Ana səhifə / İqtisadiyyat / Yeni hökumət: üç təyinat rəsmiləşib

Yeni hökumət: üç təyinat rəsmiləşib

ABŞ-ın yeni prezidenti Donald Trampın hökumətində hələlik bir neçə nəfər var. Novator.az bildirir ki, vitse-prezident postuna seçilən Mayk Pens yanvarın 20-də Donald Trampla birgə səlahiyyətlərinin icrasına başlayıb. Müdafiə naziri Ceyms Mettis, daxili təhlükəsizlik naziri Con Kelli və Ağ ev aparatının başçısı Rayns Pribusun təyinatları isə rəsmiləşib.

Dövlət katibi postuna Reks Tillerson namizəddir. Hələlik bu vəzifəni Tom Şannon icra edir.

ABŞ hökumətinə Dövlət Departamenti (Xarici İşlər Nazirliyi) və daha 14 nazirlik daxildir: Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Tikinti və Şəhər İnkişafı Nazirliyi, Əmək Nazirliyi, Veteranlarla İş Nazirliyi.

Nazirliklərə rəhbərlik edən şəxslər katib adlanır. Xarici işlər nazirinin – Dövlət Departamentinin rəhbərinin vəzifəsinin adı dövlət katibi gedir. Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs isə baş prokuror sayılır.

Nazirləri prezident ABŞ Konqresinin yuxarı palatası olan Senatın razılığı ilə təyin edir.

Vitse-prezident, Ağ ev administrasiyasının başçısı, bir neçə federal qurumun (İnzibati-Büdcə İdarəsi, Ətraf Mühitin Mühafizəsi Agentliyi, Ticarət Nümayəndəlikləri Ofisi, İqtisadi Məşvərətçilər Şurası, Kiçik Biznes Administrasiyası) rəhbəri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi də kabinet üzvü sayılır.

Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib. 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür.

Ötən il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin yanvarın 6-da keçirilən iclasında təsdiqlənib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın