Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Xarici investorları Azərbaycana cəlb etmək planı işə düşdü
Financial accounting stock market graphs analysis

Xarici investorları Azərbaycana cəlb etmək planı işə düşdü

Azərbaycan xarici investorları ölkəyə, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə cəlb etmək üçün iqtisadi diplomatiyasını gücləndirməyə başlayıb. Prezident İlham Əliyev bununla bağlı dövlətin bütün əlaqədar strukturları qarşısında konkret vəzifələr qoyduğunu açıqlayıb.

Bir müddət əvvəl Ələtdə azad iqtisadi zonanın təməlini qoyan Prezident Dövlət Televiziyasına verdiyi müsahibədə xaricdəki səfirliklərin də zonaya investor cəlbi prosesinə qoşulacağını bəyan edib. O bildirib ki, zona bir ildən sonra fəaliyyətə başlayacaq: “O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər”.

Prezident beynəlxalq hesabatlara əsaslanaraq Azərbaycanda xarici investorlar üçün əlverişli şərtlər olduğunu, lakin bu şərtlərə baxmayaraq, ölkəyə gələnlərin yetərincə olmadığını deyib. O, həmçinin müxtəlif ölkələrlə mövcud olan hökumətlərarası komissiyaların fəaliyyətindən narazılığını bildirib: “Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın. Bir daha demək istəyirəm, çünki bizim bir çox ölkələrlə belə komissiyalarımız var. Amma bu komissiyaların işini təhlil edərkən görürəm ki, xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni Azərbaycanda daha çox pul qazanmaq istəyirlər, bunun mənası budur. Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir”.

Prezidentin müsahibəsindən sonra Azərbaycanla onlarla dövlət arasında olan hökumətlərarası komissiyaların tərkibi ciddi şəkildə yenilənib. Eyni zamanda, Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı bir sıra sənədlərə dəyişiklik edərək, Azərbaycanı xarici ölkələrdə bu quruma tabe olan ticarət nümayəndəliklərinin yaradılmasına qərar verib. Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, bundan sonra nazirliyin strukturuna daxil olan ticarət nümayəndələrinin aparatları xarici ölkələrdəki səfirlik və konsulluqlardan kənarda fəaliyyət göstərəcək. Artıq səfirliyimiz olmayan İsraildə ticarət nümayəndəliyimiz fəaliyyətə başlayıb. Bu isə dövlətin investisiya cəlbində çox maraqlı olduğunu göstərir.

Aydın məsələdir ki, potensial investorların ölkəyə cəlbində xarici ölkələrdəki səfirliklərin rolu böyük ola bilər. Sabiq xarici işlər naziri və Estoniyadakı səfirimiz olmuş Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan ticarət nümayəndəliklərini indi yaradır, amma bu, dünyada geniş yayılmış praktikadır: “Səfirliklər olduqları ölkədə dövlətin maraqlarını təmsil edirlər. Hər bir səfirlikdə Xarici İşlər Nazirliyinə tabe olmayan bir sıra nazirliklərin nümayəndələri ola bilər. Məsələn, hərbi attaşelər. Onlar Xarici İşlər Nazirliyinin işçiləri olmurlar, akkreditasiyaları da fərqlidir. Onlar birbaşa Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərirlər. Bundan əlavə, bir sıra ölkələrdə, məsələn,Türkiyədə Mədəniyyət Nazirliyinin nümayəndəsi vardı. Daha sonra Təhsil Nazirliyinin də bəzi ölkələrdə nümayəndələri vardı – ora gedən tələbələrlə məşğul olurdu. İqtisadi məsələləri adətən səfirliyin bu istiqamət üzrə ixtisaslaşmış bir əməkdaşı aparırdı. Səfirliklərin ştatı elə çox deyil. İqtisadi məsələlərə baxan adam bilavasitə səfirin rəhbərliyi altında işləyirdi. Burada hansısa təşəbbüsün yolu uzaq idi – əvvəlcə səfirə məlumat verilirdi, o, Xarici İşlər Nazirliyinə müraciət edirdi, oradan isə təbii ki, İqtisadiyyat Nazirliyinə məsləhət olunurdu. İndi ticarət nümayəndələri bu prosedurları keçmədən birbaşa İqtisadiyyat Nazirliyi ilə işləyəcəklər. Bu, əvvəlcədən olan təcrübədir, görə bizdə necə alınacaq. Dövlətin hazırda vəsaitlərə ciddi ehtiyacı var, müxtəlif təcrübələrdən bəhrələnmək təbiidir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Ticarət nümayəndəliklərinin yaradılması təcrübəsi var”

Sabiq nazir bildirir ki, müxtəlif ölkələrdəki səfirliklər hökumətlərarası komissiyaların işində iştirak edirdilər: “Əlaqələrin yaradılması, zəruri hallarda vizaların verilməsi və sair. Lakin bununla yanaşı, birbaşa hökumətlər arasında, müxtəlif qurumlar arasında da əlaqələndirmə var. Bir çox mövzularda nazirliklər özləri xarici ölkələrdəki həmkarları ilə əlaqələr quraraq müəyyən tədbirlər planlaşdırırlar. Səfirliklər həmin tədbirlərin təşkilində imkanları çatan qədər dəstək verirlər. Hökumətlərarası komissiyaların fəaliyyətinin aktivləşdirilməsi də dövlətin xarici investorları cəlb etmək üçün atdığı addımlardan biridir. Onun nə qədər effektiv olacağını yəqin ki, görəcəyik”.

İqtisadçı-alim Elşad Məmmədov deyir ki, xarici ölkələrdəki ticarət nümayəndəlikləri xarici investorların müasir texnologiyalar şəklində ölkəyə cəlbində mühüm rol oynamalıdır: “Bu nümayəndəliklər əslində xarici iqtisadi əməkdaşlığımızın daha şaxələndirilmiş və daha ekvivalent aparılmasına istiqamətlənməlidir. Bu gün biz xarici ticarətimizin strukturuna baxsaq, demək olar ki, yüksək texnoloji ixracat az qala yox səviyyəsindədir. Belə olan halda ixracatımızın ilk növbədə coğrafiyasının deyil, strukturunu dəyişdirməyə ehtiyac var. Çünki xarici ticarətin coğrafiyasında yaxın qonşu ölkələrin mühüm yer tutması dünya təcrübəsində çox rast gəlinən haldır. Ona görə də mən coğrafiyanın şaxələndirilməsindən daha çox xarici ticarətimizin strukturunun təcili olaraq dəyişdirilməsi üçün ciddi addımların atılmasını zəruri hesab edirəm. Hədəf Azərbaycanın ixracatında yüksək əlavə dəyər tutumlu ixracatın payının dəfələrlə artırılması olmalıdır. Biz bu gün hətta neft ixracatımızın tərkibinə baxdıqda, emal məhsullarının deyil, xam neftin ixracının əsas yer tutduğunu görürük. Bu baxımdan, neft emalının, özü də ixraca hesablanmış emalının qurulması vacib prioritetlərdən biri olmalıdır”.

Elşad Məmmədov: "Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsinə çevrilir" |  Report.az

Elşad Məmmədov: “Ölkəyə müasir texnologiyaları gətirəcək investisiyalara üstünlük verilməlidir”

İqtisadçı-alimə görə, Azərbaycanın ticarət nümayəndəlikləri ilk növbədə ixrac imkanlarımız böyük olan qonşu ölkələrdə fəaliyyətlərini gücləndirməlidilər. E.Məmmədov hökumətlərarası komissiyaların fəaliyyəti ilə bağlı iradları haqlı sayır: “Bu qurumlar daha çox ya formal fəaliyyət göstərirdilər, ya da Azərbaycanda icra olunan irihəcmli layihələrə podratçıların tapılmasına daha çox diqqət ayırırdılar. Halbuki hədəflər ayrı olmalıydı. Hədəflər ölkəyə texnoloji inkişafın sürətlənməsinə təkan verəcək investisiyaların cəlbi olmalıydı. Düşünürəm ki, hökumətlərarası komissiyaların tərkibinə yalnız hansısa nazirliklərin məmurları deyil, daha hazırlıqlı, geniş spektrli mütəxəssislərin, ekspertlərin, elmi müəssisələrinin mütəxəssislərinin iştirakına ehtiyac var. Ümumiyyətlə, Azərbaycanın uzunmüddətli xarici ticarətinin vektorlarının işlənib hazırlanmasına, qısa müddətdə tətbiqinə başlanmasına ehtiyac var. Xarici investisiyaların cəlbinə gəlincə, Azərbaycanda daxili investisiya institutunun yaradılıb inkişaf etdirilməsi, daxili investisiya məkanının inkişafı son dərəcə zəruridir. Xarici investisiya dedikdə, biz ölkəyə müasir texnologiyaları gətirəcək investisiyaları hədəfləməliyik. Bu, qısa müddətdə bizim xarici ticarətimizin keyfiyyət strukturunun dəyişməsinə, bir çox istiqamətlərdə idxaldan asılılığımızın azalmasına imkan verəcək”.

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb. Mərkəzi Bankın açıqladığı məlumata əsasən, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 1 400 904 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin birinci rübü ilə müqayisədə 212 653 000 dollar və ya 17,9 faiz çoxdur.

Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 512 865 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb. İqtisadiyyatımıza ikinci ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 211 953 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 56,2 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə – Malayziyadan Azərbaycana investisiya qoyuluşu isə 2 dəfə artıb və 135 488 000 dollar olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 5919,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalıb. İstifadə olunmuş vəsaitin 4068,9 milyon manatı və ya 68,7 faizi məhsul istehsalı sahələrinə, 1381,5 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 469,0 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3610,3 milyon manatını və ya 61,0 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3938,0 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Musavat.com

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …