Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Yağın qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır – əks prosesin səbəbi

Yağın qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır – əks prosesin səbəbi

Dekabrın əvvəlindən kərə yağının idxalına qoyulan gömrük rüsumu 3 dəfə azaldılacaq; satıcılar “ucuzlaşma o vaxt olacaq ki, baha qiymətə aldığımız yağları 3 aya tam satıb qurtaraq”

Dekabrın əvvəlindən kərə yağının idxalına qoyulan gömrük rüsumu 3 dəfə azalacaq. Hazırda isə yağların qiymətində heç bir dəyişiklik yoxdur. Gömrük rüsumunun 15 faizdən 5 faizə düşəcəyini eşidənlər bir müddət sonra yağların qiymətində ucuzlaşma olacağını gözləyir. Ancaq satıcılar isə yaxın gələcəkdə bunun baş verməyəcəyini, əksinə, bayramqabağı bahalaşma olacağını deyirlər.

Mağazalarda apardığımız müşahidələr deməyə əsas verir ki, yağların qiymətində qəpiklə də olsa, artıq müəyyən qədər artım var, nəinki azalma. Satıcılar bayramqabağı hər zaman olduğu kimi yenə də bahalaşma olacağını və bunun yağın qiymətində də öz təsirini göstərəcəyini deyirdilər.

Satıcı Kənan Əliyevin sözlərinə görə, yağın qiymətində fevral ayından ola bilsin ki, müəyyən endirim olsun: “Bu yağlar gömrük rüsumu ucuzlaşmadan gətirilən yağlardır. Yağ alıcıları az olduğu üçün anbarda da hələ xeyli yağlar qalıb. Onlar 3 aya ancaq satılar. Biz bunu baha qiymətə almışıqsa, necə ucuz sata bilərik?! Yalnız o vaxt ucuzlaşacaq ki, baha qiymətə aldığımız yağlar tam satılıb qurtarsın. Bundan sonra yeni gömrük qiymətləri  ilə alınan yağlar ucuz satılacaq. Təbii ki, ona qədər gömrükdə qiymətlər yenə qalxmasa… Ancaq yeni gömrük qiymətlərinə görə təxminən indiki qiymətlə fərq elə də böyük olmayacaq. Yağdan asılı olaraq 50 qəpik 1 manat arası ucuzlaşma ola bilər”.

Qeyd edək ki, daha çox satılan kərə yağlarının hazırkı qiymətləri belədir: “Best Cow” 18 manat, 45 qəpik, “Wellington” 17 manat 96 qəpik, “West Gold” 18 manat 38 qəpik, “Anchor” 18 manat 38 qəpik,  “Fermer Lyuks” 6 manat 70 qəpik, “Qolden Kraun” 17 manat 75 qəpiyə satılırdı. Paçkada olan “Prezident” 8 manat 75 qəpiyə, “Doyaruşka” 4 manat 45 qəpiyə, “Valio” 2 manat 85 qəpiyə satılır. Xaricdən gətirilən yağlarla yanaşı yerli kərə yağlarının da qiymətində artım müşahidə edilir. Bunun isə səbəbi son 6 ayda südün bahalaşması ilə izah edilir.

Yağlarla yanaşı ətlərin də qiymətində 1-2 manat endirim olması ilə bağlı əhali arasında söhbətlər dolaşırdı. Ancaq müşahidələrimiz bunun da yalan olduğunu göstərdi. Ətin qiyməti yalnız bir sıra rayonlarda 50 qəpik civarında ucuzlaşıb. Bir sıra ekspertlər xaricdən gətirilən ətlərin sayı artdığı üçün yerli ətlərin qiymətinin ucuzlaşacağı proqnozunu verirdilər. Bazarlarda Ukraynadan gətirilmiş dondurulmuş ətlər yer almaqdadır. Bu ətlər yerli ətdən dəfələrlə ucuz olduğu üçün alıcıları da kifayət qədərdir. Hazırda marketlərdə ətlərin qiyməti bu cürdür: sümüklü dana əti 10 manat 70 qəpik, dana əti-qolu 13 manat 50 qəpik, dana beli 14 manat 65 qəpik,  farş 10 manat 20 qəpik, quzu əti 11 manat 80 qəpiyə satılırdı. Ət dükanlarında isə dana əti 11 manata satılır.

