Şənbə , Dekabr 10 2022
Ana səhifə / İqtisadiyyat / Türk dövlətlərinin iqtisadi gücü: İmkanlar iddialara yetirmi – TƏHLİL

Türk dövlətlərinin iqtisadi gücü: İmkanlar iddialara yetirmi – TƏHLİL

Türk Dövlətləri Təşkilatı ortaya gələcəklə bağlı böyük hədəflər və planlar qoyur. Təşkilatın 2040-cı ilə baxış sənədi (2040 vizionu) kifayət qədər əhatəli və iddialıdır. Amma bütün siyasi və geosiyasi planların arxasında ilk növbədə iqtisadi güc dayanmalıdır. Bəs türk dövlətlərinin ümumi iqtisadi potensialı nə qədərdir və böyük güclərlə rəqabət aparmağa imkan verəcəkmi?Təşkilatın üzvlərinin ümumi ərazisi 4,2 milyon kvadrat kilometr, ümumi əhalisi 157 milyon nəfərdir. Toplam ÜDM-ləri $1.3 trilyon dolları keçir. Ölkələrin xarici ticarətinin ümumi həcmi 560 milyard dollardır. 250 milyard dolları aşan daxili investisiyaları da bura əlavə etsək, samballı potensialın olduğu ortaya çıxır.

Bu ölkələrin milli iqtisadiyyatlarının ən maraqlı tərəfi onların bir-birini tamamlaya bilməsidir. Belə ki, Türkiyə və Macarıstanın yaxşı inkişaf etmiş emal sənayesi, Qırğızıstanla Özbəkistanın əhali potensialı, Qazaxıstan, Azərbaycan və Türkmənistanın isə böyük enerji ehtiyatları var. Belə bir şəraitdə əgər TDT-nin üzvləri “sənaye + enerji + iş qüvvəsi” düsturunu reallaşdıra bilsələr, dünyanın ən sürətlə inkişaf edən zolağına çevrilə bilərlər.

Əlavə üstünlük odur ki, “Türk zolağı” Şərqlə Qərbi birləşdirən əsas ticarət yollarının üzərində yerləşir. Demək, özünün sənaye məhsullarını və resurslarını dünya bazarına çxarmaq üçün heç bir əlavə problemlə üzləşməyəcək. Hazırda türk ölkələrinin üzərindən həyata keçirilən Şərq-Qərb ticarət dövriyyəsinin həcmi 10 trilyon dolları aşır.

Təşkilat üzvlərinin öz aralarındakı ticarətləi isə 10 milyad dollardan çoxdur. Potensialı nəzərə alanda kiçik rəqəmdir, amma əminəm ki, qarşıdakı illərdə onun çox sürətli artım dinamikasının şahidi olacağıq.

Hazırda bu müstəvidə əsas tərəf Türkiyədir. O, digər türk ölkələrinə sənaye məhsullarını ixrac, onlardan xammalı, enerjini və digər resursları idxal edir. Başlanğıc üçün bütün tərəflərə sərf edən vəziyyətdir, amma belə davam etməməlidir. Çünki əks halda digər Türk ölkələri sadəcə Türkiyənin resurs əlavəsinə çevrilə bilərlər. İnkişafın sağlam getməsi üçün digər ölkələrdə də sənayenin inkişafına nail olmaq və qarşılıqlı ticarəti balanslı hala gətirmək lazımdır. Bunun üçün digər ölkələrin emal sənayesi sahələrinə daha çox investisiya qoyulmalıdır. Orta Asiyada Türkiyəyə məxsus 3000-dən çox şirkətin işləməsi göstərir ki, hazırda bu proses gedir.

Eyni zamanda onu da deməliyik ki, türk ölkələrilə ticarət Türkiyənin ümumi xarici ticarətinin vur-tut, 2%-dən bir qədər çoxdur. Amma qarıdakı 4-5 ildə bu rəqəmin azı 10%-i keçəcəyini düşünürəm.

Gələcəklə bağlı müsbət və ümidverici tərəf odur ki, inteqrasiya bütün sahələrdə gedir: təhsil, mədəniyyət, təhlükəsizlik və s. Bu, gələcəkdə iqtisadi inteqrasiyanın da davamlı olması üçün bünövrəni möhkəmləndirəcək.

Əgər hansısa mərhələdə ciddi səhvlər buraxılmazsa, XXI əsrin türklərin iqtisadi intibahı əsri olacağını gözləməyə əsas var. Bunun üçün tələb olunan bütün amillər hazırda mövcuddur: Resurslar, elmi potensial, siyasi iradə və liderlər. Qalır düzgün yolla irəliləmək.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru

Həmçinin oxuyun

TAP ilə İtaliyaya 16 mlrd. kubmetr qaz nəql olunub

Kommersiya əməliyyatlarının başlanmasından Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan Avropaya 18,5 mlrd. kubmetrdən çox …