Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Bosfor boğazını rus hərbi gəmilərinə bağlasa…

Türkiyə Bosfor boğazını rus hərbi gəmilərinə bağlasa…

Türkiyə ötən gün Bosfor boğazını keçmək istəyən rus gəmilərini saatlarla gözlədib. Bu barədə hadisə şahidləri bildirib. Hadisə nəticəsində boğazda onlarla rus gəmisi gözləməli olub.
Bu arada elə həmin gün Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) və sahil mühafizə xidməti Bosfor və Dardanel boğazları arasında yerləşən Mərmərə dənizində hərbi təlimlərə başlayıb. Təlimlərin məqsədlərindən biri Bosfor boğazının hərbi yolla bağlanmasıdır.
Rusiya bu vəziyyətdə Türkiyə tərəfinə qarşı heç bir irad irəli sürə bilməz. Türkiyə hərbçilərinin bu təlimləri antiterror xarakteri daşıyır. Bundan əlavə, bu təlimlər qanunsuz miqrantlara qarşı yönəlib.
Türklərin bu addımının nəticələri hamıya məlumdur. Türkiyə Bosfor boğazını bağlasa, bu, Krım yarımadasında bazası olan Rusiya HDQ-nin avtomatik bloklanması anlamına gəlir. Rusiyanın Qara dəniz donanması fəaliyyətsiz, yarımadanın özü isə tamamilə sivilizasiyadan kənar qalacaq.
Türkiyə, öz növbəsində, Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə mane ola bilər ki, bu da Rusiyanın Suriyadakı Xmeymim bazasına silah-sursat çatdırmasını çətinləşdirəcək. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov da məsələ ilə bağlı reaksiya verib. O, jurnalistin “Türkiyəyə məxsus təyyarə vurularsa, bu ölkə Bosfor və Dardanel boğazlarını bağlaya bilərmi” sualını belə cavablandırıb: “Siz tamamilə qiyamət ssenariləri qurursunuz. Fikrimizcə, hazırda Türkiyə rəhbərliyinin nə edəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Gəlin qiyamət kimi ssenarilərdən danışmayaq”.
Türkiyə bu addımı ata bilərmi və belə olarsa, hadisələrin gələcək inkişafı nə vəd edir?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyənin zahiri addımları buna yönələ bilər, amma boğazların birdəfəlik bağlanacağını iddia etmək sadəlövhlük olardı: “Türkiyə Rusiyanın Suriyadakı aviasiyasını təchiz edən gəmilər üçün Bosfor və Dardanel boğazlarını bağlaya bilməz. 1936-cı ildə qəbul olunmuş Montre konvensiyası Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini təmin edir. Konvensiyaya əsasən, Türkiyə boğazları xarici gəmilərin üzünə o zaman bağlaya bilər ki, tərəflərdən biri müharibə elan etsin.
Türkiyə boğazları bağlarsa, bu, beynəlxalq hüququn və Montre konvensiyasının pozulması demək olacaq. Hətta İkinci Dünya Müharibəsi zamanı belə Türkiyə boğazlarla bağlı neytrallığını qoruyub, Almaniyanın təzyiqlərinə baxmayaraq, boğazları bağlamayıb. Bir daha xatırladıram ki, Ankara bu addımı yalnız ona qarşı müharibə təhlükəsi olacağı təqdirdə ata bilər. Hələ ki, iki dövlət arasında psixoloji müharibə gedir və əsl müharibənin ola biləcəyini təxmin etmək absurddur. Boğazların bağlanması ideyası Türkiyənin Rusiya KİV-indəki şantaja cavabıdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın