Çərşənbə , Mart 3 2021
Ana səhifə / İqtisadiyyat / Türkiyə ilə mal dövriyyəmiz hansı sahələrdə arta bilər – RƏY

Türkiyə ilə mal dövriyyəmiz hansı sahələrdə arta bilər – RƏY

Azərbaycanla Türkiyə arasında siyasi-hərbi yaxınlaşma iqtisadi müstəvidə də bağların möhkəmlənməsi ilə müşayiət olunmaqdadır. Ötən həftə Azərbaycanın baş naziri Əli Əsədovun rəhbərliyi altında Türkiyəyə gedən hökumət nümayəndə heyəti qardaş ölkədə yüksək səviyyədə qəbul olunub.

Ankarada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının 9-cu iclası keçirilib. İclasın yekunlarına əsasən ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət planı imzalanıb. Türkiyənin vitse-prezidenti Fuad Oqtayın mətbuata verdiyi məlumata görə, fəaliyyət planı ikitərəfli münasibətlərin inkişafına yönələn 138 bənddən ibarətdir.  Planda Türkiyə-Azərbaycan qarşılıqlı ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılması hədəflənib.

Fuad Oqtay vurğulayıb ki, tərəflər üçün prioritet erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpası məsələsidir.

Öz növbəsində, Azərbaycanın baş naziri Əli Əsədov bildirib ki, rəsmi Bakı qardaş Türkiyənin regiondakı bütün proseslərlə bağlı mövqeyini dəstəkləməkdə davam edəcək: “Biz neçə gün ərzində çox işgüzar işlədik. Komissiyanın bugünkü iclası bir daha onu göstərdi ki, Azərbaycanla Türkiyənin mövqeyi bütün məsələlərdə üst-üstə düşür. Heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələri bundan sonra inkişaf edəcək. Artıq işğaldan azad olmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanılıb. Razılaşmalar imzalanıb. Türkiyə şirkətləri infrastrukturun yenidən qurulmasında yaxından iştirak edir”.

Əli Əsədov: “Preferensial ticarət sazişi ticarət dövriyyəmizin artmasına  təkan verəcək”

 Əli Əsədov

Baş nazir bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığımızı nəzərdə tutan bir çox sənədlər dünən keçirilən görüşlərdə imzalanıb: “Bu, çoxtərəfli platforma gələcək üçün böyük perspektivlər vəd edir. Əminəm ki, bu gün keçirilən iclasın nəticələri ikitərəfli münasibətlərin inkişafına da təkan verəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Əməkdaşlığımız bütün sahələri əhatə edir. 2023-cü ilədək ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdəndir”.

Ə.Əsədovun sözlərinə görə, Azərbaycanla Türkiyənin iqtisadi tərəfdaşlığının böyük inkişaf potensialı var: “Həm dünən keçirilən görüşlərdə, həm də bugünkü iclas zamanı hər iki tərəf iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu təsdiqlədi. Qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam edəcək. Çünki bu yatırımlar xalqlarımızın rifahına xidmət edir. Şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməklə bağlı sazişin təsdiqlənməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq. Pandemiyaya baxmayaraq, ötən il nəqliyyat sahəsində də əməkdaşlığımız uğurlu olub”.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov əmin olduğunu bildirib ki, protokolun və fəaliyyət planının imzalanması iqtisadi tərəfdaşlığın dərinləşməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək: “Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaradır”.

Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Adamları Forumunda çıxış edən nazir forum çərçivəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlığa dair 11 sənəd imzalandığını bildirib. Söhbət iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlərdən və niyyət protokollarından gedir. Sənədlərə Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROPO) sədr əvəzi Yusif Abdullayev, eləcə də “CTS Holdinq”, “ASGroup İnvestment”, “Bakı Tekstil Fabriki” kimi biznes sturkturlarının rəhbər şəxsləri imza atıb.

Azərbaycanın İstanbulda Ticarət Nümayəndəliyi yaradılacaq » www.QEDIM.az

Mikayıl Cabbarov

M.Cabbarovun sözlərinə görə, forumda hər iki tərəfdən sənaye, turizm, nəqliyyat, ticarət sahələrində fəaliyyət göstərən iş adamlarının iştirakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir: “Forum çərçivəsində bir sıra sənədlərin, o cümlədən tekstil sənayesində müqavilənin imzalanması nəzərdə tutulur. İnanıram ki, bu sənədlər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət edəcək”.

Nazir bildirib ki, Azərbaycanda özəlləşdirmə sahəsində fəaliyyətin aktivləşdirilməsi baş verir: “Bu sahədə dövlət müəssisəsinin türk şirkəti tərəfindən idarə edilməsinə başlanılır. Bununla yanaşı, dağ-mədən sənayesi sahəsində daha bir layihənin imzalanması nəzərdə tutulur. Bu, qızıl və mis yataqlarının istismarını təmin etmək məqsədi daşıyır”.

Xatırladaq ki, bu ilin yanvar ayında “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Türkiyə şirkətlərinin Azərbaycanın iri dövlət şirkətlərinin idarəçiliyinə cəlb olunması mühüm addımdır. Məlumdur ki, uzun illərdir Azərbaycanda iri dövlət şirkətlərinin idarəçiliyində çox ciddi problemlər mövcuddur: şəffaflıq və hesabatlılıq yox səviyyəsindədir, korrupsiya və xərcləmələrdəki şişirtmələr üzündən dövlət şirkətlərinin böyük əksəriyyəti zərərlə işləyir. Bu baxımdan, onların idarəçiliyinə təcrübəli özəl şirkətlərin cəlb olunması ölkə iqtisadiyyatının qarşısında duran çox ağır bir problemin həllinə təkan verə bilər.

Bundan əlavə, iqtisadiyyat nazirinin dediyindən aydın olur ki, Azərbaycan mis-qızıl yataqlarının işlənməsinə də Türkiyə şirkətlərini cəlb etməyi planlaşdırır. Bu isə rəsmi Bakının Türkiyə ilə əlaqələrə nə qədər yüksək önəm verdiyini ortaya qoyur. Azərbaycanda fəaliyyət göstərən iki mis-qızıl hasilatçısından biri özəl, biri dövlət şirkətidir.  Dövlətə məxsus “AzeriGold” Qapalı Səhmdar Cəmiyyəti son illərdə hasilat və kəşfiyyat sahəsində ciddi işlər görüb. QSC ötən il yaradılan Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib, görünür, hökumət onun idarəetməsinə də Türkiyə şirkətlərini cəlb etmək niyyətindədir.

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılması isə kifayət qədər iddialı hədəfdir. Belə ki, 2019-cu ildə iki ölkə arasında əmtəə dövriyyəsi 4,4 milyard dollar olsa da, 2020-ci ildə pandemiyanın təsiri ilə azalaraq 4 milyard 161 milyon dollara düşüb. Bu zaman Türkiyəyə ixracımız 2 milyard 598 milyon dollar, oradan idxalımız isə 1 milyard 563 milyon dollar təşkil edib.

Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycandan Türkiyəyə ixracı artırmaq imkanları məhduddur –  ölkəmiz son məhsul istehsalı sahəsində heç də inkişaf etmiş deyil. Buna görə də güman olunur ki, qarşılıqlı ticarət dövriyyəsinin artımı daha çox Türkiyədən idxal hesabına baş verə bilər. Belə ki, Azərbaycan hər il Çindən müxtəlif geyim, geyim aksessuarları, əczaçılıq məhsulları və sair idxalına yüz milyonlarla dollar vəsait sərf edir. Bu məhsulların daha keyfiyyətli Türkiyə məhsulları ilə əvəz olunması yaxın perspektivdə kifayət qədər realdır. Nəzərə alsaq ki, iki ölkə arasında sərbəst ticarət haqqında saziş imzalandı, bu zaman ticarət əlaqələrinin daha da inkişafı üçün real zəminin hazırlandığını söyləmək olar.

Ekspert Rövşən Ağayev:

Rövşən Ağayev 

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, reallıqda bundan əvvəl də Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin artırılması sahəsində hansısa problemlərin olduğu açıqlanmır: “Baş nazir bildirir ki, Naxçıvan dəhlizinin açılması Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrini daha sürətli inkişafına şərait yaradacaq. Bu proqnozun nə dərəcədə real olacağına münasibət bildirmək üçün yaxşı bir analizə ehtiyac var. Hələlik belə bir analiz aparmadığım üçün bu barədə nəsə deyə bilmərəm.

Amma bu məsələ ilə bağlı 3 aydınlaşdırıcı suala hökumətdən cavab eşitmək yaxşı olardı:

Əvvəla, hazırda fəaliyyətdə olan Gürcüstan marşutunda hansı məhdudiyyət və çatışmazlıqlar var ki, Türkiyə-Azərbaycan ticarət potensialından maksimum istifadəyə imkan vermir?

İkincisi, iki ölkə arasında yaxın zamanlarda ticarətin genişlənməsi hansı məhsullar üzərindən baş verəcək? Xüsusilə Azərbaycanın potensial ixrac imkanları baxımından maraqlı gəlir.

Nəhayət, üçüncüsü, bu günə qədər Azərbaycanın bir parçası kimi Naxçıvanla Türkiyə arasında mal axınları baxımından hər hansı maneə olmayıb, əksinə, Naxçıvan Türkiyə ilə sərhəd tucarəti qurmaq baxımından ideal coğrafiyada yerləşib. Bu coğrafi imkandan nə dərəcədə yararlana bilmişik? Naxçıvanın Türkiyə ilə xarici ticarət həcmi, xüsusən ixrac göstəricisi baxımından nə qədərdir, bu həcm Naxçıvanın real potensialı baxımından nə qədər ciddi bir rəqəmdir?”

Göründüyü kimi, mütəxəssislər Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsində Azərbaycanın ixrac payının nə qədər olacağı baxımından narahatdırlar. Lakin hökumətin mis-qızıl yataqlarının işlənməsinə, iri dövlət şirkətlərinin idarəçiliyinə, ərazilərin bərpasına Türkiyə şirkətlərini cəlb etmək planları tezliklə Azərbaycandan qardaş ölkəyə daha çox mal ixrac etmək imkanlarının yaranması baxımından maraqlı faktlardır. Digər tərəfdən, Türkiyə ilə tekstil sənayesi sahəsində real əməkdaşlığın başlanması yaxın illərdə Azərbaycanda pambıq və ipək parçaların, onların əsasında geyim və digər məmulatların istehsalının qurulması sahəsində böyük fayda verə bilər.

Vətən müharibəsindən sonra iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsi göstərir ki, qarşılıqlı əlaqələr hər sahədə genişlənməkdədir. Musavat.com

Həmçinin oxuyun

Mərkəzi Bankdan dollarla bağlı yeni AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankın martın 3-dən etibarən …