Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / İqtisadiyyat / “YAŞAT Fondunun vəsaitlərinin həcmi fəaliyyətindəki şəffaflıqdan asılı olacaq”

“YAŞAT Fondunun vəsaitlərinin həcmi fəaliyyətindəki şəffaflıqdan asılı olacaq”

Azərbaycan Vətən Müharibəsinin iştirakçısı olan, bu müharibədə həyatını və sağlamlığını itirən igid döyüşçülərimizin özlərinin və ailələrinin sosial təminatı hazırda cəmiyyəti ən çox düşündürən məsələlərdən biridir. Hərbi əməliyyatların başlanmasından dərhal sonra həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız kütləvi şəkildə müharibədə iştirak edən döyüşçülərin ailələrinin üzləşdiyi sosial problemlərin həllinə dəstək verməyə başladılar. Eyni zamanda, hərbçilərimiz üçün də çoxsaylı kampaniyalar təşkil olundu, sıravi vətəndaşlar da əllərindən gələni etdilər.

Hərbi əməliyyatlar başa çatdıqdan sonra isə müharibədə şəhid olan igidlərin ailələri, qazi olanların özlərinin sosial təminatı məsələsi gündəmə gəldi. İctimaiyyətin çoxsaylı təkliflərini nəzərə alan Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun idarəçiliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə(ASAN) həvalə olunub. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Prezidentin sərəncamı ilə Abdullayev Çingiz Akif oğlu, Alızadə Sevinc Əsgərxan qızı, Aslanov Novruzəli Davud oğlu, Aşina Məsud, İbrahimov Mənsum İsrafil oğlu, İsgəndərov Anar Camal oğlu, Qasımov Balakişi Ələkbər oğlu, Novruzov Cahangir Mütəllib oğlu, Ramaldanov Şair Ramaldan oğlu, Səfərəliyeva Rəna Teymur qızı və Zəkiyev İlham Əzizağa oğlu Şuranın üzvləri təyin olunublar.

YAŞAT Fondunun vəsaitlərindən şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması; Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlərdə istifadə olunacaq.

ASAN rəhbəri Ülvi Mehdiyev bəyan edib ki, Fondun fəaliyyəti üzərində sərt ictimai nəzarət mexanizmi yaradılacaq: “YAŞAT” Fonduna ümumi nəzarəti həyata keçirmək üçün 11 nəfərlik Himayəçilik Şurası yaradılıb. Amma elə bir sistem qurulacaq ki, 50 milyonluq hər bir azərbaycanlı bu Fonda nəzarət edə biləcək. “İctimai nəzarət hər bir azərbaycanlının iştirakı ilə tənzimlənəck. Hər bir şəxs Fondun ictimai nəzarətçisi olacaq”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

Qeyd edək ki, iqtisadçı-ekspert Rəşad Həsənov hələ hərbi əməliyyatlar davam edən müddətdə vətəndaşların şəhid ailəsi və qazilərə yardım etməsi üçün xüsusi fondun yaradılması təklifi ilə çıxış etmişdi. Ekspert bildirir ki, dövlət bu kateqoriyadan olan şəxslər üçün bir sıra dəstək mexanizmlərindən istifadə edir: “Prezident təqaüdü, müavinətlər, pensiyalar, mənzil, avtomobil təminatı və sair mexanizmlər var. Lakin mən özüm ilk gündən etibarən şəhid, qazi olanların, hətta deyərdim ki, bəzi şərtlərlə bütün müharibə iştirakçılarının sosial problemlərin həllinə dəstək üçün xüsusi fondun yaradılmasını təklif etmişdim. Elə şəxslər var ki, əmək müqaviləsi olmadan çalışıb, səfərbərlik tədbirləri çərçivəsində orduya qatılaraq döyüşlərdə iştirak edib. Düşünürəm ki, belə şəxslərin də məsələn, kredit borclarının ödənməsinə dəstək verilməlidir. Bu prosesdə həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımızın, biznesin iştirakını vahid koordinasiyalı şəkildə təmin etmək üçün Fondun yaradılması zəruri idi. Bilirsiniz, hamı deyir ki, banklar borcları silsin. Düzdür, bankların fəaliyyətində, vətəndaşlara qarşı davranışlarında problemlər çoxdur, bank bazarında inhisarçılıq var, faizlər yüksəkdir, müştəriləri bəzi hallarda aldadırlar. Amma hazırkı şəraitdə bütün yükü bankların üzərinə qoymaq olmaz, heç onlar bunu qaldıra da bilməzlər. Nəzərə almaq lazımdır ki, bankların yalnız ikisi dövlət mülkiyyətindədir, qalanı özəldir. Pandemiya digər sektorlar kimi, bank sektoruna da mənfi təsirini göstərib. Belə bir şəraitdə bankların maliyyə göstəricilərinin pisləşməsi iqtisadiyyata kredit qoyuluşlarını daha da zəiflədə, kredit siyasətini daha da sərtləşdirə bilər. Bu isə post-müharibə dövründə böyük kapitala ehtiyacın yarandığı bir şəraitdə heç də arzuolunan deyil. Buna görə də belə bir fondun yaradılması imkanı olan hər bir vətəndaşın bu prosesə dəstək verməsinə şərait yaradır. Biz hamımız torpaqlarımızın azadlığı uğrunda canından və sağlamlığından keçən insanlar qarşısında borcluyuq və bu borcu yaradılan Fonda ianələr etməklə qismən ödəyə bilərik”.

R.Həsənovun dediyinə görə, Fondun fəaliyyətində şəffaflığın təminatı onun toplayacağı vəsaitlərin məbləğinə birbaşa təsir göstərəcək: “Şəffaflıq təmin olunmasa, yaxud müraciətçilərə qarşı ayrı-seçkiliyə yol verilsə, çox tezliklə əhalidə Fonda qarşı inam azalacaq. Bu isə ianələrin azalmasına, Fondun imkanlarının daralmasına səbəb olacaq. Buna görə də belə müqəddəs bir məqsədlə yaradılmış Fondun fəaliyyətində şəffaflıq ən yüksək formada təmin olunmalıdır”.

Ekspert hesab edir ki, dövlətin şəhid ailələri və qazilərə yönəlik dəstək mexanizmləri də təkmilləşdirilməlidir: “Ən qısa zamanda Milli Məclisin “Qarabağ Müharibəsi iştirakçıları və şəhidləri haqqında” qanun layihəsini hazırlayıb qəbul etməsi lazımdır. Bu qanunda şəhid ailəsi və qazilərə yönəlik bütün dəstək mexanizmləri detalları ilə əksini tapmalıdır. Dövlətin tətbiq etdiyi sosial müdafiə alətləri həmin insanların layiqli həyat tərzini təmin edəcək parametrlərə malik olmaldır. Bu insanların hansısa harın məmur, korrupsiya maşını olan icra başçısı və digərlərinin qarşısında aciz duruma salınmasına imkan verilməməlidir. Hesab edirəm ki, şəhid ailələrinə verilən ödənişlərin həcmi artırılmalıdır. Məsələn, şəhid xanımına minimum əmək haqqının 2 misli həcmində ömürlük, himayəsində olan və 18 yaşına çatmamış hər bir uşaq üçün isə minimum əmək haqqının 70 faiz məbləğində 18 yaşı tamam olanadək təqaüd təsis edilməlidir. Bununla diferensiallıq da təmin edilmiş olar. Necə olur ki, ailə üzvlərinin sayı 1 və yaxud 4 nəfər olan şəhid ailəsinə eyni məbləğdə (300 manat) təqaüd ödənilir? Digər tərəfdən, qazilərinin müavinətləri və təqaüdləri ilə orta aylıq əmək haqqı arasında asılılıq tətbiq edilməlidir. Hər il inflyasiya olur və onlara ödənilən müavinətlər, təqaüd və digər ödəmələr dəyərsizləşir. Təklif etdiyimi asılılığın yaradılması, məsələn, hər rübdə istehlak qiymətləri indeksinə uyğun indeksləşdirmə müvafiq riskləri qismən neytrallaşdıracaq. Bu cür addımlarla şəhid ailəsi və qazilərin kənar mənbələr, məsələn, YAŞAT Fondunun vəsaitlərinə ehtiyacı ciddi şəkildə azalmış olacaq”. Musavat.com

Həmçinin oxuyun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub. …