Vergi məcəlləsinə 2024-cü il üçün nəzərdə tutulan bir sıra əlavə və dəyişikliklər barədə mətbuatda deputatın adından ən-ənəvi şəkildə şərh təqdim olunub. Ən-ənəvi deyərkən , söhbət istənilən təklifi bal kimi tərifləyib təqdim etmək bacarığından gedir. Tarif şurası kommunal xidmətlərin, yanacağın və dövlətin təbii inhisarında olan digər sahələrdə qiymətləri qaldırarkən filan, filan xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. kimi kosmetik təvsir verdiyi kimi ictimaiətə müjdə vermək olmaz. Əvvəlcə məsələnin mahiyyətini və iqtisadi mənzərəni və nəticələri düzgün təhlil edib qiymətləndirmək lazımdır. Məsələ ondadır ki, mətbutda yayımlanan məlumatla nazirlik rəsmisinin açıqlamasında ciddi fərqlər var. Belə ki, Dövlət Vergi Xidmətinin rəisinin açıqlamasında çox incə və vacib məqamlara da toxunulub, hansı ki, olduqca vacib meyarlarla xarakterizə olunur.
Burada mənim toxunacağım və əsas diqət çəkən məsələ ardıcıl 12 aylıq dövrün istənilən ayında vergitutulan əməliyyatlarının həcmi 200 000 manatdan yuxarı olmayan vergi ödəyicilərinin gəlir və ya mənfəət vergisinə tətbiq olunan vergi güzəştinin ləğv olunmasıdır. Mətbuatda bütün belə gəlir və mənfəət vergisi ödəyiciləri olan mikrosahibkarların 75 faiz güzəşt hüququnun ləğvolunması əks olunur. Belə ki, daha zərif xüsusiyyəti ilə seçilən mikrosahibkarlıq subyektlərində ağır maliyyə yükü ilə üzləşmə halında öz həcminə münasibətdə lokaut hadisələri qaçılmaz ola bilər. Çünki gələn 2024 –cü ildə minimum əməkhaqqı məbləğində artım, əməkhaqqının SM məqsədləri üçün baza hissəsinin yüksəlməsinə, məcburi dövlət sosial sığorta, işsizlik sığortası (MDSS , İSS,) və icbari tibbi sığorta (İTS) xərclərinin artmasına, bu da məşğulluq sahəsində əhəmiyyətli dərəcədə kütləyə malik olan mikrosahibkarların ümumi təsərrüfat xərclərinin qarşılanmasında, işçilərin saxlanmasında, çətinliyə səbəb olacaq. Öz yükünü çətinliklə daşıyan mikrosahibkarlıq subyektləri güzəştlərlə əhatə olunmasalar onlar ya işçilərin sayına yenidən baxacaqlar, ya da öz fəaliyyətlərinə xitam verməli olacaqlar. Bu kateqoriya sahibkarlıq subyektlərinə dövlətin ehtiyyatla yanaşması həqiqətən də vacib məsələdir. Çünki özünü məşğulluq və sosial yükün dövlət üçün azaldılmasında bu kateqoriya sahibkarlıq subyektləri əhəmiyyətli çəkiyə və rola malikdirlər. Bir qədər diqqətdən kənarda qalan məsələ isə neçə illərdir ki, inflyasiya nəzərə alınmadan mikrosahibkarlar üçün ardıcıl 12 aylıq dövr ərzində vergitutulan əməliyyatların həcminin 200.000 ( iki yüz min) manat həddinin dəyişmədən saxlanılmasıdır. Təsəvvür edin ki, 01 yanvar 2016 –cı ildən qüvvədə olan vergi məcəlləsində təsbit olunmuş müddəanın üzərindən 7 il keçməsinə və bu müddət ərzində əmtəə və xidmətlərin dəyərində iki rəqəmli artım (inflyasiya) baş verməsinə baxmayaraq, 200 000 manat hədd hələ də dəyişdirilməyib.
Nəzərə almaq lazımdır ki, məşğulluq dövlətin sosial siyasətinin əsas hədəfidir. Bu məsələdə mikrosaibkarlıq subyektlərinin rolu az deyil. Mikrosahibkarların öz mövcudluğunu qoruyub saxlamasında əsas səbəblərdən biri vergi güzəştlərinə görə rəqabətə davam gətirmələridir. Məsələ ondadır ki, güzəşt ləğv olunduğu təqdirdə mikrosahibkarlar kiçik , iri və orta sahibkarlıq subyektləri ilə rəqabətə də davam gətirə bilməyəcəklər. Gəlirləri xərclərini qarşılaya bilməyəcək. Çünki kiçik dövriyyə ilə xərcləri qarşılamaq, maraq doğuran gəlir əldə etmək, və sahibkarlıqla məşğul olmaq üçün stimul yaratmaq mümkün deyil. Məsələn : Əgər aylıq vergitutulan dövriyyəsi 10000 ( on min) manat olan sahibkar belə güzəştdən məhrum olarsa onda təxminən aşağıdakı mənzərə yaranmış ola bilər. Hər birinin aylıq əməkhaqqı məbləği 500 manat müəyyənləşdirilmiş, 6 nəfər işçisi olan sahibkarlıq subyektinin əməkhaqqı fondu 3000 manat təşkil edir. Onda işəgötürənin MDSS, İSS və İTS üzrə ümumi xərcləri ortalama 594 manat , yəni təkcə məşğulluğa yönələn xərclər əməkhaqqı fondu ilə birlikdə 3594 manat təşkil edir. Bundan başqa bank xidmətləri , komissyon və nağdlaşdırma əməliyyatlarına görə SV , aşınma, digər təsərrüfat xərcləri, icarə haqqları, ÖMV ,ticarət fəaliyyəti ilə məşğul olduğu halda 15 faiz ticarət əlavəsi ilə işləyən sahibkarın alınan mallara görə ödənişlərini də nəzərə alsaq sahibkar hökmən ya işçilərlə müqaviləyə xitam verərək təkbaşına işləməlidir ki, xərclərini qismən optimallaşdıra bilsin , ya da ki, fəaliyyətinə xitam verməlidir. Belə artımlar yalnız və yalnız böyük dövriyyəsi olan təsərrüfat subyektləri üçün təhlükə yaratmaya bilər. Mikro sahibkar güzəştdən məhrum olunduğu təqdirdə kiçik dövriyyə ilə öz gəlirlərinə münasibətdə xərclərini qarşılaya bilməzlər. Ona görə də Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən verilən təklifdə İşçilərinin orta aylıq sayı 3 nəfərdən çox olan mikrosahibkarlıq subyektlərinin gəlir və mənfəət vergisi məqsədləri üçün 75 faiz güzəşt hüququnun saxlanılması çox müdrik və mükəmməl qərardır. Bu isə öz növbəsində dövlətin iqtisadi siyasətinin sosial yönümlü əsaslarla tənzimlənməsinin, habelə Dövlət siyasətinin önündə vətəndaş və vətəndaş rifahı dayandığının göstəricisidir. Məşğulluq siyasətinin diqqət mərkəzində saxlanılması, sosial rifahın mənbəyi sayılan əməyin və məşğulluğun inkişafı üçün prioritet məsələdir. Hesab edirəm ki, bu nəcib yanaşma mikrosahibkarların gələcək fəaliyyəti və məşğulluqla bağlı apatiyaya düşməsinə imkan verməyəcək.
Elçin QURBANOV,
iqtisadçı