Ana səhifə / İqtisadiyyat / Ukrayna Banderayla Avropaya girə bilərmi?

Ukrayna Banderayla Avropaya girə bilərmi?

Ukraynada millətçilərin tarixi lideri, tarixdəki rolu heç də birmənalı qarşılanmayan Stepan Banderaya pərəstişin hökm sürdüyü bir vaxtda bu ölkənin Avropaya inteqrasiyası mümkün olacaqmı? Polşanın hakim Hüquq və Ədalət Partiyasının lideri Jaroslaw Kaczynski-nin Stepan Bandera barədə söylədiyi fikirdən sonra bu sual daha da aktuallaşıb.

“Mən prezident Poroshenko-ya (Ukrayna prezidenti Petro Poroshenko) açıq dedim ki, Bandera ilə onlar Avropaya girə bilməyəcəklər. Bu, mənə görə aydın məsələdir. Biz onsuz da çox səbr nümayiş etdirmişik, amma hər şeyin bir həddi var. Ukraynada polyaklara qarşı soyqırımı törətmiş bir şəxsə pərəstiş göstərilməsinə uzun müddət dözə bilmərik”.

Jaroslaw Kaczynski Ukrayna siyasətçiləri arasında, Kiyev, 1 dekabr 2013

Jaroslaw Kaczynski Ukrayna siyasətçiləri arasında, Kiyev, 1 dekabr 2013

Kaczynski-nin bu sözləri Polşa mətbuatında geniş yer alıb.

“Kaczynski, Banderanı tarixçilərin ixtiyarına buraxın”; “Politoloq: Bandera ukraynalılar üçün vətənpərvərliyin əsas və yeganə rəmzi deyil”; “Dövlətlərin çoxunun tarixində Banderanın analoqu var, amma nədənsə, yalnız qonşularımız bizə şərt qoyur”.

Bunlar isə polşalı siyasətçinin ukraynalı millətçi barədə sözlərinə cavab olaraq Ukrayna mətbuatında çıxan çoxsaylı yazılardan bir neçəsinin başlığıdır.

Ukraynada da Polşa tarixi ilə bağlı çoxlu iradlar var

Ukraynalı tarixçi-politoloq Aleksandr Paliy Kaczynski-nin tənqidi fikrinin əsassız olduğunu düşünür. Hesab edir ki, başqa ölkənin tarixi hadisələrinə qiymət verərkən öz ölkənin milli tarixinin ölçülüb-biçilmiş prizmasından baxmaq lazımdır:

“Polşanın özünün tarixində Ukrayna ilə bağlı 17-ci əsrdən başlayıb ta “Visla” əməliyyatı zamanı ukraynalıların deportasiyasınadək xeyli sual doğuran məqamlar var. Yəni bizdə də Polşa tarixi ilə bağlı çoxlu iradlar var. Ancaq bu, bizə əsas vermir ki, polyaklara öz tarixlərinə necə münasibət bəsləməyi öyrədək. Bu, doğru və ciddi olmaz. Məsələn, Polşanın himnində Stefan Czarniecki xatırlanır. Bu şəxs 17-ci əsrdə Ukraynada bir neçə mahalın əhalisini qırmaqla xatırlanır. Bununla belə, onun adı Polşanın himnində var. Yəni öz gözündə tiri görmədən qonşunun gözündə tük axtarmaq lazım deyil”.

2008-ci ildə “Ukrayna xalqının ədalətli tarixini dirçəltmək və bu sahədə dövlət siyasətini gerçəkləşdirmək” məqsədilə Milli Yaddaş İnstitutu yaradılıb. Əsasən 20-ci əsrin hadisələrini öyrənən bu İnstitut icra hakimiyyəti orqanının tərkib hissəsi kimi fəaliyyət göstərir. Əməkdaşları da dövlət qulluqçusu sayılır.

Aleksandr Paliy-in fikrincə, bu İnstitut ukraynalı qəhrəmanların müasir tarixdə rolu məsələsində dövlət siyasətinə uyğun davranır. Və bu siyasət də əhalinin əksəriyyətinin əhvalına uyğun gəlir. Politoloq vurğulayır ki, İnstitutun milli maraqların qorunmasında sərgilədiyi qətiyyətli mövqe bir çox məsələdə yetərincə effektivdir.

Milli Yaddaş İnstitutu səlahiyyətinə aid olmayan işlərlə məşğuldur

Digər politoloq Aleksey Yakubin isə fərqli düşünür. Onun sözlərinə görə, Milli Yaddaş İnstitutu səlahiyyətinə aid olmayan işlərlə məşğuldur:

Ukrayna Ali Radası, Kiyev, 21 dekabr 2016

Ukrayna Ali Radası, Kiyev, 21 dekabr 2016

“Bu orqan prezident Viktor Yushchenko-nun dövründə yaradılıb. Konstitusiyada fikir müxtəlifliyinin təsbit edilməsinə və vahid dövlət ideologiyasının mövcudluğuna baxmayaraq, Milli Yaddaş İnstitutu Ali Radadan bir alət kimi istifadə edərək, qanunların köməyi ilə vətəndaşlar üçün bu və ya digər tarixi hadisəni necə şərh etməyi müəyyənləşdirir”.

Yakubin-in dediyinə görə, İnstitut keçmişin hamı üçün ortaq mənzərəsini yaratmağa çalışmadığından cəmiyyətdə konstruktivliyə xidmət etmir:

“Axı, İnstitut niyə tarixin hamını birləşdirən obrazını yox, müəyyən siyasi qüvvələrə sərf edən, onların hakimiyyətini legitimləşdirən tarixi obrazları təlqin edir? Məsələn, hazırda İnstitut müxtəlif sosioloji sorğulara görə əhalinin müxtəlif təbəqələrinin ortaq bayram kimi qəbul etdiyi 9 May Qələbə Gününu milli bayramlar siyahısından çıxarmağı təklif edir. Gətirdiyi əsas isə siyasi arqumentlərlə doludur”.

İnstitutun ləğvi üçün prezident Poroshenko-nun rəsmi saytında yerləşdirilmiş petisiya ilk bir həftə ərzində çox az – 400-dən bir az çox imza toplayıb. Məsələnin baxılmasına qalan 85 gün ərzində imzaların sayı 25 minə çatmalıdır. (Azadliq.org)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın