Ana səhifə / İqtisadiyyat / “Yaşıl gələcək” energetikamıza nə vəd edir – TƏHLİL

“Yaşıl gələcək” energetikamıza nə vəd edir – TƏHLİL

Bu il ölkədə elektroenergetika sahəsində sözün əsil mənasında inqilabi addımların atıldığı il kimi yadda qalacaq. İlin əvvəlindən dövlət başçımızın iştirakı ilə ölkədə yeni elektrik stansiyalarının açılması, o cümlədən, iki ərəb ölkəsi ilə müqavilələrin imzalanması belə deməyə əsas verir. Bunların hamısı gələcək üçün hesablanıb.

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsində çox işlər görülüb və investisiya sərf olunub. Çoxlu sayda müxtəlif tipli stansiyalar yaranıb, mövcud olanlar modernləşdirilib və beləliklə də, ölkəmiz elektrik enerjisinin idxalçısından ixracçısına çevrilib. Bu siyasət getdikcə daha geniş xarakter daşıyır. Ölkəmizin elektrik enerjisi ixracçısı kimi tanınması üçün bütün imkan və səylər səfərbər edilir. Lakin bu zaman qlobal çağırış və tələblərin icrası həlli vacib məsələyə çevrilir ki, Azərbaycan hökuməti də buna əməl etmək məcburiyyətindədir. Söhbət, alternativ – bərpa olunan enerjidən (BOE) gedir.

Bəli, Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır və bu, əsas etibarilə neft və qaz resurslarına görədir. Ancaq sıraya elektrik enerjisi də daxil olub ki, bu sahədə də ixrac imkanının ortaya çıxması ölkəmizi daha geniş çeşiddə enerji ölkəsi kimi tanıtmağa yollar açır. Bu, çox böyük nailiyyətdir və Azərbaycanın iqtisadi, siyasi nüfuzunun artdığı deməkdir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətiylə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına dair bu ilin yanvarın 13-də imzalanan sənəd də bu baxımdan böyük gələcək vəd edir. Bu anlaşma ilk növbədə ölkəmizin enerji təhlükəsizliyinin təmini sahəsində çox mühüm hadisə oldu.

Bundan cəmi iki ay sonra, yəni 2022-ci ilin martln 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətilə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair imzalanan saziş isə ölkəmizdə BOE sferasında yaxın perespektivdə böyük nəticələr əldə edəcəyindən xəbər verir.

Yeri gəlmişkən, bəllidir ki, ölkəmizin bugün ümumi elektrik enerjisi istehsalı gücü 7516 Mvt-dır. Və bu, daxili tələbatdan artıqdır və odur ki, ölkəmiz bir hissəsini ixrac edir. Halbuki, yaxın keçmişdə idxal edirdik. Bunun 15-ini İES, 18-ini isə SES olmaqla sayca 33 stansiya verir. Ancaq bu kifayətdirmi?! Xeyr!

Əhalinin sayı artır, iqtisadiyyat inkişaf etdikcə yeni istehsal sahələri və obyektləri yaranır, ixrac varsa, bunu durmadan genişləndirmək tələb olunur. Odur ki, ümumi generasiya gücü, başqa sözlə desəm, ölkə üzrə elektrik enerjisinin istehsalı həcmi durmadan artmalıdır. Və bu, təkcə kəmiyyətcə deyil, keyfiyyət nöqteyi-nəzərindən də baş verməlidir. Yəni, bərpa olunan enerji mənbələrinin payı genişlənməlidir. Bu mənada “ACWA Power” şirkətilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, habelə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətiylə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair əldə olunan razılıqların ölkə iqtisadiyyatına necə böyük töhfələr verəcəyinin izaha ehtiyacı yoxdur.

Ölkəmizdə sözügedən stansiyaların inşasına və istismarına nail olunmaqla bir neçə çağırışa və tələbə əməl ediləcək.
Birincisi, hər iki stansiyanın sayəsində 470 Mvt əlavə güc əldə edəcəyik ki, bu da ölkənin enerji təhlükəsizliyinin təmini sahəsində növbəti bir addım sayılacaq.
İkincisi, hökumətin 2030-cu ilədək ölkənin ümumən elektrik enerjisi istehsalında BOE-nin payını 30 faizə (1500 Mvt) çatdırmaq istəyinin tam reallaşması üzərində yaşıl işıq yanacaq.
Üçüncüsü, həm elektrik enerjisi üzrə, həm də digər enerji növləri, xüsusən də qaz sarıdan ixracı artırmaq imkanı yaranacaq.
Dördüncüsü, elektroenergetika sahəsində qənaət və səmərəlilik səviyyəsi yüksələcək.
Beşincisi, ölkədə sözügedən sferada mövcud potensialdan istifadəyə maraq genişlənəcək və bu da əlavə investisiya axınları üçün imkan yaradacaq.
Altıncısı, yeni iş yerlərinin açılması ilə yanaşı, elektroenergetika sahəsində özəl prinsiplərin təşəkkül tapması və ümumiyyətlə, bu sahədə gələcəkdə dövlətsizləşdirmə üçün rüşeym yaranacaq.
Yeddincisi, elektrik enerjisi istehsalı da energetika sektoruna aid olsa da iki Ərəb ölkəsiylə imzalanan sözügedən müqavilələr ölkəmizin qeyri-neft sektoruna investisiya axını üçün də mühüm yol açır və buna əlavə stimul yaradacaq.
Sadalananların sayını bir az da artırmaq olar. Lakin Prezident İlham Əliyev demişkən, ümumiyyətlə, hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin, çünki bunsuz müstəqil inkişaf mümkün deyil.

Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş durumdadır, bu sahədə eyni zamanda, digər ölkələr üçün də mühüm rol oynayır və getdikcə, bunun genişləndirmək əzmindədir. Yeri gəlmişkən, alternativ enerji mənbələrindən istifadəyə ən çox investisiya sərf edən ölkələr bunlardır: Çin, ABŞ, Yaponiya, Böyük Britaniya, Hollandiya və İspaniya.

Pərviz Heydərov

Həmçinin oxuyun

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır Avropa Ukraynaya hücümuna görə …