Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Yaxın günlərdə qarpızın da ucuzlaşacağı gözlənilir – FOTOLAR

Yaxın günlərdə qarpızın da ucuzlaşacağı gözlənilir – FOTOLAR

Son günlər bazarlarda bir çox kənd təsərrüfatı məhsulların ucuzlaşması müşahidə edilir. Xüsusən də avqust ayında məhsul bolluğunun yaşanması qiymətlərə təsirsiz ötüşməyib.

Bu mövsümi meyvələri, xüsusən də bostan məhsullarını istisna etsək, ötən illə müqayisədə qiymətlərin aşağı olduğunu demək mümkündür.

Günorta saatları olmasına baxmayaraq, bazarda alıcı sıxlığı müşahidə olunurdu. Qiymətlərin ötən həftələrlə müqayisədə aşağı olması alıcılığa da təsir göstərib.

Müşahidələrimizdən belə qənaətə gəldik ki, bazarda ən çox ucuzlaşan gündəlik tələbat məhsullarından olan kartof və soğandır. Kartofun topdansatış qiyməti 25-30 qəpikdir. Pərakəndə isə piştaxta arxasında 40-50 qəpiyə təklif edilir.

Soğanın qiymətində isə dəyişiklik yoxdur. Topdansatışda ən çox satılan Ağdam soğanının dəyəri 25 qəpik, piştaxta arxasında isə 30-35 qəpiyə təklif olunur.

Bazarda digər meyvə və tərəvəzlərin də qiyməti stabildir.

Alıcılar da ərzaq səbətində mühüm yer tutan tərəvəz məhsullarının qiymətindən məmnun görünür: “Bazarda bizə lazım olan əsas məhsullar ucuzdur. Tərəvəz məhsulları və meyvələrin qiyməti normaldır. Pomidor, soğan, kartof, badımcan, bibər – bu məhsullar bazarda bol olduğundan sərf eləyən qiymətə ala bilirik”.

Yayın əvvəlində bahalığı ilə yadda qalan pomidor və xiyarın qiyməti çox ucuzlaşıb. Bazarda pomidorun 3 kiloqramını 1 manata almaq mümkündür. Orta keyfiyyətlisi 50 qəpikdir. Eynilə xiyar da bu qiymətədir. Şirin bibərin kiloqramı 50 qəpik, acı bibərin kiloqranı isə 1 manat təşkil edir. Badımcanın kiloqramı 30-50 qəpikdir. Yaşıl lobya isə 80 qəpik -1 manat civarındadır.
Öz qiyməti ilə alıcıları təəccübləndirən sarımsaq su qiymətinədir. Kiloqramı 1-1.5 manata təklif olunur. Mövsümə uyğun olaraq zoğalın qiyməti 1-1.5 qəpik civarındadır. Satıcılar yaxın günlərdə bu məhsulun bir qədər də ucuzlaşacağını bildirdilər.

Ucuzlaşma daha çox bananda, şaftalıda, alça və gavalıda müşahidə olunur. Bananın kiloqramı 1.20 və 1.50 manata təklif edilir. Bunu bananın son illərdəki ən ucuz qiyməti də adlandırmaq olar. Şaftalının kiloqramı 70 qəpik – 3 manat civarındadır. Digər mövsümi meyvələri də ötən illərlə müqayisədə baha hesab etmək olmaz.

Bazarda yalnız qarpız və yemişin qiyməti ötən illə müqayisədə çox bahadır. Belə ki, qarpızın kiloqramı 40-60 qəpik, yemişin qiyməti isə 60-90 qəpik civarındadır.

Satıcılar bu məhsulların da yaxın günlərdə ucuzlaşacağını proqnoz verirlər: “Bu il bostan sahələrində pambıq əkininə üstünlük verildiyi üçün qarpız-yemiş bahalaşdı. Bu aylarda qarpızın kiloqramı 10-15 qəpik olurdu. Ancaq bazarda 40 qəpikdən ucuz qarpız və 50 qəpikdən ucuz yemiş tapa bilməzsiniz. Deyilənə görə, yaxın günlərdə Astarxandan qarpız gətiriləcək. O zaman bəlkə qiymətlər ucuzlaşa bilər. Çox zaman belə olur. Qarpız bir il ucuz olanda, növbəti il baha olur. Gələn il hamı torpaq sahəsində qarpız əkəcək. Nəticədə ucuzlaşacaq”. (Musavat.com

)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …