Ana səhifə / İqtisadiyyat / Yeni ekoloji standartlar Avropa bazarlarına çıxış problemi yarada bilər

Yeni ekoloji standartlar Avropa bazarlarına çıxış problemi yarada bilər

Dünyada iqlim dəyişmələrinə qarşı mübarizənin əsasında atmosferə atılan istilikxana qazlarının miqdarının azaldılmasıdır. Bununla bağlı beynəlxalq səviyyədə qəbul olunmuş Paris iqlim razılaşmasından əlavə, müxtəlif dövlətlər və dövlətlər birlikləri tərəfindən biznesi karbon emissiyalarını azaltmağa yönəlik stimullaşdırıcı, yaxud təşviqedici addımlar atılır. Avropa Komissiyasının bu il iyulun 15-də qəbul etdiyi yeni ekoloji standartlar da belə addımlardan biri hesab olunur.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, yeni standartlar Avropa Birliyinə məhsul ixrac edən bütün dünya ölkələrinə, o cümlədən Azərbaycana təsir edəcək: “Avropa Komissiyasının qəbul etdiyi yeni ekoloji standartlara görə 1 yanvar 2026-cı il tarixdən Avropa Birliyi ərazisinə idxal edilən məhsul və xammallar üçün ”karbonluq emissiyası” deyilən vergi tutulacaq. Yəni hər bir malın istehsal sertifikatında onun istehsalına çəkilən ENERJİ tutumu və bunun mənbəsi göstərilməlidir. Buna əsasən də həmin mal və xammala verginin miqdarı təyin ediləcək. Tutaq ki, Azərbaycan AB-nə fındıq ixrac edir. Baxılacaq ki, fındığın həmin fabrikdə son məhsula çevrilməsi üçün nə qədər elektrik enerjisi sərf edib, müəssisə bu enerjini hansı elektrik stansiyasından alıb. Azərbaycanda orta hesabla 93 faiz elektrik enerjisi təbii qazdan hasil edilir, bu baxımdan əlavə vergiyə cəlb olunmağımız qaçılmazdır. Baxmayaraq ki, Azərbaycanın Avropaya ümumi ixracı elə də böyük çeşiddə və dəyərdə deyil (dəyər baxımından əsas hissə neft və qazdır). Yox, əgər müəssisə su elektrik stansiyasından və ya alternativ enerji mənbələrindən qidalandığına dair sənəd təqdim edərsə, onda vergi də ödəməyəcək. Avropa Komissiyası bu addımı ona görə atıb ki, üçüncü dünya ölkələrindəki istehsalçıları da YAŞIL ENERJİ keçidinə həvəsləndirsin. Buna görə də hazırda biz tez-tez xəbərlərdə rast gəlirik ki, dünya brendləri elan edirlər ki, tam şəkildə YAŞIL enerjidən istifadə edirlər və ya keçməyə hazırlaşırlar. Hökumətlər də belə hallarda onlar üçün müəyyən stimullaşdırıcı şərait yaradır, istər vergidə olsun, istər sosial sahədə. Nəticə isə ümumən ölkənin inkişafı və bəşəri məsələlərin həllində daha sürətlə irəliləməkdir”.

İlham Şaban: “Layihə ortaya çıxdığı andan etibarən ABŞ bunun əleyhinə çıxış  edib”

 İlham Şaban

Qeyd edək ki, Avropa Komissiyasının iyulun 15-də açıqladığı transsərhəd karbon tənzimləməsi sənədinə əsasən Avropa Birliyi ərazisinə idxal edilən məhsulların istehsalında karbon emissiyasının payını göstərən sertifikatlar tələb olunacaq. İxracatçı şirkət konkret bir məhsulun istehsalı zamanı atmosferə atılan istixana qazlarının miqdarını göstərən sənəd də təqdim etməli olacaq. Bu sənəd əsasında həmin ixracatçı həmin mala görə Avropa Birliyinin karbon emissiyasına dair sertifikatını almalıdır. Bu sənəd ödənişlidir. 2023-cü ilin 1 yanvarından dəmir, polad, elektrik enerjisi, alüminium, gübrə və digər bir neçə məhsulun ixracatçıları rübdə bir dəfə karbon emissiyasına dair hesabat təqdim edəcəklər. 2026-cı ilin yanvarından isə ixracatçılar Avropa Birliyinin sertifikatını almadan məhsullarını birlik ərazisinə ixrac edə bilməyəcəklər.

Ekspertlər hesab edirlər ki, mexanizm işə düşdükdən sonra 2030-cu ilədək onun əhatə dairəsi genişləndiriləcək və Avropa Birliyinə idxal olunan bütün məhsullar üçün karbon emissiyası sertifikatı tələb ediləcək. Hətta bəzi analitik mərkəzlər yeni tələblərin neft-qaza da aid ediləcəyini proqnozlaşdırırlar. Bu sertifikatı Avropa Komissiyasının xüsusi orqanı olan SBAM hazırlayacaq və ixracatçılara satacaq.

Avropa Komissiyasının tətbiq etdiyi yeni ekoloji standartlar ilkin mərhələdə Rusiyada kəskin etirazla qarşılandı, onların məhz Rusiyaya qarşı yönəldiyi iddia edildi.  Belə ki, Rusiya Avropa Birliyinin gübrə təminatının 33 faizindən çoxunu həyata keçirir. Birlik ölkələrinə hər il 5 milyard dollarlığa yaxın qara metallar satılır. Alüminium və digər məmulatların ixracı da kifayət qədər yüksək həddədir. Buna görə də Rusiya ekspertləri yeni standartların bu ölkənin ixracatına böyük zərbə vuracağını bəyan edirdilər. Lakin sonra aydın oldu ki, yalnız Avropa Birliyi deyil, məhsulların idxalı zamanı istehsalda karbon emissiyasının miqdarına ABŞ və Çin də məhdudiyyət tətbiq etməyə hazırlaşır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə bütün əsas ixrac bazarlarına rəqabətədavamlı mal çıxartmaq üçün istehsalda karbon emissiyasını ya minimuma endirmək, ya da tam aradan qaldırmaq lazım gələcək.

Buna görə də Rusiya ən azı ixracyönümlü məhsul istehsalında karbon emissiyasını azaltmaq üçün plan hazırlamağa başlayıb. Ölkənin energetika naziri Aleksandr Novak bəyan edir ki, 2030-cu ilədək karbon emissiyasını 1990-cı ildəki səviyyədən 70 faiz aşağı salmağı hədəfləyirlər. Rusiya hökumətində həmçinin baş nazir Mixail Mişustinin başçılığı altında iqtisadiyyatın qlobal enerji keçidinə hazırlığını əlaqələndirmək üçün xüsusi işçi qrupu yaradılıb.

Azərbaycana gəlincə, Azərbaycan İqlim dəyişikliklərinə dair mübarizəni nəzərdə tutan Paris sazişi çərçivəsində özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC) sənədini hazırlayıb. Həmin sənəddə qəbul edilmiş 1990-cı il baza ilindən başlayaraq ölçülməklə 2030-cu ilədək İQ (istixana qazlarının) emissiyasını 35 faiz azaltmağı öhdəsinə götürüb. Ölkəmizdə enerji keçidinə hazırlıq işlərinə başlanması 2016-cı ildə imzalanan kommunal sektora dair strateji yol xəritəsində nəzərdə tutulurdu. Belə ki, Azərbaycan bərpa olunan enerjinin böyük inkişaf potensialına malik olan ölkələrdən biridir. Ölkə böyük külək və günəş resurslarına və biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malikdir. Bu potensialın reallaşdırılması məqsədilə hökumət 2016-cı ildən imzalanan strateji yol xəritəsində öz qarşısına 2020-ci ilə qədər bərpa olunan enerji mənbəyinə 420 MVt potensialın əlavə edilməsi vəzifəsini qoymuşdu. Lakin təəssüflər olsun ki, buna nail olunmadı. Bu istiqamətdə işlər xeyli uzandı və yalnız 2021-ci ildə iki ərəb şirkəti ilə gücü 470 MVt olan külək və günəş enerjisi stansiyalarının tikintisinə dair müqavilələr imzalanıb.

Mətbuata verilən açıqlamalardan aydın olur ki, Azərbaycan bərpa olunan enerji hərraclarının keçirilməsi üzərində işləyir. Bu baxımdan Energetika Nazirliyi yüksək bərpa olunan enerji mənbəyi intensivliyinə malik zonaları müəyyənləşdirmək və prioritetləşdirmək üçün yerində aparılan ölçmələr daxil olmaqla, müəyyən addımlar atır. Ümumi gücü 750 MVt olan səkkiz zona (beş külək və üç günəş) artıq müəyyən edilib. Bu ərazilərdə torpaqların mülkiyyət statusu və təyinatı, ətraf mühitə təsirlər və mövcud infrastruktur barədə ilkin qiymətləndirmələr aparılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi hərraclarının hazırlanmasına və həyata keçirilməsinə yardım” layihəsi həyata keçirilir.

Alternativ enerji - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son  xəbərlər, en son xeberler

Energetika Nazirliyindən sorğumuza verilən cavabda qeyd olunur ki, ölkədə enerji resurslarının “yaşıl enerji” mənbələrindən istifadənin genişləndirilməsi vasitəsiilə şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür: “”Acwa Power” və “Masdar” şirkətləri ilə sənaye miqyaslı bərpa olunan enerji layihələri üzrə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma sahəsində imzalanmış müqavilələr, BP şirkəti ilə imzalanmış İcra Müqaviləsi buna misal ola bilər. Müqavilələr çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkəti tərəfindən 240 MVt gücündə külək elektrik stansiyası və Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti tərəfindən 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Layihələr tamamilə xarici investisiya hesabına reallaşdırılacaqdır. Adları qeyd olunan iki layihə çərçivəsində stansiyaların işə düşməsi ilə illik 1.5 milyard kilovat-saat “yaşıl elektrik” enerjisinin istehsalı proqnozlaşdırılır. Layihələrin reallaşdırılması ilə hər il 350 milyon m3 təbii qaza qənaət ediləcək, 600 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısı alınacaq”.

Nazirlik qeyd edir ki, layihəsi beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun cari ilin 12 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanıb: “Qanunda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi prosesinin hərrac və ya birbaşa cəlbetmə yolu ilə reallaşdırılması nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası hazırlanmaqdadır. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası qəbul edildikdən sonra, ölkəmizdə ilk bərpa olunan enerji hərraclarının keçirilməsi planlaşdırılır.      Ümumilikdə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30  faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib.  Bu, təxminən 1500 MVt həcmində yeni qoyuluş gücü deməkdir. Bu yeni qoyuluş gücünün 470 MVt hissəsi ”Acwa Power” və “Masdar” şirkətləri ilə həyata keçiriləcək layihələrlə reallaşdırılmış olacaq”.

Bundan əlavə, Azərbaycanda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun qəbul olunub. Qanun ölkədə inşa olunan bütün yaşayış və qeyri-yaşayış obyektlərinin enerji səmərəliliyi tələblərinə cavab verməsinin təmin olunmasını, bu məqsədlə hazırlanan layihələrin enerji auditinin keçirilməsi, ağıllı binaların inşasının təşviq olunması və sair addımların atılmasını  nəzərdə tutur.

Nəhayət, Azərbaycan Prezidentinin qərarı ilə işğaldan azad olunmuş ərazilərdə istisnasız olaraq yaşıl enerjidən istifadə təmin ediləcək. Bu ərazilərdəki su ehtiyatları bölgənin tamamilə su elektrik stansiyalarından əldə ediləcək enerji ilə təmin etməyə imkan verir. Musavat.com

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …