Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Türkiyə Mosulu geri alır?

Türkiyə Mosulu geri alır?

Ankaranın yeni hərbi-siyasi “açılımı” bölgədə situasiyanı dəyişə bilər; Türkiyənin İran və Rusiya ilə toqquşma ehtimalı artır…

Türkiyənin daha bir qonşu ölkə ilə problemi yaranıb. Söhbət İraq hökumətindən gedir – hansı ki, İraqın özünün hazırda ciddi daxili təhlükəsizlik problemləri var. Türkiyə ordusunun 1200 nəfərlik hissəsinin İraqın Mosul vilayətinə göndərməsi Bağdadın ciddi etirazlarına səbəb olub. Baş nazir Heydər İbadi bu durumu “İraqın suverenliyinə təhdid” adlandırıb. 
Ötən gün isə Rusiya məsələni BMT Təhlükəsizlik Şurasının iclasına daşıyıb. Ancaq burda yekun nəticəyə gəlmək mümkün olmayıb. Rəsmi Ankara isə bəyan edib ki, Mosul yaxınlığındakı hərbi bazaya əlavə hərbçi göndərilməsi dayandırılacaq, ancaq hazırda mövcud olan birliklər 2017-ci ilə qədər orda qalacaq və yerli kürd, türkmən, ərəb (sünni) aşirətsilahlılarına təlim keçəcək. 
Qeyd edək ki, İraqda Mosul yaxınlığında Başika hərbi bazasında son 2 il yarımda Türkiyə ordusu hərbi təlimatçıları yerli qüvvələrə təlim keçib. Ancaq bu bölgədə Türkiyə ordusunun bölmələri 1996-cı ildən kiçik sərhəd-təmas nöqtələrində mövcud olub. Son illərdə isə Türkiyə terrora qarşı mübarizə məqsədilə bölgədən gələn dəvətlər əsasında burda böyük bir təlim mərkəzi yaradıb. Bu günlərdə Türkiyə ordusu hərbi bazadakı hərbçilərin yerdəyişməsini edib və bu zaman tanklar da daxil olmaqla, əraziyə daha böyük heyət – 1200 nəfərlik canlı qüvvə göndərib.
Bu isə İraqın mərkəzi hökumətinin narazılığı ilə qarşılanıb.Bunun ardınca Bağdad Türkiyə hökumətinə hərbçiləri ölkə ərazisindən çıxarmaq üçün 48 saat möhlət verib. Daha sonra baş nazir Əhməd Davudoğlu İraq baş nazirinə məktub yazıb, İraq və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub. Ardınca xarici işlər nazirinin müavini ilə kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidanın bu günlərdə İraqa gedəcəyi məlum olub. Son olaraq isə Türkiyə hökumətin 2017-ci il iyul ayına qədər Türkiyə hərbçilərinin İraqda qalacağını açıqlayıb.
Bəs İraq nəyə və niyə etiraz edir?
Əslində Türkiyə ordusunun hazırda dayandığı bölgə İraq hökumətinin nəzarətindən kənardadır. Bu ərazilərdən İraq ordusu ötən il İŞİD-in hücumu zamanı çıxıb və daha sonra orada kürd peşmərgələri möhkəmlənib. Üstəlik, türklərin burda hökumət yanlı silahlı birliklərə təlim keçməsi o zaman Bağdadla da razılaşdırılıb.
Ancaq indi Bağdadın kəskin etirazının arxasında başqa səbəblərin dayandığını söyləmək olar. Bu – ilk növbədə daxili səbəblərdir. Məsələ ondadır ki, İraq mərkəzi hökuməti Türkiyənin Mosul ətrafında möhkəmlənməsi, ordakı sünni tayfa birliklərinə, həmçinin kürd peşmərgələrinə təlim keçib onlar üzərində təsir yaratmasından narahatdır. Hazırda Bağdad onsuz da bu ərazilərə nəzarət edə bilmir. Bu gedişatla bölgə tamamən İraq hökumətinin nəzarətindən çıxa bilər. Üstəlik, son illərdə Bağdadla Ankara arasında siyasi anlaşmazlıqlaryaranıb. İraqın hazırkı hakimiyyəti Türkiyənin ölkədə daha artıq təsir yaratmasını təhlükə kimi görür.
İkinci amil isə İran və Rusiya ilə bağlıdır. Rusiya Türkiyəyə İraqda mane olmaq, region ölkələrində daha ciddi problemlər yaratmaqda maraqlıdır. İran isə ənənəvi olaraq Türkiyənin Mosul ətrafında möhkəmlənməsi və özünə yaxın qruplara təlim keçərək gücləndirməsindən, onların gələcəkdə Bağdada problem yaratmasından narahatdır…
*****
Maraqlıdır ki, dünən toplanıb qərar verməli olan İraq parlamenti də iclasını keçirə bilməyib. Türkmənlərin əsas hissəsi, sünni ərəblər və kürdlər, eləcə də Sədr qrupu parlamentin toplantısına qatılmadığı üçün iclas baş tutmayıb. Bu qruplar isə Türkiyənin Mosulda yerləşməsində maraqlıdır.
Savaş olacaqmı?
Türkiyənin türkmən əsilli analitiki Ziya Abbas deyir ki, Bağdad Türkiyə ilə toqquşmada maraqlı olmasa da, silahlı qrupların Türkiyə ordu hissələrinə hücumlar təşkil etməsi mümkündür. Bununla da gərginlik dərinləşə bilər. Yeri gəlmişkən, ötən gün daha bir şiə türkmən silahlı qruplaşması Türkiyəni təhdid edib.
Ancaq analitik böyük miqyaslı toqquşmanın olacağını gözləmir, onun fikrincə hər iki tərəf gərginliyin böyüməməsi üçün lazımı addımları atmağa çalışacaqlar.
Mosul nədən bu qədər önəmli?
 
Dünyanın nəhəng neft və qaz ehtiyatlarının toplandığı bölgələrdən biri olan Mosul həm də strateji əhəmiyyətinə görə diqqəti cəlb edir. İraqın ikinci böyük şəhəri 11-ci əsrdən, yəni bölgə Səlcuq türklərinin əlinə keçəndən bu yana türklərin hakimiyyətində olub. 1517-ci ildən Osmanlının ən yaxın əyalətlərindən birinə çevrilən Mosulda əhalinin böyük hissəsi (kürdlərdən sonra) türklər olub. Hazırkı İraq dövləti Osmanlının 3 əyalətindən formalaşıb. Mosul, Bağdad və Bəsrə. Mosul isə həm coğrafi. Həm də etnik baxımdan türklərə ən yaxın bölgə olub.
Bu səbəbdən də Türkiyə Cümhuriyyəti qurulan zaman Atatürk Mosulun Türkiyə torpaqlarına qatılmasına çalışıb. Ancaq zəngin neft-qaz ehtiyatlarına malik bölgə 1918-ci ildən ingilislərin işğalı altına düşür və ingilis hökuməti bu bölgəni Atatürk Türkiyəsinə deyil, yeni qurmağa çalışdığı ərəb dövlətinin (İraq) tərkibinə daxil etmək istəyir. 1921-ci ildə Mosulda şiə müctəhidlərin fətvası ilə ingilis işğalına qarşı və Türkiyəyə birləşmək tələbi ilə üsyan başlayır. Ancaq üsyan ingilislər tərəfindən amansızlıqla yatırılır. 1923-cü ilə Lozan anlaşmasında Mosulla bağlı yekun qərara gəlmək mümkün olmasa da, sonrakı illərdə Türkiyənin şərqində başladılan etnik qrupların üsyanları səbəbindən Atatürk Mosulu güzəştə getməyə məcbur olur.
Türkiyə Mosulu almaqmı istəyir?
Son günlər Türkiyədə media və sosial şəbəkələrdə Mosulun yenidən geri alınacağı, Türkiyənin məhz Mosulda ordu ilə möhkəmlənməsinin arxasında bunun dayandığı iddiaları artıb. Hətta sosial şəbəkələrdə Mosul ətrafında tikilməkdə olan yeni Türkiyə hərbi hava bazasının görüntüləri yayılıb. Bu görüntülərdən Türkiyə ordusunun Mosulda böyük bir hərbi güc yaratmağa hazırlaşdığı aydın olur.
Ancaq iddialar bununla da kifayətlənmir. Bəzi müəlliflərin fikrincə, məhz Lozan anlaşmasında maddələrdən biri Türkiyənin Mosulu 100 illiyinə İraqa güzəştə getdiyi, 2023-də bu müddətin başa çatdığı və həmin tarixdən qanuni olaraq Türkiyənin Mosula sahib çıxacağı ilə bağlıdır. Hələlik bu maddə ilə bağlı araşdırmaçıların dəqiq fikri yoxdur. Amma hətta 100 illik bənd olsa belə, hazırkı şərtlərdə Türkiyənin dünyanın ən zəngin enerji bölgələrindən birinə sahib çıxmasının xeyli dərəcədə çətin olacağı aydındır.
Ancaq istənilən halda Mosul ətrafında olaylar Türkiyənin yeni genişənmə, özü də hərbi gücün müşayiəti ilə genişlənmə siyasəti apardığını göstərir.Bu, Cümhuriyyət Türkiyəsi üçün tamamilə yeni bir dövlət siyasətidir. Baş nazir Davudoğlunun işarə etdiyi kimi, artıq Ankara “oxu çox uzaqlara atmaq üçün kamanı daha çox geriyə dartır”. Bu hadisə eyni zamanda AKP hökumətinin son illərdə izlədiyi diplomatik açılım siyasətinin dəyişməsi, artıq hərbi gücə dayanan bir yayılma siyasətinin əlamətlərini özündə əks etdirən bir fəaliyyətdir. Bununla da bölgədə proseslər daha gərgin atmosferə girə, qarşıdurma meylləri daha da dərinləşə bilər. Musavat.com

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …

Bir cavab yazın