Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / İqtisadiyyat / Xidmət sektorunda ağlasığmaz qiymətlər – müştərini belə “soyurlar”…

Xidmət sektorunda ağlasığmaz qiymətlər – müştərini belə “soyurlar”…

Son illər Azərbaycanda turizmin inkişafı dövlətin prioriteti elan edilmişdi və həqiqətən bu istiqamətdə xeyli irəliləyiş hiss olunurdu. Bu inkişaf tempi ötən ilin mart ayından etibarən dünyanı bürüyən koronavirus səbəbindən karantin tədbirlərinin başlaması ilə sona çatdı. Təxminən 1 illik sükut dövründən sonra indi yenidən turizm sektorunda cüzi də olsa canlanma başlayıb. Ehtimallar var ki, ölkədə vaksinasiya getməsini və yoluxma hallarının azalmasını nəzərə alan hökumət bu il sərhədləri açmasa belə, bölgələrə gediş-gəlişi əngəlləməyəcək, çimərlik sezonu ilə bağlı qadağalar olmayacaq. Həm vətəndaşlar istirahət edə biləcəklər, həm də turizm dirçələcək, iqtisadi canlanma yaranacaq. Ancaq nəzəri olaraq belə görünsə də, reallıqda durum fərqlidir. İctimai-iaşə sektoru sanki müştəriləri ilk addımını atar-atmaz “soymağa” hazırlaşır. Hotellərdə qiymət həddindən artıq yüksək, restoranlarda maya dəyəri 20 manat etməyən menyuların xərci 100 manatdan baha, çimərlik obyektlərinin qapısından  içəri keçən peşman…

Bu barədə son günlər sosial şəbəkələrdə narazılıq əks etdirən müzakirələr artmaqdadır.  “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli özünün facebook səhifəsində turizm sektorunun ən əsas problemini gündəmə gətirib: “Hotel sahibləri, turizm şirkətləri Prezidentə müraciət edib ki, bəs kreditlərimizi qaytara bilmirik, yaman gündəyik…

Bəli, pandemiyanın burada təsiri böyükdür. Amma əsas səbəb bu deyil. Əsas səbəbi deyim: hotel sahibləri və turizm mərkəzləri rəhbərləri anlamağa çalışsınlar ki, məsələn, dünya standartında bir günlük gecələmə qiyməti 40-50 manat olan hoteldə 120-150 manat qiymət uyduranda, 60 qəpiklik “Coca-Cola”nı 4 manata, kilosu 5 manata olan pendirin 2 “kusoku”nu – ən çoxu 50 qramını 4 manata hesaba vuranda, musiqi, servis xərci adı altında 20-25 faiz qiymətə əlavə (fırıldaq) gələndə, ucuz işçi qüvvəsi məqsədilə anormal xidmət personalı saxlayanda, bir çaynik çayı 15-20 manata satanda, sonu belə olur. “Əlimizə keçən müştərini bir dəfə yolub buraxaq, sonra nə olar-olar” prinsipinin nəticəsi budur”.

Buna əlavə olaraq qeyd edim ki, Bakı kəndlərinə yaxın sahilyanı çimərlik obyektlərində də vəziyyət bundan fərqli deyil. Obyekt adına bir neçə köhnə taxta stol və qamış çətirdən ibarət ərazidə müştəriyə heç bir əlavə xidmət göstərmədiyi halda, iki çaynik sadə çaya 15-20 manat tələb edir və masanın pulunu da buraya əlavə etdiyini bildirir. Artıq uzun müddətdir ki, müştərilərin hesabına stol pulu, xidmət pulu adı ilə əlavə olunan xərclər insanları narazı salmaqdadır. Əgər hansısa kafe və ya restoranda, istirahət mərkəzində müştəri çay alırsa, aydın məsələdir ki, onu ayaq üstə yox, masada içməlidir. Və ya yemək sifariş verirsə, o yemək ayaq açıb özü gələ bilməz, servis olunmalıdır. Belə olan halda müştəridən “stol pulu”, “xidmət haqqı” almaq heç də onu məmnun etməyə hesablanmayıb. Yəni bizim ictimai-iaşə sektoru üçün “müştəri məmnuniyyəti” əhəmiyyət kəsb etmir. Elə bu səbəbdən çox zaman insanlar bir dəfə getdiyi istirahət mərkəzindən bir daha oraya gəlməmək  qərarı ilə ayrılır. Bəs görəsən, sahibkarları buna vadar edən obyektiv və subyektiv səbəblər nələrdir?

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli: “Bu sahibkarın ağılsız olması anlamına gəlmir, sadəcə olaraq, o, sabahından ümidsizdir, önünü görə bilmir”

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, insanlar günahı təkcə sahibkarlarda görür, lakin bunun sistemli səbəbləri var: “Əsas narazılıq yaranan məkanlardan biri çimərliklərdir. Çimərliklər isə əslində iki cür olmalıdır. İlk növbədə ictimai çimərliklər olmalıdır, yəni dövlətin birbaşa nəzarətində olan, dövlət tərəfindən təmizliyi təmin olunan çimərliklər olmalıdır. Dünyanın əksər ölkələrində belə çimərliklər var. Sadəcə, bir çox ölkələrdə bu bələdiyyələr tərəfindən tənzimlənir və bələdiyyələrin əsas gəlir mənbələrindən birinə çevrilir. Azərbaycanda belə bir sistemə təəssüf ki, hələ oturuşmayıb. Ona görə də ictimai çimərliklərlə özəl çimərliklər arasında qanunvericiliklə tənzimlənən hansı fərqlərin olması bəlli deyil. Bizdə dənizkənarı ərazilər heç bir hüquqi müqavilə olmadan icarəyə verilir. İcarəyə verənlər isə qanunsuz şəkildə həmin sahilyanı əraziləri zəbt edən, arxasında  hansısa məmur olan şəxslərdir. Bu məsələlər illərdir müzakirə olunsa da, təəssüf ki, biz bunu tənzimləyən qanunverici aktlar, əməli tədbirlər görmürük. Ona görə də hər il yay mövsümündə bu problem meydana çıxır. Əsl özəl çimərliklər, qanuna uyğun şəkildə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərən çimərliklər varsa, orada qiymətə dövlətin hansısa müdaxiləsi mümkün deyil. Orada göstərilən xidmətlərə və satılan məhsullara görə dövlətin nəzarət edə biləcəyi yeganə amil vergi daxilolmalarıdır. Əgər hansısa sahibkar dükanda 50 qəpiyə olan suyu 5 manata sata bilirsə, bunu qanun qadağan eləmir. Sadəcə olaraq, əldə etdiyi 4.50 qəpik gəlirin mənfəət vergisini verməlidir, verginin digər növünü verməlidir.  Sahibkarlar görsələr ki, vergi nəzarəti güclüdür, qiymətlərin kəskin artımında özləri də maraqlı olmazlar. Çünki qiyməti nə qədər çox artırsalar, vergi yükü də bir o qədər çox artacaq. Ona görə də dünyada vergi siyasəti qiymətlərin tənzimlənməsində rol oynayan amilə çevrilir. Lakin dövlət sahibkara niyə bu qiymətə satırsan deyə müdaxilə edə bilməz. vətəndaşlar öz təşəbbüsü ilə bunu tənzimləyə bilər, ictimai qınaq yarada bilərlər, insanlar  həmin obyektləri boykot edə bilərlər. Bu zaman da həmin obyekt sahibləri normal qaydada fəaliyyət göstərərlər”.

İqtisadçının sözlərinə görə, məsələnin pərdəarxasındakı əsas səbəbi əlində inzibati gücü olan şəxslərin sahibkarlara müdaxiləsi, fantastik icarə haqlarıdır: “Məsələyə digər tərəfdən baxsaq, sahibkarların da haqlı səbəbləri olduğunu görə bilərik. Mənim tanıdığım, haqqında eşitdiyim sahibkarlar da var ki,  onların işlətdiyi çimərliklərin əsl sahibləri başqalarıdır və onlara həmin ərazini çox baha qiymətə icarəyə verirlər. Bir aylıq icarə minimum 15 min manatdan başlayır, 30 minə, 40 minə qədər qalxır. Bu icarə haqları fantastik dərəcədə böyükdür və vergisi də verilmir. Azərbaycan qanunvericiliyinə görə, rəsmi icarə müqaviləsi bağlandıqdan sonra bu məbləğin 14 faizini vergi şəklində dövlət büdcəsinə köçürmək lazımdır. İndi hansı sahibkar rəsmi müqavilə bağlayıb dövlətə vergi ödəyir. Olsa da, cüzi qiymətə, 300-400 manata rəsmiləşdirir. Çox zamansa, ümumiyyətlə, heç bir rəsmiləşdirmə olmur.

Həmin obyekti icarəyə götürən iş adamları da məcbur qalırlar, o qədər böyük icarə haqqını ödəmək üçün 50 qəpiklik suyu 3 manata satırlar. Burada obyektiv problemlər var, onların kökündə duran məsələlər həll olunmasa, narazılıqlar hər zaman artacaq. Əhalinin narazılığı həmişə obyekti işlədən insanlara yönəlir, əslində isə onlar tərəfdən məsələyə baxsaq, icarənin bu qədər baha olması onlara da sərf eləmir. Onlar üçün münasib olan odur ki, çimərliklər bələdiyyələrin olsun və ya ictimai çimərliklər olsun, bələdiyyədən daha ucuz qiymətə rəsmi şəkildə icarəyə götürərdilər və ucuz xidmət göstərərdilər. İndi isə belə deyil. Demək olar ki, dənizin kənarının tamamı qanuni,  qanunsuz şəkildə zəbt edilib, arxalarında məmurlar dayanır. Onlar da istədikləri zaman yüksək qiymətlə  icarəyə verirlər. Sahibkar özü də gəlir əldə etmək istəyirsə, məcburdur ki, satdığı məhsulun qiymətini dəfələrlə artırsın”.

Bölgələrdə xidmət sektorundakı vəziyyətə gəlincə, N.Cəfərli vurğuladı ki, bu, bayram günlərində insanların kütləvi axın etməsi ilə bağlıdır: “Bu zaman avtomatik olaraq  qiymətlərin artmasının şahidi oluruq. Burada iki məsələ var: birincisi obyektlərin sayı çox, rəqabət güclü olmalıdır ki, qiymət avtomatik tənzimlənsin. İkinci məsələ isə odur ki, iş adamları önünü görməli, gələcəyə yönəlik məqsədləri olmalıdır. Beşillik, onillik planları olmalıdır. O zaman gələn müştəridən ani qazanc əldə etmək haqqında düşünmür, daimi qazanc haqqında düşünür. Bu, sahibkarın ağılsız olması anlamına gəlmir, sadəcə olaraq, o, sabahından ümidsizdir, önünü görə bilmir. Bilmir ki, gələn il bu obyekt onun əlində olacaq, ya yox. Özəl mülkiyyətin toxunulmazlığı təmin olunmalıdır, məhkəmə qaydasında buna təminat olmalıdır, ölkədə özəl mülkiyyətin problemləri həllini tapmalıdır. Regionlarda istənilən obyektin sənədlərini araşdırsaq, orada problemlərin olduğunu görə bilərik. İcra başçıları dəyişəndə obyekt sahibləri də dəyişir. Bu səbəbdən sahibkar düşünür ki, bu il nə qazandım, qazandım, gələn il obyektin kimin əlində olacağını bilmək olmaz. Bu səbəbdən onların uzunmüddətli inkişaf strategiyaları yoxdur. Problem də bundadır. Yeganə səbəb insanların acgözlüyü deyil. Sistemin oyun qaydaları bəzən sahibkarları belə işləməyə məcbur edir və istehlakçı olaraq bütün Azərbaycan vətəndaşları bundan əziyyət çəkir”.

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir

Vahid Əhmədov: “Bu sahədə xüsusi bir qanuna ehtiyac var”

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Vahid Əhmədov da bildirdi ki, bu məsələni tənzimləyən bir qanun layihəsinin olmasına ehtiyac var və xarici təcrübədə də yuxarı qiymət həddinin müəyyənləşdirilməsi ilə bağlı hallara rast gəlinir: “Xidmət sektorunda biz də bu kimi hallarla rastlaşırıq. Müştərinin 50 manat xərci çıxacaqsa, ondan bəzən 75, bəzən 100 manat alırlar. Bu mənada qiymət artımı olur, bunu tənzimləmək də çətindir. Nəzarət orqanları mütəmadi monitorinqlər aparıb bu kimi halların qarşısını almalıdırlar. Nə üçün sahibkar  3 manata aldığı məhsulu 6 manata müştəriyə təqdim etməlidir. Xərclər və gəlir üçün müəyyən qədər qiymət qoymaq olar, ancaq bir neçə dəfə baha satılmasına yol verilməməlidir. Qiymət məsələsi Azərbaycanda böyük problemdir. İstər ərzaq məhsullarında, istər geyimdə, istər xidmət sektorunda olsun – bizdə həddindən artıq çox qiymət artımı olur. Bunlar obyektiv yox, subyektiv qiymət artımlarıdır. İnsanlar da keyfiyyət məsələsinə görə bu məhsulları almağa məcbur olurlar. Qiymətlə bağlı bir qanun qəbul olunmalıdır. Bu bizim komitədə müzakirə olunacaq. Söhbət hər şeyin ucuz satılmasından yox, obyektiv qiymətə satılmasından gedir. Xərcləri çıxmaq üçün, gəlir əldə etmək üçün bir qədər qiymət artırmaq olar, bu, obyektiv qiymətləndirmədir. Subyektiv qiymətləndirmə isə odur ki, 30 faiz üzərinə qoymaq əvəzinə, iki qat baha satırsan. İqtisadiyyat Nazirliyi nəzdində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var, onlar bu sahədə iş aparırlar, yüzlərlə müəssisəyə cərimələr tətbiq ediblər. Bu işi genişləndirmək lazımdır. Bəzi ölkələrdə qiymətlərin yuxarı həddini müəyyən edirlər ki, sahibkar ondan yuxarı çıxa bilməz. Məsələn, dərman məhsulları ilə bağlı belə bir qayda var, yuxarı həddi aşanlar qanunsuz iş görmüş sayılır. Bu sahədə xüsusi bir qanuna ehtiyac var. Əslində qiyməti bazar tənzimləməlidir, ancaq elə hallar var ki, müdaxilə vacib olur. Ya gərək bazara əlavə məhsul çıxarasan ki, qiymət stabilləşsin, ya da digər rıçaqlardan istifadə etmək lazımdır”.

Həmçinin oxuyun

“Aqroservis” rəhbərliyi KƏNDLİLƏRƏ QARŞI – “…intihar edəcəyik”

 -Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən …