Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Vergi orqanları sahibkarları sıxırmı? – DEPUTATLAR

Vergi orqanları sahibkarları sıxırmı? – DEPUTATLAR

Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması müddəti daha 4 illiyə artırılır. İki ildir ölkə sahibkarları çoxsaylı, bir çox hallarda əsassız yoxlamalar aradan qaldırılıb.

Ölkədə sahibkarlığın inkişafına yönəlmiş bu addımı iş adamları yüksək qiymətləndirirlər. “Yeni Müsavat”a danışan bir çox xırda və orta sahibkarlar yoxlamaların dayandırılması ilə aylıq azı 1500-2000 manata çatan qeyri-qanuni ödənişlərdən azad olduqlarını qeyd edirlər.

Lakin son aylarda sahibkarlar arasında vergi orqanlarından narazılıqlar artmaqdadır. Bununla bağlı iş çevrələrində ciddi müzakirələrin aparıldığı, vergi orqanlarının iş adamlarından əsaslandırılmamış halda yüksək məbləğdə vergi, bir çox hallarda isə qeyri-rəsmi ödənişlər tələb etdiyi bildirilir. Elə qəzetimizə danışan sahibkarların əksəriyyəti də vergi orqanlarının artan təzyiqlərindən şikayətlənirlər. Onlar digər qurumların yoxlamalarından azad olduqları, lakin son vaxtlar verginin hamını əvəz etdiyini, biznesə ciddi maneələr yaratdığını bildirirlər. İş adamlarının dediyinə görə, əsassız hesablanan vergilərlə bağlı məhkəmələrə müraciət edirlər, lakin vergi orqanları prosesin nəticəsini gözləmədən onların obyektlərində yoxlamalara başlayaraq, fəaliyyətlərinin faktiki olaraq dayanmasına səbəb olurlar.

Vergilər Nazirliyinin açıqladığı statistikaya baxdıqda görünür ki, qurumun Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə qaldırılan cinayət işlərinin sayında artım var. Belə ki, bu ilin 9 ayında qeyd olunan faktlar üzrə başlanmış cinayət işlərinin sayı ötən ilin eyni dövrünə nisbətən 16 faiz artaraq 339-dan 405-ə çatıb. Lakin başlanan cinayət işləri üzrə aparılan araşdırmalar zamanı büdcəyə ödənməsi təmin edilən məbləğ azalaraq 54 milyon 14 min manat dan13 milyon 433,2 min manata düşüb. Ötən ilin 9 ayında 175, bu ilin analoji dövründə isə cəmi 64 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayevin bu gün mətbuata verdiyi açıqlamadan isə aydın olub ki, son 23 ayda Vergilər Nazirliyinin xətti ilə sahibkarlıq subyektlərində cəmi 113 yoxlama aparılıb.

Zahid Oruc: “Sahibkarlar çalışırlar ki, vergini daha az ödəsinlər”

Image result for Zahid Oruc

Vergi orqanları tərəfindən sahibkarlıq subyektlərinə təzyiqlərin artması ilə bağlı məlumatlara münasibət bildirən Milli Məclisin üzvü, deputat Zahid Oruc hesab edir ki, bu prosesdə sahibkarların davranışları mühüm rol oynayır: “Müxtəlif üsullarla vergi ödənişini azaltmaq, vergidən yayınma hallarına dünyanın bütün ölkələrində rast gəlinir. Yəni inzibati orqanlarla sahibkarlar arasında bununla bağlı problemlər, belə hallara qarşı mübarizə tədbirləri əksər dövlətlərdə var. Məsələn, götürək elə biznesin inkişafı baxımından böyük nailiyyətlər əldə etmiş Türkiyəni. Bu ölkədə hər hansı sahibkara müraciət etsən, istehsal etdiyi mal-məhsulu real dəyərindən xeyli aşağı qiymətə rəsmiləşdirməyə həvəslə razılaşır. Hətta bir çox hallarda özləri alıcını buna həvəsləndirirlər. Yəni deməyim odur ki, belə sahibkarlar hər yerdə olduğu kimi, Azərbaycanda da var. Şəxsən tanıdığım bir neçə sahibkar var ki, onlar da müxtəlif yollarla vergini daha az ödəməyə çalışırlar. Yaxud hamımız tez-tez görürük ki, vergi hesablanması üçün dövriyyənin müəyyənləşdirildiyi vaxt gələndə bir çox iri marketlərdə piştaxtalar boşaldılır – sanki satılacaq heç nələri yoxdur. Bu, əlbəttə, vergidən yayınmaq istəyindən irəli gələn məsələdir. Bundan başqa, restoranlar, şadlıq evləri və sair iaşə obyektləri də ən çox vergidən yayınan subyektlərdir.”

Deputat deyir ki, Azərbaycanda ən yüksək vergi borcları iri dövlət müəssisələrindədir: “Bizim qeyri-neft sektorundakı ən iri vergi ödəyicilərimiz  dövlət qurumlarıdır. Bir neçə iri dövlət qurumu var ki, yüz milyonlarla manat vergi borcları yığılıb. Bura AZAL, “Azərenerji”, “Azərsu” və digərləri aiddir. Belə olduqda, dövlət büdcəsindən maliyyələşən 900 min nəfərədək insanın maaşının ödənməsi, sosial müavinətlərin ödənməsi və sair üçün dövlət büdcəsinə lazım olan vəsaiti necə toplamaq olar? Bu şəraitdə, əlbəttə ki, vergi orqanlarının üzərinə böyük yük düşür.”

Z.Oruc hesab edir ki, vergi orqanlarının təzyiqləri ilə bağlı şikayətlərin səsləndirlməsi sahibkarların hansısa vergi güzəştləri əldə etmək marağından da irəli gələ bilər: “Ola bilsin ki, 2015-2016-cı illərdə baş verən proseslər nəticəsində sahibkarların imkanları daralıb, çətinlikləri yaranıb və onlar müəyyən güzəştlər istəyirlər. Məsələn, son vaxtlar kərə yağının qiymətinin artması ilə bağlı müzakirələr göstərdi ki, burada dünya bazar qiymətindəki dəyişiklik mühüm rol oynayır. Bu şəraitdə sahibkarın edəcəyi heç nə yoxdur, ona görə də hamı dövlətdən gözləyir ki, idxalçı sahibkarlara müəyyən güzəştlər edilsin  ki, qiymətlər bir qədər aşağı düşsün. Lakin sahibkarların haqlı olmadığı məqamlar da çoxdur. Bununla mən sahibkarların hamısının ucdantutma vergidən yayınan olduğunu demək istəmirəm. Amma etiraf edək ki, bu kimi hallara çoxdur.”

Parlament üzvünün fikrincə, vergitutmada xırda və orta sahibkarlara bir qədər daha liberal yanaşmanın olması vacibdir: “Belə sahibkarlar üçün differensial yanaşma, ayrı-ayrı ünvanlı güzəştlərin tətbiqinə ehtiyac var.”

Image result for Vahid Əhmədov

Vahid Əhmədov: “Bir vaxtlar gömrüklə bağlı da narazılıqlar vardı…”

Milli Məclisin digər üzvü Vahid Əhmədov yoxlamaların daha 4 illik müddətə dayandırılmasının sahibkarlar üçün böyük stimul olduğunu deyir: “Bütün yoxlamalar dayanıb, yalnız vergi qalıb ki, bu da mütləq olmalıdır. Çünki büdcəyə gəlirləri təmin etmək lazımdır. Vergi orqanları barədə narazılıqlar barədə mənə də bəzi məlumatlar çatır, lakin konkret faktlar açıqlayan yoxdur. Belə faktlar varsa, müraciət etsinlər, biz də məsələni qaldıraq hökumət qarşısında. Xatırlayırsınızsa, bir zamanlar gömrüklə bağlı belə məlumatlar həddən artıq çox yayılmışdı. Məsələ ictimailəşdirildi, problem qaldırıldı və həllini də tapdı. İndi görürsünüz, idxal artmış görünür. Əslində isə artım yoxdur, sadəcə, gətirilənlərin hamısı uçota alınır, bu sahədə tam şəffaflıq təmin olunub. Eyni qaydada, əgər vergiylə bağlı problemlər varsa, sahibkarlar müraciət etsinlər, məsələ həll olunsun.”

Onu da qeyd edək ki, vergi orqanlarındakı mənbələr sahibkarlıq subyektlərindən hər hansı qeyri-rəsmi ödəniş tələb olunması hallarının olmadığını, yalnız hesablanmış vergilərin ödənməsinin təmin olunduğunu bildirirlər: “Büdcə qarşısında götürülmüş öhdəlik var, vergilərin tam həcmdə toplanması təmin olunmalıdır. Son vaxtlar vergitutma bazası kiçilib, sahibkarların dövriyyəsi azalıb. Buna görə də vergilərin ödənməsində çətinliklər yaranıb. Vergi də onları sıxanda bu cür narazılıqlar yaranır, əsassız ittihamlar meydana çıxır.”

V.Əhmədov isə bildirir ki, büdcə proqnozları hazırlanarkən bütün vergitutma bazası dəqiqliklə hesablanır: “Büdcə proqnozu əvvəlcədən müəyyənləşir, Maliyyə Nazirliyi də onu təsdiqləyir. Bu, elə bir məbləğ deyil ki, vergi orqanları onu istədikləri kimi azaldıb-artıra bilsinlər. Ötən il bildiyiniz kimi, vergi amnistiyası tətbiq olundu –  xüsusi qanun əsasında. İndi ola bilər ki, ayrı-ayrı hallarda narazılıqlar, problemlər olsun. Müraciət edilərsə, onunla məşğul olarıq.”

Vergilər Nazirliyindən məsələ ilə bağlı sorğumuza cavab olaraq, konkret fakt olarsa, aydınlıq gətirə biləcəklərini bildirdilər.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …