Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə və İraq arasında ikinci Mosul gərginliyi

Türkiyə və İraq arasında ikinci Mosul gərginliyi

Mosul ikinci dəfə savaş səbəbinə çevrilmək ərəfəsində, BMT “topu” Ankara və Bağdadın qarşısına atdı
BMT Təhlükəsizlik Şurası İraq və Türkiyə arasında yaranmış Mosul gərginliyini müzakirəyə çıxarıb. Bağdadın Mosul yaxınlığındakı Başika düşərgəsindən türk əsgərlərinin çıxarılması ilə bağlı tələbi müzakirə olunub və Təhlükəsizlik Şurası Bağdad və Ankaranın problemin həlli ilə bağlı ikili danışıqları davam etdirməsini tövsiyə edib.
Bununla da əslində böhran olduğu vəziyyətdə qalıb. BMT TŞ-nin iclasında iştirak edən İraq xarici işlər naziri İbrahim Cəfərinin toplantıdan sonra hərbi qarşıdurma variantının da masada olduğunu söyləməsi vəziyyətin gərgin olduğunu göstərir. Baxmayaraq ki, iki gün əvvəl ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışaraq Türkiyə hərbi qüvvələrinin Başikadan çəkilməsini istəyib. Amma görünən odur ki, Ankara geri çəkilmək fikrində deyil.
R.T.Ərdoğan Obamaya İraqın suverenliyinə hörmət etdiklərini, ancaq antiterror əməliyyatı məqsədi ilə silahlı qüvvələrin Mosul ətrafında qalmasının vacib olduğunu qeyd edib. Oxşar fikirləri baş nazir Əhməd Davudoğlu şənbə günü verdiyi açıqlamalarda  təkrar edib. Baş nazir bildirib ki, İraqa ordu terrora qarşı mübarizəni dəstəkləmək məqsədilə İraq hökumətinin istəyi əsasında göndərilib. Eyni zamanda Ə.Davudoğlu Türkiyə ordu qüvvələrinin Mosul azad edilincəyə qədər o bölgədə qalacağını bəyan edib. Əlavə edib ki, Türkiyə İraqın ərazi bütövlüyünə hörmətlə yanaşır.
Beləliklə, BMT TŞ-nin də həll edə bilmədiyi Mosul problemi aktuallığını qoruyub saxlayır. Əslində daha çox təhlükəni İraq hökuməti deyil, nəzarətsiz qruplardan gözləmək lazımdır. Çünki rəsmi Bağdad faktiki olaraq ölkənin böyük bir qisminə nəzarət edə bilmir və Türkiyə ordusunun Mosula yerləşməsi yerli silahlı qrupları xeyli qəzəbləndirir.
Türkiyə sərhədindən Mosul şəhərinə doğru yolda, Mosulun 20 kilometrliyində yerləşən Başika qəsəbəsi son günlərdə dünya mediasının əsas gündəm mövzularından birinə çevrilib. Türkiyənin burda Başika və ya Zelikan adlı hərbi təlim düşərgəsi hələ iki il əvvəldən mövcud olsa da, Ankaranın bu mərkəzi böyüdüb bazaya çevirmək istəməsi Bağdadda, həm də görünür müttəfiqlərində, qəzəb doğurub. Əsas səbəb isə Türkiyənin hərbi təlim düşərgəsinə əlavə olaraq 25 tank və 600 hərbçi göndərməsi oldu. Eyni zamanda, sosial şəbəkələrdə Başikada hərbi təyyarələrin enə biləcəyi uçuş meydançasının tikildiyini göstərən çəkilişlər yayıldı. Bağdad Türkiyənin hərbçi göndərilməsini dayandırması, düşərgəni boşaltmasını tələb etdi. Ancaq Ankara geri çəkilmədi və yalnız əlavə əsgər göndərilməsini dayandırdığını, göndərilən hərbçilərin isə yalnız düşərgənin təhlükəsizliyi təmin etmək üçün orda olduğunu bəyan etdi. Bundan sonra Ankarada Hakan Fidan və Firudin Sinirlioğlunun rəhbərlik etdiyi heyət Bağdada getsə də, məsələ həllini tapmadı və BMT TŞ-nin müzakirəsinə çıxarıldı.
Ardınca, Türkiyə bəyab etdi ki, hərbçilərini Şimali İraq kürd muxtariyyatının nəzarətində olan başqa bölgəyə köçürüb. Amma bundan dərhal sonra İŞİD düşərgəni atəşə tutdu və iki iraqlı öldü.
Ankara və Bağdadın Başika (Zelikan) üzərində bu qədər inad etməsinin arxasında iki dövlətin maraqlarından o tərəfə regional və beynəlxalq siyasi maraqlar dayanır. Məlum olduğu kimi, hazırda İraq ərazisinin böyük bir qismi rəsmi Bağdadın nəzarətindən çıxıb. Şimali İraqda kürdlərin artıq qeyri-rəsmi müstəqil dövlətləri var və Bağdadla ümumiyyətlə, hesablaşmır. Ölkənin mərkəz və qərb bölgələri isə ötən il İraqın ikinci böyük şəhəri Mosulla birlikdə İŞİD-in əlinə keçib. İndi İraqda döyüş meydanında çoxlu sayda könüllü hərbi birliklər, fərqli ideologiyaya məxsus qruplaşmalar var. Bu mənada Türkiyənin 1000 nəfərlik hərbi kontingenti əslində Bağdadı ciddi narahat etməməliydi.
Ancaq Bağdad türklərin İraqın ikinci böyük şəhəri yaxınlığında yerləşməsindən, İŞİD-dən təmizləndikdən sonra bu bölgədə hərbi varlığını qoruyub saxlayacağından, ən pis variantda isə İraqın bölünməsi prosesinə təsir edəcəyindən narahatdır. Çünki proses artıq İraqın bölünməsinə doğru aparır və tezliklə Mosul azad edilib, İŞİD nəzarət altına alınmasa ölkənin bölünməsi gündəmə gələcək. Üstəlik, Ankaranın mərkəzi şiə hökuməti ilə münasibətlərdə soyuqluğunun olması, son iki ildə İraqın sünni siyasi qrupları ilə əməkdaşlıq etməsi rəsmi Bağdadı qəzəbləndirir.
Türkiyə isə ehtimal ki, Mosulun azad olunması prosesində bölgədə beynəlxalq silahlı qüvvələrin yerləşdiriləcəyini bildiyi üçün ilk başdan hazırlığını görür. Artıq İtaliya da Mosula əsgər göndərir. ABŞ-ın da belə bir addım atdığı bilinir, amerikalılar və ingilislər isə onsuz da İraqda idilər. Yəni Türkiyə hər variantda, həm Mosulun azad edilməsi və ya daha pis durumda, İraqın parçalanması durumunda bölgədə hərbi iştirakçı olaraq qalmaq istəyir. Bu isə aydın məsələdir ki, Bağdadla yanaşı İranın və Rusiyanın ciddi təpkilərinə səbəb olur.
Bu səbəbdən də İraq və Türkiyə arasında hərbi baza probleminin hələ bir müddət davam edəcəyi, hətta daha da gərginləşəcəyi gözləniləndir. Bu mənada, 20-ci əsrin əvvəllərində Türkiyə və Britaniya arasında münaqişə səbəbi olmuş Mosul növbəti də savaş səbəbinə çevrilə bilər. Musavat.com

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın