Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / İqtisadiyyat / Yeni iqtisadi rayonların yaradılmasında məqsəd nədir? – Ekspert

Yeni iqtisadi rayonların yaradılmasında məqsəd nədir? – Ekspert

“Bu dəyişiklik gələcəkdə ölkədə yeni inzibati strukturun formalaşması yolunda ilk addım olacaq”.
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov yeni bölgü ilə ölkə ərazisində 14 iqtisadi rayonun yaradılmasında hansı meyarların əsas götürüldüyü və məqsədin nədən ibarət olduğuna aydınlıq gətrərkən deyib. Ekspertin sözlərinə görə, müqayisə aparmaq baxımından da bu addım daha əlverişli imkanlar yaradır: 
“Burada dövlət siyasətinin daha hədəfli həyata keçirilməsi üçün coğrafi şərtlər, mövcud infrastruktur, kommunikasiya, eyni zamanda, iqtisadi mühitə uyğunluq parametrləri əsas götürülüb. Məqsəd isə ondan ibarətdir ki, hansısa formada müvafiq bölgələr üzrə strateji inkişaf layihələri hazırlanarkən daha konkret məqsəd və hədəflərin ortaya qoyulması mümkün olsun. Bu yanaşmada seçilmiş rayonlar, onların iqtisadi xarakteristikası, iqtisadiyyatın strukturu, coğrafi imkanlar, təbii şərait, nəqliyyat infrastrukturu, kommunikasiya, çevik nəzarət etmə, əlçatanlıq kimi məsələlər nisbətən daha effektiv formada nəzərə alınıb”.  

İqtisadçının fikrincə, böyük ehtimalla həmin proses gələcəkdə ölkədə yeni inzibati strukturun formalaşması istiqamətində ilkin addım kimi tarixə düşəcək: 
“Cəmiyyətdə icra hakimiyyəti institutunun ləğv edilməsi və onun yerli özünü idarəetməyə əsaslanan daha çevik idarəetmə ilə əvəzlənməli olduğu fikri formalaşıb. 
Ola bilsin gələcəkdə iqtisadi rayon bölgüsü hansısa formada inzibati bölgülərlə də uğyunlaşdırılacaq. Quberniya, vilayətlərin yaranması istiqamətində də müəyyən baxşlar var. Azərbaycan hökuməti də icra hakimiyyəti institutunun təkmilləşdirilməsilə bağlı mövqeyə malikdir. Düzdür, proses daha çox çərçivə daxilində təkmilləşdiriləcək. Amma uzunmüddətli dövrdə proses dərinləşdirilməklə daha ciddi idarəetmə institutunun formalaşdırılmasına da gətirib çıxara bilər”. 

Həmçinin oxuyun

Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır

“Fitch” reytinq agentliyi Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.Bunu Trend-ə agentliyin suveren istiqrazlar şöbəsinin …