Ana səhifə / İqtisadiyyat / Türkiyə və İsrail bu axşam Romada anlaşır

Türkiyə və İsrail bu axşam Romada anlaşır

Türkiyə 6 ilik fasilədən sonra İsraillə əlaqələri yenidən bərpa edir, mübarizə romantizmi yerini praqmatik siyasətə verir.
Bu gün İsrail və Türkiyə arasında barışıq əldə oluna bilər. Türkiyə mətbuatının yazdığına görə, hazırda danışıqların son raundu İtaliyanın paytaxtı Romada aparılır və axşam saatlarında anlaşma əldə oluna bilər. Əl-Cəzirə Türk kanalının məlumatına görə, danışıqları Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müstəşarı Feridun Sinirlioğlu, İsrail tərəfdən isə baş nazir Netanyahunun xüsusi təmsilçisi Ciechanover təmsil edir.
İsrail tərəfi Roma görüşünü təsdiqləsə də, Türkiyə tərəfi heç bir açıqlama verməyib. Sonuncu dəfə tərəflər arasında görüş apreldə Londonda keçirilmişdi və bu görüşdən sonra Türkiyə XİN anlaşmanın yekun mətni ilə bağlı irəliləyiş əldə olunduğu və yekun anlaşmanın yaxında imzalanacağı ilə bağlı açıqlama yaymışdı.
Bildirilir ki, anlaşmanın imzalanması ilə bağlı baş nazir Netanyahu özü də bazar günü axşam Romaya gedəcək. Netanyahu burda ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək və yəqin ki, Türkiyə ilə əldə olunacaq anlaşma ilə bağlı Kerriyə də bilgi verəcək.
Qeyd edək ki, yekun anlaşmanın imzalanacağı ilə bağlı İsrail mediası bir neçə gün əvvəl məlumat yayıb. İsrail qəzetləri Türkiyə MİT (kəşfiyyat) rəhbəri Hakan Fidanla İsrailin milli kəşfiyyat təşkilatının rəhbəri Yossef Kohen arasında anlaşmanın detallarının müzakirəsi keçirilib. Eyni zamanda kəşfiyyat rəhbərləri iki ölkə arasındakı anlaşmada Həmas şərti mövzusunu da razılaşdırıblar.
Şənbə günü isə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Həmas siyasi bürosunun sədri Xalid Məşalla görüşüb.
Xalid Məşalın səlahiyyət müddəti yaxın zamanlarda başa çatır. Ancaq bu görüşün əsas məqsədi İsrail-Türkiyə danışıqlarında Həmas şərti və Qəzza blokadası ilə bağlı fikir mübadiləsi olub. Çünki İsrail və Türkiyə arasında danışıqlarda əsas suallı məsələlərdən biri də Türkiyənin Həmasla olan əlaqələri idi. İsrail Həması terror təşkilatı olaraq qəbul edir və bu təşkilatın Türkiyədə rəsmi əlaqələrinin, təmsilçiliklərinin olmasını istəmir. Qeyd edək ki, Həmasın Türkiyədə mərkəzi daha əvvəl olub və təşkilatın Türkiyə təmsilçisi Salih Aruri adlı şəxs bir qədər əvvəl Türkiyədən çıxarılıb. Ancaq İsrail rəsmiləri Həmasın Türkiyədə geniş əlaqələrinin olduğunu və pul topladığını iddia edir və bu səbəbdən də bu əlaqələrin dayandırılmasını tələb edir.
Ancaq Türkiyə hökuməti İsraillə danışıqlarda Həmas şərtinin olmadığını iddia edir. Ancaq bir şey aydındır ki. Türkiyə və İsrail arasında münasibətlərin normallaşması qarşısında ciddi əngəllərdən biri də Həmasdır. 
Xatırladaq ki, Türkiyə və İsrail arasında münasibətlər məhz Fələstin mövzusuna görə soyuqlaşıb. Əsas qırılma nöqtəsi isə 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan Mavi Marmara adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsi olmuşdu. İsrail gəmini həbs etmiş və yalnız bir müddətdən sonra gəmi və içindəkiləri geri göndərmişdi. Bu hadisə İsrail və Türkiyə arasında diplomatik münasibətlərin dayandırılması ilə nəticələnmişdi.
Türkiyə İsraillə diplomatik əlaqələri dayandırmış və münasibətlərin yenidən bərpa olunması üçün Qəzzaya tətbiq edilən embarqonun götürülməsi, İsrailin üzr istəməsi və öldürülən insanlara görə təzminat ödənilməsini tələb edirdi. 2013-cü ildə İsrailə səfərə gələn ABŞ prezidenti Barak Obamanın təkidi ilə baş nazir Netanyahu Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edərək üzr istəmişdi. Bundan sonra iki ölkə arasında nisbi yumşalma və danışıqlar başladı.
İndi isə artıq danışıqlar son mərhələyə gəlib və böyük ehtimalla bazar günü iki ölkə arasında yekun anlaşma əldə olunacaq və münasibətlər yenidən qaydaya salınacaq. Türkiyə hökuməti rəsmiləri də anlaşmanın tərəfdarı olduqlarını açıq şəkildə bəyan edir. Məsələ burasındadır ki, son illərdə Türkiyənin ənənəvi müttəfiqi olan ABŞ-la, eləcə də Avropa Birliyi ilə münasibətlərində ciddi soyuqluq yaranıb. Bundan başqa regionda Misir, İran, İsrail kimi dövlətlərlə də münasibətlərində soyuqluq var. İraq və Suriya ilə onsuz da ciddi problemlər mövcuddur. Rusiya ilə münasibətlər isə ötən ilin noyabrında pozulub. İndi Türkiyə hökuməti üçün bu vəziyyətdən çıxış yolu münasibətlərə yenidən baxmaqdır. Bu istiqamətdə ilk cəhd İsraillə edilir. Çünki İsrailin ciddi lobbi imkanları var, Qərbdə təsir gücü çoxdur. Eyni zamanda hazırda Yaxın Şərqdə vəziyyət dəyişib və ərəb ölkələri belə İsraillə qarşıdurmaya getmirlər. Belə bir durumda Türkiyənin ərəb müttəfiqlərinin də geri çəkildiyi bir zamanda İsraillə düşmənçiliyi davam etməsinin heç bir anlamı qalmır.
Üstəlik İsrail özü də Türkiyə ilə barışmaqda maraqlıdır. Bu isə anlaşmanı əldə etmək üçün əlavə üstünlük verir. Beləliklə, həm İsrail, həm də Türkiyə indi barışmaqda maraqlıdır. Qalır onu reallaşdırmaq.
Musavat.com

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …

Bir cavab yazın