Qəssab Elman Məmmədov deyir ki, ətin qiyməti ucuzlaşmayıb: “Bahalaşan nəsə ucuzlaşa bilməz. Hələ ki qiymətlərdə bir dəyişim yoxdur. Yeni il qabağı ola bilsin ki, 20-50 qəpik arası bahalaşma olsun”.

Ukraynadan gətirilən ətlərə gəlincə isə satıcı onların Hindistandan gətirildiyini dedi: “O ətləri yalnız ”vosmoy bazarı”ndan tapmaq olar. Çox ucuzdur. Ukrayna əti adı altında satılsa da, əslində Hindistandan gətirilir. Ona görə də ucuzdur. Onu rulon şəklinə salıb, dondurub elə satırlar. Bu ətlərin həqiqətən dana əti olub olmadığını və ya keyfiyyəti barədə nəsə deyə bilmərəm. Amma əhali o ətləri alarkən atalarımızın “ucuz ətin şorbası olmaz” misalını xatırlasa pis olmaz”.

Qeyd edək ki, nəinki ətin və yağın, yumurtaların da qiymətində bahalaşma vardı. Belə ki, yumurtanın qiyməti də hazırda 15 qəpiyə, 15 dənəlik bağlama 2 manat 25 qəpiyə, kənd yumurtasının 15 dənə bağlaması isə 3 manat 50 qəpiyə satılırdı. Göründüyü kimi, yumurtanın da qiyməti qəpik-qəpik artaraq 9 qəpikdən, 15-20 qəpiyə qədər gəlib çatıb. Əhalinin o qədər də nəzərinə çarpmayan qəpik-qəpik artımın bir müddət sonra nəticəsinə baxdıqda əslində nə qədər fərq olduğunu görərik.

Image result for İqtisadçı ekspert Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli hökumətin verdiyi qərarın zamanlamasının düzgün olmadığını dedi: “Yaxın zamanda heç bir ucuzlaşma olmayacaq. Dekabrın əvvəlindən sonra ölkəyə daxil olacaq malların gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək. Yəni bu da qiymətlərə təqribən 50 qəpik-1 manat civarında təsir edə bilər. İndi də ölkəyə gətirilən məhsulların bazara çıxmasını nəzərə alsaq, yaxın gələcəkdə hətta 50 qəpiklik 1 manatlıq endirimin də tezliklə bazara yansımasını görməyə bilərik. Hökumət tərəfindən bu qərarın verilməsinin zamanlaması yaxşı deyil. İllərdir ki, bu davam edir. Ona görə də mən düşünmürəm ki, tezliklə gömrük rüsumunun 15 faizdən 5 faizə çəkilməsi bazarlara həmən təsir göstərməyəcək. Bir müddət sonra ola bilər ki, bazarlarda bunun müəyyən dərəcədə təsirini görək. Amma təsirin həcmi böyük olmayacaq. Bayaq da qeyd etdiyim kimi, bu təsir 50 qəpik-1 manat civarında olacaq”.

Ətlərin qiymətinə gəlincə, ekspert xaricdən gətirilən ətin həcminin ötən ilə nisbətən iki dəfə artdığını bildirdi: “Yerli ətin qiymətində heç bir ucuzlaşma yoxdur. Ən azından Bakı şəhərində ətin qiymətində ciddi bir dəyişiklik yoxdur. Amma bəzi regionlarda ola bilər ki, 50 qəpik, 1 manat civarında təsir göstərsin. Bunun da iki səbəbi var. Bir səbəbi xaricdən gətirilən ət ola bilər. Xaricdən gətirilən ətin həcmində keçən ilə nisbətən iki dəfə artım var. Bu da təbii ki, öz təsirini göstərir. İkinci amil isə alıcılıq qabiliyyətidir. Yəni ətin qiymətini nə qədər çox bahalaşdırırsansa, alıcılıq qabiliyyəti aşağı olduğundan daha az ət almağa məcbur olursan”.

Günel MANAFLI,
Fotolar müəllifindir

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …