Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Yaxın Şərqdə kürd “baharı”

Yaxın Şərqdə kürd “baharı”

Mətbuatda Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın Moskva səfəri zamanı Rusiya XİN rəhbərindən silah istəməsi haqda iddialar yayılıb. Dəmirtaşın partiyası bu iddiaları artıq təkzib edib. Amma bu heç nəyi dəyişmir: onsuz da Dəmirtaşın səfəri hәr bir mənada Türkiyə dövlətinə qarşı düşməncəsinə jest idi. 
Məsələ ondadır ki, ötən 100 ildə kürdlər bölgədə aktiv olan beynəlxalq güc mərkəzləri ilə əməkdaşlıq ediblər. Ötən əsrin əvvəllərində ingilislərlə yaxın ittifaq içində olan kürdlər, daha sonra İkinci Dünya Müharibəsi ilə bölgədə güclənən SSRİ və ABŞ-la müxtəlif vaxtlarda əməkdaşlıq ediblər. Təbii ki, bu əməkdaşlıq qarşılıqlı maraqlara söykənib. Böyük dövlətlər kürdlərə, daha doğrusu kürd liderlərə maddi, siyasi, hərbi və silah dəstəyi verməklə onları region dövlətlərinə – Türkiyə, İran, İraq və Suriyaya – qarşı istifadə ediblər.
Eyni zamanda vaxtaşırı olaraq region dövlətləri də bir-birinə qarşı kürd kartından istifadə ediblər. Misal üçün İran İraqa qarşı, Suriya Türkiyəyə qarşı, Türkiyə İraqa qarşı kürd faktorundan istifadə edib. Amma ötən müddətdə kürdlərə verilən sözlərin içərisində bir çoxları yerinə yetirilsə də, dövlət qurulması sözü yerinə yetirilməyib. Bu arzularını kürdlər yalnız 1970-cı illərdə İraqda ardıcıl dövlət çevrilişləri və siyasi istiqrarsızlıqdan istifadə edərək reallaşdıra biliblər.
Amma 21-ci əsrin əvvəlləri kürdlər üçün yeni fürstələr açıb. İraqda faktiki olaraq kürd dövləti qurulub, Suriyada “ərəb baharı” sonrası daxili müharibənin başlaması bu ölkədəki kürd təşkilatları üçün yeni fürsətə çevrilib. Daha əvvəldən yaxşı təşkilatlanmış kürdlər çox tezliklə Suriyanın şimalında kürdlərin kompakt yaşadığı Qamışlı, Kobani, Azez kimi bölgələrdə öz silahlı nəzarətini təmin etməyə başladılar. Daha sonra İŞİD-lə savaşa başlayan kürdlər faktiki olaraq İŞİD-ə qarşı Qərb koalisiyasının quru qüvvələrini əvəz etməyə başladılar. Və təbii ki, buna görə Qərb ölkələrindən hər cür dəstəyi almağa başladılar. 2014-cü ildə kürdlər fakitki olaraq Suriyanın şimalında öz muxtar administrasiyalarını qurdular.
Bu gedişat Türkiyədəki bölücü kürd qruplarını da hərəkətləndirdi. Türkiyənin Suriya və İraqla münasibətlərinin soyuması, İran və Rusiya kimi bölgə gücləri ilə gərgin münasibətlərinin olması kürdlərin Türkiyədə fəallaşmasını stimullaşdırır. İŞİD-lə savaşda Qərb nəzərində “məzlum və döyüşkən” obrazını yaradan, bölgənin böyük xalqları arasında inanc və etnik səbəblərdən sıxışdırıldığı imicini yaradan kürdlər son illərdə Qərbdən yetəli dəstəyi alıblar.
İndi isə Türkiyənin şərqində fəallaşan PKK eyni vəziyyəti burda da yaratmağa çalışır. Bir neçə il davam edən atəşkəs dönəmində ciddi şəkildə silahlanan PKK atəşkəsin verdiyi fürsətlərdən istifadə edərək şərqdə xeyli möhkəmləndi. Hətta bir zamanlar dağlarda yerləşən PKK terrorçuları atəşkəs dönəmində şəhərlərə gələrək burda qeyri-rəsmi olaraq ikinci hakimiyyətə çevrildilər. PKK-nın Cənub-Şərq vilayətlərində bəzi şəhərlərdə “məhkəmələr” yaratdığı, iqtisadi, eləcə də bəzi kriminal mübahisələri orda çözdüyü haqda bilgilər vardı.
İndi isə Türkiyə hökuməti PKK-nı şəhərlərdən təmizləməyə çalışır. Terrorçular isə demək olar ki, hər şəhəri, hər küçəni barrikadaya çevirib müqavimət göstərir. Əslində ağır itkilər verən PKK terrorçularının geri çəkilib dağlara qaçmaları lazım idi. Çünki bu günə qədər böyük sayda itki veriblər. Amma görünən odur ki, kürd separatçılarını ümidləndirən nələr və ya kimlərsə var. Bu səbəbdən onlar savaşın daha da şiddətlənməsi, dağıntıların daha da artmasında maraqlıdırlar.
Ankaranın da bu saatdan sonra geri çəkilməsi mümkün deyil. Çünki hökumətin əməliyyatları dayandırması şərq vilayətlərini PKK-ya təslim etmək anlamına gələcək. Savaş isə çox ağır şəraitdə gedir. PKK yaşayış məntəqələrində, evləri, dinc insanları sipır edərək müqavimət göstərməyə çalışır. Bu isə mülki əhalinin itkilərini çoxaldır, əhali arasında narazılığa səbəb olur. Amma artıq geriyə də yol yoxdur, görünən odur ki, əməliyyatlar PKK bu şəhərləri tərk edib çəkilənə qədər davam edəcək. Musavat.com

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın