Ana səhifə / İqtisadiyyat / Xanım Klintonun ərini döyməsi seçkiqabağı “qara piar”dır?

Xanım Klintonun ərini döyməsi seçkiqabağı “qara piar”dır?

Amerika mətbuatı bu iddianın üstünə getmir, kitab müəllifləri isə milyonlar qazanır…

Xəbər verdiyimiz kimi, Hillari Klinton birinci ledi olarkən onun mühafizəsində olmuş məxfi agent ölkənin birinci ailəsinin sirlərini faş edən kitab yazıb. 
Kitabda deyilir ki, “vulkan” temperamentinə malik xanım Klinton ara-sıra ərinə qarşı zorakılıq nümayiş etdirirmiş və o, guya 1995-ci ildə baş vermiş növbəti dava-dalaşdan birində prezident Bill Klintonun gözünü qaraldıbmış.
Özünün “Xarakter böhranı” (“Crisis of Character”) kitabında Ağ Evin keçmiş agenti Qeri Börnün yazdığna görə, vəziyyət elə şəkil alıbmış ki, hətta Məxfi Xidmət prezidenti öz xanımından qorumaq məsələsini müzakirə etməli olubmuş.
Amma bu, ilk belə fakt deyil. Ötən ilin oktyabrında da ABŞ-da Bill və Hillari Klintonların ailəsində zorakılıqdan bəhs edən kitab çapdan çıxıb. Kitabın müəllifi prezident Riçard Niksonun administrasiyasında köməkçi işləmiş Rocer Stoun olub.
“The Clintons’ War On Women” adlı kitabda deyilir ki, Klintonlar ailəsində hökm sürən zorakılıqda təcavüzkar rolunda heç də ər deyil, arvad çıxış edirmiş. Kitabda Hillari Klinton dəyişkən təbiətə malik, qəfildən özündən çıxıb aqressivləşən qadın kimi təsvir edilir. Onun zorakılığının qurbanları arasında gah ev qulluqçuları, gah xüsusi xidmət agentləri, gah da öz əri Bill Klinton olurmuş. “Hillari Klintonun əri Billə qarşı sərt davranışının uzun tarixçəsi var. O, ərini döyüb, bərk əşyalarla vurub, cırmaqlayıb və qanını töküb”- deyə Stoun yazıb.
Kitabda 1993-cü ilin martında Bill Klintonun boynunda əmələ gəlmiş böyük cızıqdan bəhs edilir. Kitab müəllifinin versiyasına görə, həmin vaxt Hillari vəfat edən atası ilə vidalaşmağa gedibmiş, Bill Klinton isə onun yoxluğundan istifadə edərək Ağ Evdə gecəni müğənni Barbara Streyzandla keçirib.
Bu haqda eşidən birinci ledi evə qayıdıb və ərini döyüb. Prezidentin mətbuat katibi isə insidentdən sonra jurnalistlər Bill Klintonun boynundakı yara haqda soruşanda belə cavab verib ki, Ağ Ev rəhbəri üzünü qırxanda ehtiyatsızlıqdan boynunu yaralayıb.
Amerika mediasında isə bu kitablarla bağlı birmənalı fikir yoxdur. Seçki öncəsi bu cür kitabın çıxmasını və xüsusən də içində səs-küy doğuran, sensasiyalı məlumatların olmasını texnoloqlar sırf biznes məqsədi ilə izah edirlər. Belə ki, bu dönəmdə prezidentliyə ən parlaq namizədin ailə həyatı prioritet hesab olunur. Bu barədə danışan, yazan… insanlar isə populyarlaşırlar.
Bizim cəmiyyətdən fərqli olaraq, Amerikada bu cür iddiaların müəllifləri külli miqdarda pul da qazanırlar. Onlar mediaya pulsuz açıqlama vermir, verilişlərə böyük şərtlər qarşılığında çıxırlar. Kitablarından astronomik məbləğdə pul qazanır, reklam çəkilişlərinə dəvət alırlar. Hətta bu iddiaların müəllifləri əllərində ciddi sübutları olduğu halda film də çəkdirirlər. Çünki həmin filmlər də, kitablar qədər populyarlıq qazanır və müəllifinə gəlir gətirir.
İndiki halda isə H.Klinton bu iddiaları, sadəcə, iqnor etməklə məşğuldur. Səbəb isə ona reaksiya verdiyin anda daha da böyüyəcəyi reallığıdır. Klintonlar onsuz da Amerikanın müasir tarixində ailə modelinə zərər gətirən hekayələrlə yer alıblar. Xüsusən də Bill Klintonun saysız-hesabsız xəyanət hekayələri və xanım Klintonun onu hər dəfə bağışlaması amerikanlarda bu ailə barədə fərqli təsəvvür formalaşdırıb.
Bu kitablara və iddialara qədər xanım Klinton fədakar həyat yoldaşı, gözəl ana, səbirli bir xanım olaraq cəmiyyətə təqdim edilirdi. Sözügedən iddialar isə “pərdəarxası”, “Hillarinin iç üzü” kimi qələmə verilir. 
 
Amerikan cəmiyyətinin ailədaxili şiddət, fiziki təzyiq mövzusunda nə qədər həssas olduğunu nəzərə alanda isə bu durum heç də prezidentliyə namizəd üçün xoş perspektiv vəd etmir. Rəqibləri “qara piar” məqsədilə bu detaldan gen-bol istifadə edə bilərlər. Bunun seçkilərə necə təsir göstərəcəyini isə zamanla müşahidə edəcəyik. 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın