Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Varlıların Bakıdakı mağazaları bağlanır – səbəb

Varlıların Bakıdakı mağazaları bağlanır – səbəb

Ekspert: “Bu mağazalar ya öz profillərini dəyişəcəklər, ya da icarə haqları aşağı salınacaq”

Son zamanlar Bakının mərkəzi küçələrində brend geyim mağazalarının yenidən bağlanma halları müşahidə edilir. Xüsusilə də Neftçilər prospektində, Zərifə Əliyevə küçəsində varlıların alış-veriş etdikləri mağazalar öz fəaliyyətlərini dayandırırlar.

Öncə qeyd edək ki, bu mağazalardan sıravi vətəndaşlar alış-veriş etmirlər. Çünki mağazalarda satılan libasların qiyməti çox yüksəkdir.  Manatın dəyər itirməsindən sonra ölkə əhalisinin “qənaət rejimi”nə keçməyə başlaması ilə Bakının Nizami küçəsində də ard-arda bir neçə geyim mağazası qapadılmışdı. Həmin ərəfədə mağaza sahibləri bildirirdilər ki, icarə haqları çox yüksək olduğu üçün işləmək sərf etmir. Ona görə də fəaliyyətlərini dayandırırlar.

Bəs indiki zamanda varlıların mağazalarının bağlanma səbəbi nədir?

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı müxtəlif səbəblərin olduğunu bildirdi. N. Cəfərli ilk olaraq qeyd etdi ki, son illərdə Bakının mərkəzi küçələrində obyektlərin icarə haqları fantastik dərəcədə artıb: “Bəzi hallarda hətta dükanların Nyu-Yorkdan da baha qiymətə icarəyə verilməsi hallarını görürük. Devalvasiyalardan sonra proses bir qədər səngidi və dükanların bəziləri bağlandı, bir qismində də icarə haqları aşağı salındı. Ancaq görünən odur ki, bu, yetərli deyil. Mərkəzi küçələrdə çox bahalı brend mağazaların bəzilərinin yığışması bunun imic layihəsi olduğunu sübut edir. Çalışırdılar ki, xaricilərin, qonaqların çox istifadə etdikləri küçələrdə brend mağazaların sayı çox olsun. Bu, həm də şəhər üçün bir imic yaradırdı ki, hər şey qaydasındadır, iqtisadiyyat inkişaf edir. Görünən odur ki, bu brend mağazaların saxlanması getdikcə daha da çətinləşir. Həm xərc artıb, həm də icarə pulu, vergi, işçilərin maaşları, kommunal xərclər və digər bu kimi  məsələlərə böyük məbləğ lazım olur. O mağazaların əsas müştəriləri də çox imkanlı insanlar idi. İmkanlı ailələr onsuz da ildə bir neçə dəfə xarici ölkələrə üz tuturlar. Çox zaman da onlar öz alış-verişlərini Avropadan və digər getdikləri yerlərdən edirlər. Nəticədə bu mağazaların müştəri sayı azalır və alış-verişdən əldə etdikləri dövriyyə də azalır. Azalmanın qarşısında bəzi mağazaların bağlanması isə təbii haldır”.

İlgili resim

Ekspert bildirib ki, burada çıxış yolu kimi ya icarə haqları yenidən aşağı düşməli, ya da profil dəyişməlidir: “Profilin dəyişməsi dedikdə daha kütləvi, qiyməti aşağı olan mallara üstünlüyün verilməsindən söhbət gedir. Bahalı brendlərdən orta və aşağı səviyyəli brendlərə keçid edə bilərlər. Çox güman ki, biz yaxın zamanda bu iki hadisəni izləyə biləcəyik. Bundan sonra da mağazaların bağlanması prosesi davam edəcək. Ümid vardı ki, xarici turistlər və turizmin inkişafı burada müəyyən qədər rol oynayacaq, mağazalar ayaqda qalacaq. Ancaq görünən odur ki, xaricdən gələn insanlar bu mağazalardan alış-veriş etmirlər. Ərəb turistləri isə daha ucuz brendlərə üstünlük verirlər. Bahalı brendlərdən alış-veriş edənlərə çox nadir hallarda rast gəlinilir. Ona görə də belə bir vəziyyətdə çox güman ki, bir müddət sonra yenə icarə haqlarının azaldılmasını müşahidə edəcəyik. Ərəblərin öz ölkələrində də bu kimi bahalı brendlər var. Özü də orada  eyni geyimlər buradakından çox ucuzdur. Çünki həmin ölkələrdə vergilər daha aşağıdır. Belə olan halda hansısa varlı ərəbin gəlib bu brendləri alması real görünmür. Bu baxımdan da deyə bilərik ki, mağazalar açılan zaman nəzərdə tutulan bəzi hesablar və planlar da baş tutmadı”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …