Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Transxəzər” layihəsi Azərbaycana təzyiq vasitəsidir? – ŞƏRH

“Transxəzər” layihəsi Azərbaycana təzyiq vasitəsidir? – ŞƏRH

“Fitch Reytings” beynəlxalq reytinq agentliyinin saytında yerləşdirilən məlumata görə, 2021-ci ilin yanvarında Aşqabad və Bakı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində ”Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu imzalayıb. İmzalanma Aşqabadın Avropa bazarlarına çıxmasına və Çindən asılılığı azaltmasına imkan verəcək potensial Transxəzər boru kəməri haqqında söhbətləri yenidən alovlandırıb: “Lakin belə bir kəmər öz inkişaf yolunda ciddi maneələrlə üzləşir”.

Agentlik bildirir ki, kəmərin Avropaya daşıyacağı qaza alıcı tapmaq ciddi problemlərdən biridir. Belə ki, ucuz Rusiya qazı, həmçinin maye qaz idxalının yoluna qoyulması Avropada Türkmənistandan gələcək bahalı qaza alıcı tapmağı müşkülə çevirə bilər. Böyük kapital tutumlu olacaq layihənin icrası üçün daimi alıcıların olması çox vacib şərtdir: “Belə alıcıları tapmaq problemli ola bilər, çünki Aİ öz enerji balansını karbonsuzlaşdırmaq səylərini sürətləndirir və bölgədə karbonun qiyməti artmaqda davam edir”.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli telekanallara müsahibəsində İlham Əliyev də Transxəzər boru kəməri layihəsi barədə sualı cavablandırıb. Bildirib ki, Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur: “Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir. Çünki bizim layihələrə gəldikdə, istər Bakı-Tbilisi-Ceyhan olsun, istər Cənub Qaz Dəhlizi, burada hər şey aydın idi. Azərbaycan liderliyi öz üzərinə götürmüşdür, ölkələrdən və şirkətlərdən ibarət komanda şəklində bir qrup yaratmışdır, beynəlxalq maliyyə qurumlarını cəlb etmişdir. Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində görün, hansı qurumlar iştirak edib – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa İnfrastruktur və İnvestisiya Bankı – dünyanın ən aparıcı maliyyə qurumları. Bunlar eyni zamanda, şirkətlər və Azərbaycan ölkə olaraq öz vəsaitini qoyub bu layihəni həyata keçirib. Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır – geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu – bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil”.

Azərbaycan Prezidenti birmənalı şəkildə ölkəmizin layihənin maliyyələşməsində iştirak etmək niyyətində olmadığını açıqlayıb: “Tutaq ki, Transxəzər qaz kəməri inşa edildi, Azərbaycan sahilinə qədər gətirildi, ondan sonra nə olacaq? Hansı yollarla Avropa istiqamətinə göndəriləcək? TANAP-la? Yəni, TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da demək olar ki, hamısını indi Azərbaycan qazı ilə biz təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır. Çünki biz növbəti 5-6 il ərzində, əgər hər şey plan üzrə gedərsə, minimum 10 milyard kubmetr əlavə qaz hasil edə bilərik. Əlbəttə ki, bunun yeganə yolu TANAP və ondan sonra dediyim kimi, interkonnektorlar vasitəsilə. Yəni Azərbaycan ərazisindən sonra nə olacaq? Azərbaycan ərazisində yeni kəmərmi tikiləcək? Ola bilər. Kim bunu tikəcək? Ona görə bunlar hamısı açıq suallardır. Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam. Bütün bu suallara cavab veriləndən sonra əlbəttə ki, bu layihə həyata keçirilə bilər. Çünki prinsip etibarilə mən hesab edirəm ki, bu layihə iqtisadi cəhətdən səmərəli ola bilər, amma texniki-iqtisadi əsaslandırma gərəkdir, əlbəttə, bu təsdiqlənməlidir. Qazın sahibi istehlakçılarla kontraktlar imzalamalıdır, hansı qiymətə satılacaq. Çünki məsafə nə qədər uzun olsa, bir o qədər də xərclər artır. Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək”.

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək: “Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ”Transxəzər” layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. “Transxəzər” layihəsini kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyil. İkincisi, bu layihə təsdiq olunsa belə, Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu, Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.

Buna baxmayaraq, İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə, təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir, əksinə, bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib”.

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq  Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”

Elxan Şahinoğlu

Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı? Elxan Şahinoğlu hesab edir ki, belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək: “Çünki ”Transxəzər” layihəsinin də adından göründüyü kimi, Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Türkiyə “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsın” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq”.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

İlham Şaban: “Layihədən uzun müddət Rusiyadan qazı ucuz almaq üçün istifadə edilib, indi də…”

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Prezident “Transxəzər”in indiyə qədər niyə reallaşmadığını gözəl izah edib: “Yəni kommersiya baxımından hansısa cəlbediciliyi yoxdur, gündəmdə ancaq siyasiləşdirilmiş tərəfdən mövcuddur. Buna görə də 1997-ci ildən bu layihə şirkətlərin deyil, siyasilərin gündəmindədir. Bəs nədən kommersiya baxımından şirkətləri cəlb etmir? Çünki türkmən qazı Avropadakı istehlakçıya baha başa gələn qazdır, türkmən qazı vaxtı ilə Rusiya qazı ilə qiymətdə rəqabət apara bilmədiyindən reallaşmayıb. Amma ona görə gündəmdə olub ki, Avropa şirkətləri bu layihədən daim Rusiya qazını daha yaxşı şərtlərlə almaq üçün Moskvaya təzyiq vasitəsi kimi istifadə ediblər.

Hazırda bəzi Avropa ölkələri Azərbaycanın əlavə qazının Avropa bazarlarına çıxması ərəfəsində “Transxəzəri” ona görə gündəmə gətirirlər ki, Azərbaycandan daha sərfəli şərtlərlə uzun müddətə qaz idxalına nail olsunlar. Təbii ki, bunları rəsmi Bakı çox gözəl anlayır və Azərbaycan Prezidenti də bunu diplomatikcəsinə ictimaiyyətə çatdırdı”.

Ekspert onu da qeyd etdi ki, Türkmənistan qazının emalı bahalı prosesdir: “Qərbdə çox gözəl bilirlər ki, türkmən qazı kimyəvi tərkibinə görə həm ”Şahdəniz” qazından, həm Rusiya qazından geri qalır. Bizim qaz “şirin qaz” növünə aid edilirsə, türkmən qazı “turş qaz” növüdür, yəni tərkibində kükürdün və kimyəvi aşqarların miqdarının çox olmasına görə. Onu nəqlə göndərməzdən əvvəl xeyli kapital xərci çəkib  təmizləməlisən. Çinə gedən qaz da bu prosesdən keçir. Soruşa bilərsiniz ki, bəs türkmən qazı aşağı rentabellidirsə, CNPC onda Türkmənistandan nədən qaz alır? Çoxları bilmir ki, CNPC dövlətin maraqları prizmasından çıxış edir və bu layihənin gerçəkləşməsində Çin dövlətindən xeyli vəsait alıb. Yəni türkmən qazı indiyə qədər ona görə Avropaya gedib çıxmayıb ki, Brüsseldə öz şirkətlərinə bu məqsədlə dotasiya verilməyib, və bundan sonra da çətin verilə”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …