Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Yaxın Şərqdə kürd dövləti yarana bilərmi?

Yaxın Şərqdə kürd dövləti yarana bilərmi?

Proseslər Yaxın Şərqdə aydınlaşmaya və müəyyənliyə gətirib çıxarmadı. Əvvəldən də demişdik ki, Yaxın Şərq düyününün tezliklə açılacağına ümid bəsləmək üçün elə bir zəmin yoxdur. Demirik ki, bizim proqnozumuz özünü doğrultdu, ona görə ki, bu, çoxuna aydın idi…
Rusiya Suriyaya quru qoşunları göndərməyəcəyini bildirdi. Bu isə o demək idi ki, burada alovlanan münaqişəyə bir az da “benzin” ələnəcək. İndi həmin bu bölgədə kim vuruşur, kimə qarşı vuruşur, bunu bir Allah bilir… Ona görə də bu bölgəni indi “Hamının hamıya qarşı vuruşduğu məkan” adlandırmaq elə də yanlışlıq olmazdı…

Əksər mənbələr nə qədər qəribə olsa da, bölgənin siyasi xəritəsini dəyişə biləcək ssenariləri nəzərdən keçirməyə elə də həvəsli deyillər. Amma bir də görürsən ki, adda-budda Rusiya mətbuatında bu səpkidə də yazılar peyda olur.

Ən çox nəzərdən keçirilən ssenari də Yaxın Şərqin xarabalıqlarında yeni bir dövlətin-kürd dövlətinin yaranması ssenarisidir…

Demirik ki, bu, təzə məsələdir. Yox, hələ Səddam İraqına qarşı əməliyyatlar başlananda bu məsələ gündəmə gəlmişdi. Hətta bir ara elə təsəvvür yarandı ki, kürd dövlətinin yaranması artıq reallıqdır…

Amma kürdlər Səddama qarşı mücadilələrinin müqabilində öz mükafatlarını ala bilmədilər. Səbəb çox idi. Dövlətlərin parçalanması heç də hamının sevdiyi ssenari deyil. Həm də bölgədə kürd dövlətinin yaranmasını istəməyən çox ciddi geosiyasi vektorlar var…

Əvvəl də, elə indi də çoxu belə hesab edir ki, bölgədə kürd dövləti yaransa ABŞ çox ciddi və sadiq müttəfiq əldə edə bilər. Həm də belə bir dövlətin meydana çıxması ABŞ-a Türkiyənin və İranın siyasətini tənzimləməyə imkan verər…

Amma əvvəldə dediyimiz kimi, heç də hamı kürd dövlətinin yaranmasını istəmir. Region dövlətlərinin hamısı, xüsusən də İran və Türkiyə bunun qəti əleyhinədir…

Onların arqumenti budur ki, tutaq ki, İraq ərazisində kürd dövləti yaransa, bu, digər dövlətləri – Türkiyəni və İranı təhdid edəcək, oralardakı kürd separatizmini stimullaşdıracaq. Adətən bu mövzuda yazanda hamı məhz indi səslənən arqumenti dilə gətirirlər. Amma kim bilir? Bəlkə belə olmayacaq?

Şimalda Azərbaycan dövləti bərpa olunanda da hamı güman edirdi ki, bu hadisə İran üçün problem yaradacaq və onu təhdid edəcək. Hətta ilk dövrlərdə İranın siyasət və dövlət adamlarının çoxu da belə düşünürdü…
Fəqət, sonrakı hadisələr nə göstərdi? Məlum oldu ki, Şimalda Azərbaycan adlı bir dövlətin mövcud olması İranı təhdid etməyə də bilər, hətta iki dövlət çox normal münasibətlər qura və dinc qonşuluqda yaşaya bilərlər…

Bütün məsələlərin prinsipcə, həlli var. Sadəcə, özünə əziyyət verib bu həlli tapmağa cəhd etmək lazımdır. Bu günlərdə Almaniyanın birləşməsindən 25 il ötdü. Yadıma gəlir ki, Almaniyanın birləşməsi reallaşanda Avropada az qala hamı narahat idi, çünki hamı düşünürdü ki, birləşmiş Almaniya digər dövlətlərə qarşı ərazi iddiaları irəli sürəcək. Amma belə olmadı. Almaniya öz üzərinə belə bir öhdəlik götürdü ki, o, heç kimə qarşı ərazi iddiası irəli sürməyəcək…

İndi ola bilsin İraqda kürd dövlətinin yaranması da digər dövlətlərin ərazisində yayaşan kürdlərə bir növ tənzimləyici təsir göstərsin. O insanlar ki, onlar üçün əsas məsələ kürd dövlətində yaşamaqdır, onlar köçüb İraq və ya Suriya ərazisində yaranmış kürd dövlətində yaşaya bilər. Qalanlar üçün isə sadəcə, belə bir dövlətin mövcud olması yetərlidir…

Adam nə qədər çalışır, kürd probleminin başqa bir həllini görmür. Türkiyədə də nə vaxtsa bu qənaətə gələcəklər. Açığı, biz Türkiyəyə görə çox nigaranıq.

Təşvişlə xəbərləri izləyir və özümüz üçün bir suala cavab axtarırıq: nə vaxta qədər belə davam edəcək? Ümumiyyətlə, kürd probleminin güc yolu ilə həlli varmı?..

Güman edirik ki, bu həll olsaydı o, bu vaxta qədər tapılardı. Bir daha deyirik ki, bəlkə də Türkiyə ərazisindən kənarda kürd dövlətinin yaranması problemi müəyyən qədər çözərdi…
Çoxu deyir ki, hələ bilmək olmaz bu, necə dövlət olacaq? Düzdür! Amma bir qayda olaraq hələ heç bir dövlətə özünün bütün etnik qruplarını bir ərazidə toplamaq müəssər olmayıb – həmişə xaricdə qalanlar, başqa dövlətin ərazisində yaşayanlar olacaq…

Güman edirik ki, kürd siyasətçiləri də bunun fərqindədir. Ona görə də kürdlər böyük və stabil dövlətlərə – Türkiyəyə və İrana qarşı ərazi iddialarından nə qədər tez əl çəksələr, bir o qədər yaxşıdır…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın