Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə edam cəzası tarixindən – ARAŞDIRMA

Türkiyədə edam cəzası tarixindən – ARAŞDIRMA

Türkiyədə 32 ildir ki, icra olunmayan, 14 ildir ki, cinayət məcəlləsində olmayan ölüm cəzası 15 iyul çevriliş cəhdindən sonra meydanlarda “edam istəyirik” şüarları ilə yenidən gündəmə gəlib.

Çevriliş cəhdindən sonra Kahramanmaraşda Fethullah Gülenin müqəvvası, yaxasında “Alçağa edam” lövhəsi ilə yandırılıb. Bəzi başqa yerlərdə də Gülen müqəvvaları “asılıb”.

Milliyyətçi Hərəkət Partiyası (MHP) baş katibi Devlet Bahçeli ölüm cəzası məsələsi gündəmə gələr-gəlməz edam hökmlərini dəstəkləyərək “AKP hazırdırsa, MHP dünəndən hazırdır” deyib.

Baş nazir Binali Yıldırımsa Bahçelinin çağırışına cavab olaraq deyib ki, “başqa partiyalar da dəstək versələr, bu cəza növü bundan əvvəlki cinayətlərə tətbiq edilməmək şərtilə bərpa oluna bilər”.

Bundan əvvəl prezident Recep Tayyip Erdoğan “demokratiyalarda xalq nə desə, o olur” demiş, bu barədə müxalifətlə məsləhətləşmələr aparılacağını vəd etmişdi.

Belə başa düşmək olar ki, Türkiyə tarxində bir qayda olaraq çevriliş zamanlarında artan edam cəzaları bu dəfə çevrilişçilər üçün gündəmə gətirilib.

Türkiyə tarixində edam balansı

Türkiyədə 1920 və 1984-cü illər arasında 15-i qadın olmaqla toplam 712 nəfər edam olunub.

dARBE KARSITI GOSTERIImage copyrightREUTERS
Image captionTürkiyədə həyata keçirilmiş çevriliş cəhdlərinə qarşı etirazlarda da edam cəzasını müdafiə edən şüarlar olurdu

İstiqlal Məhkəmələrinin qərarı ilə edam edilənlər bu siyahıya daxil deyil.

Burası da var ki, edamların tarixi əsasən hərbi çevrilişlərlə bağlı olub.

Bülent Tanörün “Türkiyədə İnsan Haqları Məsələsi” adlı kitabında deyilir ki, orta hesabla hər bir mülki ildə 2, hər bir hərbi ildə isə 13, 5 edam icra olunub.

2012Image copyrightAFP
Image caption2012-ci ildə 12 sentyabr çevrilişçilərinin mühakimə olunmasını tələb edən bir aksiya

27 may 1960-cı il çevrilişindən sonra baş Nazir Adnan Menderes və nazirləri Fatih Rüştü Zorlu və Hasan Polatkan edam edilib.

12 Mart 1971 şurasının ardınca Məclisdə “3-3” qışqırtıları ilə Deniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnanın edamına səs verilib.

12 sentyabr 1980-ci il çevrilişindən sonra isə “ictimai yarar naminə” 50 nəfər həyatını dar ağaclarında itirib.

Bu arada “ölüm cəzasında nə kimi ictimai yarar olması məsələsi” də müzakirə olunmayıb.

Məsələn İlyas Hasın ölüm cəzasına məhkum edilməsinə dair qərar cəmi bircə səhifəyə yerləşmişdi.

Son olaraq 1984-də İlyas Has və Hıdır Aslan edam edilib.

Öcalanın asılması barədə müzakirələr və edamın ləğvi

TBMM-də DSP-MHP-ANAP hökuməti zamanında, 2002-ci ilin avqustunda “müharibə və müharibə ərəfəsində törədilmiş cinayətlərdən başqa bütün cinayətlər üçün ölüm cəzası” ləğv olunub.

Bu çox da asan olmayıb. Erkən seçki qərarı qəbul edilərkən, Avropa İttifaqı paketinə görə edam cəzası ləğv olunub və ara qarışıb.

Abdullah OcalanImage copyrightAP
Image captionPKK lideri Abdullah Öcalanın edamı barədə müzakirələr 1990-cı illərin sonlarında və 2000-ci illərin başlanğıcında gündəliyin çox mühüm məsələsi olmuşdu.

MHP partiyasından olan millət vəkilləri seçkidən əvvəl meydanlarda “Aponu asacağıq” kimi şüarlar səsləndirirdilər.

Baş Nazir Bülent Ecevitsə “DSP olarak uzun illərdir edam cəzasına qarşı olmuşuq. Dünyanın bir çox yerlərində belə cəza əslində ləğv olunub. Türkiyədə də ləğv olunması bizi sevindirir” deyirdi.

O həm də əlavə etmişdi ki, bu məsələni Apo ilə bağlamaq lazım deyil.

Bundan sonra, 15 yanvar 2003-cü il tarixində Avropa İnsan Haqları Müqaviləsi 6-cı Protokolunun imzalanması ilə dinc zamanlarda ölüm cəzasının ləğv olunması barədə qərar imzalanıb.

26 iyun 2003-cü ildə isə TBMM bu protokolu ratifikasiya edib və qanundakı “müharibə və müharibə ərəfəsi zamanında” ifadəsi çıxarılıb və beləliklə Türkiyədə ölüm cəzası tamamilə ləğv edilib.

7 may 2004-cü ildə isə ölüm cəzası Türkiyənin əsas qanunu – Konstitusiyadan çıxarılıb.

Bunun ardınca cinayət məcəlləsi də dəyişdirilib.

Bahçeli “kəndir” oynatdı, Erdoğan “hüquqi dövlət” dedi

Bütün bunlara baxmayaraq PKK lideri Abdullah Öcalanın məsələsi uzun illər davam etdi.

Öcalan 29 iyun 1999-cu ildə “silahlı terror təşkialtı yaratmaq və ona rəhbərlikdə” ittiham edilərək ölüm cəzasına məhkum edildi, lakin ölüm cəzası artıq mövcud olmadığından hökm həbsxana cəzası ilə əvəz edildi.

Buna baxmayaraq hətta 2007-ci il seçkisindən əvvəl də MHP lideri Devlet Bahçeli, meydanlarda bu məsələni gündəmə gətirirdi.

Devlet bahceliImage copyrightAFP
Image caption2007 seçki kampanyası zamanı Devlet Bahçeli Erdoğanı Öcalanın asılmasını dəstəkləmədiyi üçün tənqid edirdi

30 iyun 2007-ci il tarixində Ərzrumun vağzal meydanında Bahçeli əlində kəndir firladarq Öcalanı asmadığına görə Erdoğanı qınayırdı: “Təkbaşına hökumət sənsən. Niyə asmadın? Oğluna gəmi alacaq qədər pulun var, bir kəndirə pulun çatmır?” – deyirdi MHP lideri.

O vaxt baş nazir olan Erdoğan onun cavabını Mersində keçirilən mitinqdə vermişdi:

“Dünən Ərzrumda əməlli-başlı artistlik edib. Əlində kəndirlə gəzirmiş. Mənə kəndir göndərir. “Al, edam et” deyir… Biz indi hüquqi dövlətdə yaşayrıq. İndi biz ölüm cəzalarının ömürlük həbsxana cəzası ilə əvəz edildiyi bir vaxtda yaşayrıq. Belə bir zamanda kiməsə kəndir atmaq qanunlardan uzaq olmaq deməkdir. Bunlardan xəbəri yoxdur. Nəyin olub-keçdiyindən xəbərsizdir” – demişdi Erdoğan.

Millət vəkillərinin edamı

Əslində insanlığın tarixi bir az da dar ağaclarında yazılıb. Məsələn qədim Misirdə fironun qəbul etdiyi iqtisadi qərarlara etiraz etməyin cəzası ölümmüş.

Qədim yunan şəhərlərində də ölüm cəzası olub.

Osmanlı zamanında Osmanlı dövlətində “İslam hökumətinin …qanun və nizamlarına qarşı cinayətlərin, padşahın nüfuzunun məhdudlaşdırılmasını istəməyin, padşahın taxtına qarşı təhlükə yaratmağın, həyatına qəsdin, padşahın təhqiri, dövlətə qarşı üsyanın cəzası edam imiş.

Türkiyədə 1926-cı ildə çıxarılmış Cinayət Məcəlləsinə görə “dövlətin mövcudiyyətinə qarşı bəzi siyasi cinayətlər” üçün edam nəzərdə tutulurdu.

Bir sözlə Osmanlıda Şeyx Bədrəddindən tutmuş respublika zamanında baş nazir Adnan Menderesədək, 12 martda Deniz Gezmiş, Yusuf Aslan və Hüseyn İnandan 1984-də son edam edilənlər – İlyas Has və Hıdır Aslana qədər edam cəzalarının uzun bir tarixi var.

Bir müddət SHP-dən Ankara millət vəkili olmuş Kamil Ateşoğullarının “Ölüm cəzası bəşəriyyətə qarşı cinayətdir” kitabında İstiqlal məhkəmələrinin və TBBM-in qərarları ilə icra edilmiş edamların uzun bir siyahısı verilib.

Bu siyahıda 1920-1960-cı illər arasında 11-i istiqlal məhkəməsinin qərarı ilə olmaqla edam edilənlərin arasında 16 millət vəkili də var. Bunlardan son üçü Hasan Polatkan və Fatin Rüştü Zorlu, bir də baş nazir Adnan Menderes idi.

“Kommunist asmaq” arzusu

Türkiyə Cinayət Məcəlləsinin “məşhur” 144-cü maddəsinə 1951-ci ildə dəyişiklik edilərkən millət vəkili Arif Nihan Asya bu dünyadan dar ağacından asılmış bir kommunist görmədən getmək istəmədiyini demişdi.

27 may 1960-cı il tarixində hərbi hakimiyyət qurulduqdan sonra Adnan Menderes, Fatin Rüştü Zorlu və Hasan Polatkan edam edildilər.

gezmıs gosterıImage copyrightAFP
Image captionDeniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnan 6 may 1972-də edam edildilər. Solçu qruplar, Gezmiş və yoldaşları üçün hər il xatirə mərasimi keçirirlər

Bu edamlardan 10 il sonra, 12 Mart zamanı növbə həmin o millət vəkili Asyanın istədiyi “kommunistlərə” çatdı.

10 mart 1972-ci ildə TBMM-də Gezmiş və yoldaşlarının edam cəzası tələb edildi.

Bu arada CHP edam hökmlərinin ləğvinə vəkillik etməkdə itiham edilirdi.

Peşman olan siyasətçilər

DSP-MHP-ANAP-ın qurduğu 57-ci hökumətin vaxtında, TBMM-də edam cəzasının qaldırılmasının müzakirə olunduğu günlərdə (2002, aprel-may) istər 12 mart, istərsə də 12 sentyabr çevrilişlərinin ardınca edamlara səs vermis siyasətçilərlə də söhbət etmişdik.

Bu müsahibələr sonralar “Mühakiməli edamlar” kitabı şəklində dərc olunmuşdu.

O vaxt ölüm cəzalarının icrasına səs verənlər, səs verməsəydilər “vətən xaini” çıxarılacaqlarını əsas gətirirdilər.

Bəziləri xəcalət çəkirdi, hətta minnətçi salıb adlarının kitaba salınmamasını istəyirdilər.

O vaxt Ədalət Partiyasından (AP) Zeki Çeliker-ə zəng etmişdik və o bizə demişdi ki, heç vaxt ölüm hökmlərinin icrasına səs verməyib, yəni əli qalxmayıb…

Ona Deniz Gezmiş və yoldaşlarının edamına səs verdiyini xatırladanda, “deməli unutmuşam, səhv eləmişəm” demişdi.

AP siyasətçilərindən Nahit Menteşe, “hərbçilər mütləq edam istəyridi. Amma biz də Deniz Gezmiş və yoldaşları məsələsində səhv etdik” söyləmişdi.

İsmet Sezgin də “səhv etdik. O zamanın havasında Məclis başqa qərar verə bilməzdi” demişdi.

Deniz Gezmiş və yoldaşlarının ölüm cəzalarının müzakirə olunduğu vaxtlarda 9-cu prezident Süleyman Demirellə də danışmışdıq.

Süleyman DemirelImage copyrightGETTY IMAGES
Image captionSüleyman Demirel Gezmiş və iki yoldaşının edamına verdiyi dəstək barədə sonralar “o zamanın şərtləri elə idi” demişdi

Demirel “O vaxtın şərtləri elə tələb edirdi” demişdi.

“İnsani tərəfini düşünsək, insan bir qarışqanın da incidilməsini istəməz. Amma bir iş var. Hikməti-idarə və dövlətçilik deyilən bir şey bizim ənənələrimizdə vardır. “Padşahlar qardaşlarını, uşaqlarını asdırıblar” deyərkən fəxr ediləsi bir ənənə deyil, amma de facto bunlar olub. Qanuni sultan Süleyman öz oğlu Mustafanı boğdurarkən təbii ki, bunu istəyərək etməmişdi…Amma etmişdi” – deyirdi Demirel.

“Asmayaq nə edək? Bəsləyəkmi?” deyən Evren də edama qarşı çıxmışdı

12 sentyabr hərbi çevrilişindən sonra Milli Təhlükəsizlik Şurasının başçısı olan Kenan Evren meydanlarda “asmayaq, bəs nə edək? Bəsləyəkmi” deyirdi.

Çevrilişin lideri, Türkiyənin 7-ci prezidenti Kenan Evrenlə də görüşmüşdük.

Kenan EvrenImage copyrightAP
Image captionBir çox insanın edamına qərar vermis xuntanın rəhbəri Kenan Evren 22 il sonra “Aİ-ni istəyiriksə, edam da olmamalıdır” deyib

O, çevrilişdən 22 il sonra “Aİ-ni istəyiriksə, edam da artıq olmamalıdır” qənaətindəydi.

Evren bizim “bu gün ölüm cəzası barədə nə düşünürsünüz” sualımıza belə bir cavab vermişdi:

“Edamın ləğv olunmasına tərəfdaram. Çünki Avropa İttifaqına girmək tərəfdarıyam. Türkiyənin hədəfi budur. Atatürk də bunu demişdi. Avropa İttifaqına girmək üçün onların şərtlərini qəbul etməliyik. Yəni onlar deyirlər ki, yalnız bunları icra etsəniz sizi qəbul edərik. Madəm ki, belədir nə edə bilərik? Yəni edam cəzası olmasın”.

Amma indi belə görünür ki, 15 iyul çevriliş cəhdindən sonra edam cəzası Türkiyənin önəmli gündəm məsələsi olacaq.

Bu müzakirələrdə Türkiyənin edam tarixində yaşanmış hadisələrin də gündəmə gələcəyini gözləmək olar. (BBC)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın