Çərşənbə , May 25 2022
Ana səhifə / İqtisadiyyat / Tikinti maqnatı Mehrac Babayev Rusiyada çətin durumda

Tikinti maqnatı Mehrac Babayev Rusiyada çətin durumda

Keyfiyyətsiz işə görə cərimələr təhlükəsi altında olan azərbaycanlı tikinti maqnatı Mehrac Babayevin şirkətləri Qərbi Sibirdə büdcə vəsaitləri hesabına həyata keçirilən obyektlərin tikintisini bir-birinin ardınca dayandırır. 
 
Haqqin.az bildirir ki, M.Babayevin Xantı-Mansi Muxtar Dairəsində inşa etdiyi məktəbin binasında “vətəndaşların həyatı və sağlamlığı üçün təhlükəli pozuntular” aşkarlanıb.

Belə ki, bir neçə gün əvvəl Xantı-Mansi Muxtar Dairəsinin Arbitraj Məhkəməsi rayon Mənzil Tikintisinə Nəzarət Xidmətinin “Şkola 1725” MMC-yə (onun təsisçisi “Verso-Monolit” MMC Azərbaycandan olan iş adamı Mehrac Babayevə məxsus “Verso-Holdinq”in tərkibinə daxildir) qarşı iddiası üzrə qərar çıxarıb. Xidmət təftiş zamanı verilən göstərişlərə məhəl qoymadığına görə tikintini aparan qurumun “ictimai təhlükəli hərəkətləri” haqda məlumat verib və onun məsuliyyətə cəlb olunmasını tələb edib.

İrtış-2 rayonunda 1725 şagird yerlik məktəbin tikintisinə 2018-ci ildə başlanılıb. Bu məqsədlə “Şkola 1725” MMC yaradılıb. Amma muxtar dairə başçısının müavini Yevgeni Adamovun sədrliyi ilə keçirilən Əsaslı Tikinti Obyektlərinin İnşası üzrə Şuranın iclasının protokoluna əsasən, bu obyekt yaxın gələcəkdə istifadəyə verilməyəcək. Çünki məktəbin hazırkı hazırlıq səviyyəsi 25,2 faizə ancaq çatır.

“Stroynadzor”un nümayəndələri də tikinti sahəsinə baş çəkiblər və yoxlama zamanı layihədən xeyli kənarlaşmalar və xüsusən də dəmir-beton konstruksiyalarla layihə sənədləri arasında uyğunsuzluq aşkar edilib.

Bu yerdə qeyd etmək vacibdir ki, Mehrac Babayev bütün bu müddət ərzində Bakıda tikinti biznesi ilə məşğul olub və o, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qeyri-rəsmi biznes ortağı kimi tanınıb. Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sifarişi ilə Bakıda jurnalistlər üçün yaşayış binaları tikən də məhz Mehrac Babayev olub, halbuki podratçı Əli Həsənovun ailə üzvlərinə məxsus şirkət idi və bu işi sonradan subpodratçı qismində Mehrac Babayevin holdinqinə verib.

Bildiyiniz kimi, jurnalistlər üçün yaşayış evlərinin tikintisi yaxşı aparılmayıb, tikintiyə ayrılan vəsaitin bir hissəsi başqa məqsədlərə sərf edilib. Xatırladaq ki, bu işdə KİVDF-nin keçmiş rəhbəri – icraçı direktoru Vüqar Səfərli mühakimə olunub.

İndi Mehrac Babayevin biznesi Rusiyada ağır dövrünü yaşayır – arbitraj kütləvi şəkildə “Verso-Monolit”ə qarşı iflas iddialarını qəbul edir, Federal Təhlükəsizlik Xidmətinin nəzarətçiləri Nijnevartovskdakı maxinasiyalarla maraqlanır, “Sberbank”ın tələbi ilə tikinti texnikası Babayevə məxsus müəssisələrdən yığılır, “Verso-Holdinq”in hesabları Federal Vergi Xidmətinin tələbi ilə bloklanır, üstəlik bu günlərdə Xantı-Mansi Dairəsi Xəzinədarlığının Əmlakın Təminatı Müdiriyyəti Dairə Arbitrajında “Verso-Monolit İnvest” MMC-yə qarşı iddia qaldırıb və inşaatçıdan ümumi sahəsi 9 min kvadratmetrdən çox olan İrtış yaşayış kompleksində 181 mənzilin tikintisini 2022-ci ilin iyul ayının sonuna qədər başa çatdırmağı tələb edir.

Başqa bir məhkəmə prosesində Departament əmlakın ümumi dəyərinin 586,5 milyon rubl olduğunu bildirib. Bələdiyyə bu məbləğə qəzalı evlərin sakinlərinin köçürülməsi üçün mənzil fondu alınması barədə “Verso-Monolit  İnvest”lə müqavilələr bağlayıb.

Müqavilələrin müddəti 2019-2020-ci illərdə başa çatıb, buna görə 2022-ci ilin mart ayının sonunda Xantı-Mansi Arbitraj Məhkəməsi Departamentin iddiası üzrə “Verso-Monolit İnvest”dən təxminən 355 milyon rubl cərimə tutulması barədə qərar çıxarıb.

Qərar hələ qüvvəyə minməyib.

Həmçinin oxuyun

4 ildən sonra Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. …