Ana səhifə / İqtisadiyyat / Türkiyə Rusiyaya qarşı “qırmızı xətt” planını işə saldı

Türkiyə Rusiyaya qarşı “qırmızı xətt” planını işə saldı

Moskvanın israr elədiyi iqtisadi savaşa Ankara qoşulmaq zorunda qaldı; ekspertlərə görə, vəziyyətdən qardaş ölkə daha tez və daha az itki ilə çıxacaq, nəinki Rusiya…

“Su-24″ insidentinə görə Rusiya ilə Türkiyə arasında gərginlik davam edir. Ankara rəsmilərinin situasiyanı yumşaltmağa və əməkdaşlığı saxlamağa yönəlik təmkinli, praqmatik açıqlamalarına rəğmən, Rusiya prezidenti və onun komanda üzvlərinin sərt, aqressiv ritorikası və yersiz isterikası hələ ki qalır. 
Bunu Putinin Parisdə, BMT konfransı çərçivəsində Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına növbəti dəfə ittihamlar səsləndirməsi, Ərdoğanla hər hansı təmasdan qaçması və hətta dövlət və hökumət başçıları ilə birgə xatirə şəkli çəkdirməkdən imtina eləməsi bir daha nümayiş etdirdi.
 
Məsələn, Kreml başçısı Parisdə keçirdiyi mətbuat konfransında eyni havanı çalaraq bəyan elədi ki, guya Türkiyə “Su-24″ bombardmançı təyyarəsini məhz İŞİD-in nəzarətindəki ərazilərdən neft idxalının fasiləsizliyini təmin etmək məqsədilə vurub. Onun iddiasına görə, Moskvanın əlində Suriyada İŞİD-in və başqa terrorçu təşkilatların nəzarət elədiyi ərazilərdən neftin Türkiyəyə daşındığını göstərən dəqiq məlumatlar var.
Gözlənildiyi kimi, Putinin absurd ittihamına elə Parisdəcə prezident Ərdoğan dərhal və sərt şəkildə cavablandırıb. Türkiyə prezidenti bildirib ki, Rusiya Türkiyənin İŞİD-dən neft aldığını sübut eləsə, istefa verməyə hazırdır. “Əks halda, sayın Putin də istefaya getməyə hazırdımı”, – deyə o, haqlı sual edib? 
***
Bu yerdə xatırladaq ki, Ərdoğan “Su-24″ olayından sonra da İŞİD-i terrorçu, İslamı dünyada gözdən salan və müsəlman dünyasının ”xərçəng şişi” adlandırıb və  müsəlmanları onunla mübarizəyə çağırıb. Məhz bu mövqeyinə görə o, çoxdan İŞİD-in “qara siyahı”sındadır. Yəni Kreml başçısının ittihamı yüngül tənqidə belə dözümsüzdür.
Əlbəttə ki, Putin heç bir halda öz vəzifəsindən getməyə hazırlaşmır. Bu ittihamlar da ona daxildə öz şişirdilmiş reytinqini və sifətini qorumaq üçün lazımdır. Təsadüfi deyil ki, Paris sammiti  çərçivəsində heç bir ciddi ölkə, ələlxüsus Qərb dövləti onunla həmrəy olmadı, Türkiyəni qınamadı. Rusiya bu məsələdə faktiki, tək qaldı.
O da bəlli oldu ki, Moskvanın Ankaradan üzrxahlıq gözləməsi də əbəsdir. Bu məsələ qardaş ölkə üçün artıq qapanıb. Putini qəzəbləndirən, özündən çıxaran, pərt edən ən əvvəl budur. Ancaq özü yıxılan ağlamaz. Rusiya Suriya bataqlığına girəndə onun strateqləri gərək bütün mümkün fəsadları hesablamalı idilər…
***
İndilikdə isə Kremlin gücü yalnız Türkiyəyə qarşı iqtisadi müharibəyə çatır. O da ki, bumeranq effektlidir və onsuz da ağır durumda olan Rusiya əhalisinin həyat səviyyəsinə, beynəlxalq sanksiyalar altında aydan-aya zəifləyən ölkə iqtisadiyyatına yüz faiz neqativ təsir göstərəcək. Artıq Rusiyanın embarqolarına qarşı Türkiyə də “qırmızı xətt planı” hazırlayıb. Məlumata görə, dünən baş nazirin müavini Mehmet Şimşəyin sədrliyi ilə keçirilən toplantıda belə bir plan hazırlanaraq, təsdiqlənmək üçün baş nazir Əhməd Davudoğluna təqdim edilib.
Həmin planın bəzi maddələri belədir: 
1. Rusiya gömrüklərində saxlanılan və geri qaytarılan meyvə-tərəvəz məhsulları türkiyəli ixracatçılarla görüşərək həmin mallar qiymətləndiriləcək.
 
2. Türkiyə hökuməti yerli toxuculuq, hazır geyim, elektrik avadanlığı, kimyəvi mallar istehsal edən və onun ixracı ilə məşğul olanların zərər görməməsi üçün məhsulların başqa bazarlara yönəldilməsinə yardım edəcək.
 
3. Rusiyanın Türkiyədən tranzit yolu kimi istifadə etdiyi marşrutların sayı azaldılacaq. Türkiyə ərazisindən keçən Rusiya TIR-larının içi diqqətlə yoxlanılacaq.
 
4. Planda Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz tur paketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi də nəzərdə tutulub. 
 
5. Bundan əlavə, Rusiyadan idxal edilən təbii qaza alternativ mənbələr axtarılacaq, ehtiyac yaranarsa, razılaşma yenilənəcək. Bu xüsusda Şimşək bildirib ki, Rusiya qaz ixracatını dayandırsa, İran və Azərbaycandan qaz idxalı artırılacaq, eyni zamanda sıxılmış qaz alınması yönündə danışıqlara başlamaq da istisna olunmur.
 
Qeyd edək ki, Türkiyə Azərbaycan qazını Cənub Qaz Dəhlizi vasitəsilə (Bakı-Tiflis-Ərzrum kəməri) idxal edir. Bundan başqa, qardaş ölkə “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr mavi yanacaq alınmasına dair Azərbaycanla kontrakt imzalayıb. Ankara həmçinin Əlcəzair və Nigeriya ilə müvafiq surətdə 4,4 və 1,2 milyard kub metr sıxılmış qaz alınmasına dair  müqavilələr imzalayıb.
***
Bir sıra ekspertlərə görə, Türkiyədə liberal bazar iqtisadiyyatı və azad biznes mühiti olduğu üçün qardaş ölkə iqtisadiyyatı yeni sınaqdan daha tez və daha az itki ilə çıxacaq, nəinki Rusiya. Ayrı sözlə, pislik Putinə, ruslara qalacaq.   

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın