Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Virus manata təzyiqləri artırır

Virus manata təzyiqləri artırır

Dünya iqtisadiyyatında ciddi təlatümlərə, iqtisadi artımın azalmasına səbəb olan koronavirus epidemiyası Azərbaycan iqtisadiyyatında ciddi problemlərə yol aça bilər. Bu problemlərin bir istiqaməti neft bazarında qiymətlərin ucuzlaşmasıdırsa, digər istiqamətləri ticarət əlaqələrinin zəifləməsi, turizmin azalması, səhm bazarındakı dəyərsizləşmə səbəbilə Neft Fondu aktivlərinin itkilərlə üzləşməsi və sairdir.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, qeyd olunan istiqamətlərdə yaranacaq təhdidlər Azərbaycanın milli valyutası olan manatı da ciddi təzyiqlərə məruz qoyacaq. Q.İbadoğlunun sözlərinə görə, manata təzyiqlərin artımını bir neçə trendlə müəyyənləşdirmək mümkündür: “Ötən il Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu və tədiyə balansının cari hesabının profisiti əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2019-cu ildə 2018-ci illə müqayisədə xarici ticarət balansının müsbət saldosu 2 milyard  dollardan çox azalıb. Cari ildə də həmin tendensiya davam edir. İxrac gəlirləri azalır, idxal xərcləri isə artır. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin gəlirləri 7 milyon 285 milyon dollar proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq icra göstəricisindən 29,7 faiz, 2019-cu ildə gözlənilən icra göstəricisindən isə 30,9 faiz azdır. Bununla yanaşı, bu il üçün ARDNF-nin aktivlərinin azalması proqnozlaşdırılb, hazırda səhm bazarında və valyuta bazarındakı proseslər azalmanın proqnozlaşdırılandan da çox olacağını deməyə əsaslar yaradıb.


Bundan əlavə, 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının 186,7 milyon barel olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisinə nisbətən 10,4 milyon barel və ya 5,3 faiz az olacaq. Koronavirusun təsirlərindən dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşmasını da nəzərə alsaq, valyuta gəlirləri azalır”.

Qubad İbadoğlu ile ilgili görsel sonucu

İqtisadçı-alim Mərkəzi Bankın valyuta rejiminin liberallaşdırılması qərarını da manata təzyiqi artıran amillərdən  biri kimi qiymətləndirir: “Mərkəzi Bankın rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında etdiyi son dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində (əvvəlki müddət 270 gün idi) malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər. Nəzərə alsaq ki, kapitalın ölkədən qaçışının əsas formalarından biri də ticarət kreditlər və avanslarıdır, bu, kapitalın ölkədən qaçmasını sürətləndirəcək.

Hazırda ölkəyə xarici sərmayələr azalır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 5,7 milyard dollar, 2018-ci ildə isə 4,1 milyard dollar təşkil edib. 2019-cu ilin 9 aylıq yekunlarına görə birbaşa xarici investisiyalar 2,76 milyard dollar olub. Bütün bunlar Azərbaycan manatını ciddi şəkildə təsirləndirəcək. Əgər dünya bazarında neftin qiymətinin ucuzlaşması davamlı xarakter alarsa və uzun müddət çəkərsə, eyni zamanda koronavirusun yayılması səbəbindən Azərbaycanla Rusiya, İran və Türkiyə arasında ticarət münasibətləri pisləşərsə, o halda manatın devalvasiyası qaçılmaz olacaq. Bununla yanaşı, Azərbaycanın başlıca ticarət tərəfdaşlarının milli valyutasının dəyərsizləşməsi manata təzyiqi daha da artıracaq”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərlinin musavat.com-a bildirdiyinə görə, neftin dünya bazar qiyməti olaraq Azərbaycan üçün qırmızı xətt 55 dollardır: “Hökumət büdcə və digər istiqamətlərdə bütün hesablamalarını bu qiymət həddi ilə hesablayıb. Hazırda isə qiymət 52 dollardan aşağı düşüb və prosesin hansı səviyyəyə qədər davam edəcəyinə dair hansısa fikir də yoxdur. Çünki virus çox sürətlə yayılır, getdikcə daha çox ölkədə yoluxma halları qeydə alınır. Bütün müsbət xarakterli açıqlamalara rəğmən nə ona qarşı peyvənd var, nə də yüksək effektli müalicə üsulu. Nəticələr, müşahidə olunan vəziyyət isə təhlükənin getdikcə böyüdüyünü göstərir. Bu ilin əvvəlindən bəri dünya turizm dövriyyəsi 25-30 faiz aşağı düşüb. Həm səfərlərin sayı azalıb, həm əvvəlcədən sifarişlərin geri qaytarılması halları artıb. Belə vəziyyətdə neftin qiymətinin hansı həddə qədər düşəcəyini bilmək də olmur”.

Ekspert hesab edir ki, yaxın həftələr ərzində virusun nəzarətə götürülməsi baş verməsə, dünya iqtisadiyyatında problemlər dərinləşə, neftin qiyməti isə 50 dollardan da aşağı düşə bilər: “Bu isə Azərbaycan üçün çox ağrılı nəticələrə səbəb ola bilər. Neftin qiyməti aşağı həddə bir neçə ay qalarsa, Mərkəzi Bank və hökumət məcburən manatın devalvasiyasına getməli olacaqlar. Təxminən 15-20 faiz civarında ucuzlaşma ola bilər. Amma neftin qiyməti bir neçə həftədən, hətta bir aydan sonra yenidən yüksəlməyə başlasa, buna ehtiyac olmayacaq. Düşünürəm ki, hökumət hələlik gözləmə mövqeyi tutacaq, prosesləri izləyəcək. Problem dərinləşib, neftin qiyməti uzunmüddətli dövr üçün aşağı olacaqsa, manatın məzənnəsini inzibati yollarla saxlamaq mümkün olmayacaq”.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …