Şənbə , Sentyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Türkiyəni çətin sınaq gözləyir: “Referendum ərəfəsində terror olacaq”

Türkiyəni çətin sınaq gözləyir: “Referendum ərəfəsində terror olacaq”

Türkiyədə aprelin 16-da referendum keçiriləcək. Ümumxalq səsverməsində 51 milyon seçicinin iştirakı gözlənilir. Qardaş ölkənin taleyini müəyyənləşdirəcək referendum dünyanın diqqət mərkəzindədir. Hazırki situasiya referendumun gərgin keçəcəyindən xəbər verir. Müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyir. Cümhuriyyət Xalq Partiyası (CHP) və kürd yönümlü Xalqların Demokratik Partiyası (HDP) isə referenduma qarşıdır.

Ümumxalq səsverməsinin nəticələrinin necə olacağını proqnozlaşdırmaq çətindir. Son rəy sorğularına əsasən Türkiyə konstitusiyasına edilən dəyişikliyə seçicilərin 51.5 faizi “Hə”, 48.5 faizi isə “Yox” deyir.

Türkiyədə keçiriləcək referendum öncəsi vəziyyəti AzVision.az-a dəyərləndirən siyasi ekspert Arzu Nağıyev hesab edir ki, seçkinin nəticəsinin necə olacağı sual altındadır:

“Geosiyasi vəziyyət və regionda baş verən hadisələr fonunda referendumun gərgin keçəcəyi gözlənilir. Kimin qalib olacağı bəlli deyil. Lakin təbliğat və təşviqatdan görünür ki, AKP referendumdan qalib çıxa bilər. Bu, heç də o demək deyil ki, seçki sakit məcrada baş tutacaq. Referendum ərəfəsində Türkiyənin bir sıra bölgələrində partlayışların olmasını nəzərə alsaq, yeni terror aktlarının baş verməsi ehtimal olunur. Ona görə də bu prosesin ağır keçəcəyini düşünürəm”.

A.Nağıyev bildirib ki, seçkinin nəticəsindən asılı olaraq Türkiyənin gələcək taleyi müəyyən olunacaq: “Türkiyədə 1923-cü ildən indiyə qədər daim Böyük Millət Məclisi qanunverici orqan kimi çıxış edib. Hətta prezident tərəfindən qəbul olunan hər hansı bir qərara veto qoymaq hüququna malik olub. 550 nəfər millət vəkili Türkiyənin idarə edilməsində mühüm rol oynayıb.

Referendumda səsverməyə çıxarılan yeni konstitusiyada əsas məsələ prezidentin səlahiyyətlərinin artırılması, baş nazirlik institutunun ləğvi, vitse-prezidentlik institutunun yaradılmasıdır. Yəni, hazırda parlamentdə olan bütün hüquqların çoxu prezidentə keçəcək.

Mühüm məqamlardan biri də seçkidən sonra ölüm hökmünün bərpası ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatıdır. Bu da əsas problemlərdən biridir. Bu gün ölüm hökmü verilə biləcək şəxslər FETÖ və dövlət çevrilişinə cəhd edənlərdir. Bu isə çoxsaylı şəxsin ölüm hökmü ilə cəzalandırılaması ilə nəticələnə bilər”.

Referendumla bağlı Qərbdə və Avropada yaranan narahatçılığa münasibət bildirən A.Nağıyev deyib: “Referendumla bağlı Qərbi razı salmayan məqamlar var. Əsas məqam ondan ibarətdir ki, burada insan hüquqlarının mümkün pozulmasından söhbət gedə bilər. Qərb belə düşünür ki, prezident tam səlahiyyətli şəkildə hər şeyə veto qoya bilərsə, parlament bütün hüquqlarından məhrum olursa, bu insan hüquqlarının pozulmasıdır. Bütün hallarda seçkidə xalq öz sözünü deyəcək”.

Həmçinin oxuyun

İlham Şaban: Neft infrastrukturu stabillik tələb edir

Səudiyyə Ərəbistanının neft obyektlərinin keçən həftə hücuma məruz qalmasından sonra dünya üzrə neft qiymətləri qalxsa …

Bir cavab yazın