq: “Gələn ildən pərakəndə satış və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərin veriləcəyi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu sahədə artıq təcrübə var. Belə ki, 2016-cı ilin iyul ayından ölkədə ”Tax free” adlanan sistem fəaliyyət göstərib. Hansı ki, əcnəbi şəxslər tərəfindən ölkə ərazisindən alınan istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən ƏDV-nin sonradan geri alınmasını ehtiva edirdi. Yəni buna dair xüsusi mexanizm fəaliyyət göstərib. Burada başlıca məqsəd daha çox satışa nail olmaq, ticarəti genişləndirmək, mümkün dərəcədə böyük məbləğlərdə pul xərclənməsinə müyəssər olmaq idi. Nəticədə də həm daxili, həm də xarici turizmin inkişafına əlavə dəstək əldə edilərək, ticarət dövriyyəsinin genişlənməsinə, dövlət büdcəmizin şaquli deyil, üfüqi istiqamətdə milyonlarla vəsait qazanmasına şərait yaradılmaqla, bir sıra yerli məhsulların istehsalında stimul təşəkkül tapmış oldu.

Gələn il ölkədə ƏDV üzrə tətbiq olunacaq tədbirlər də elə faktiki olaraq, eyni məqsəd daşıyır. Və əsas etibarilə, qeyd olunan hədəfə xidmət edir. Sadəcə, bu dəfə ortada əlavə olaraq, nağdsız hesablaşmaları stimullaşdırmaq, ticarət və xidmət sahəsində dövriyyənin tam olaraq leqal xarakter daşımasına müvəffəq olmaq kimi istək və məqsədlər vardır ki, bu da kölgə iqtisadiyyatı amilinə qarşı mübarizə vasitələrindən biri sayılır”.

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …