Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ticarət nümayəndələrinin funksiyaları bəlli oldu

Ticarət nümayəndələrinin funksiyaları bəlli oldu

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsi və onun aparatı haqqında Əsasnamə”ni təsdiq edib.

Baş nazir Artur Rasi-zadənin imzaladığı əsasnaməyə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndəsinin (bundan sonra – ticarət nümayəndəsi) və onun aparatının fəaliyyət qaydalarını müəyyən edir.

Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ticarət nümayəndəsinin vəzifələri aşağıdakılardır: Təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu məqsədlə iqtisadi-ticarət əlaqələrinin vəziyyətini təhlil etmək, müvafiq istiqamətdə təkliflər hazırlamaq və onları həyata keçirmək, təyin olunduğu ölkədə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarını qorumaq və təmsil etmək, bu məqsədlə tədbirlər hazırlamaq və həyata keçirmək, Azərbaycan mallarının və xidmətlərinin təyin olunduğu ölkənin bazarlarına çıxışının genişləndirilməsi üçün tədbirlər görmək, müvafiq təkliflər hazırlayaraq həyata keçirmək, İxracın stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin təşkilində iştirak etmək və bu tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək, Azərbaycan Respublikasının və təyin olunduğu ölkənin fiziki və hüquqi şəxsləri arasında işgüzar əlaqələrin qurulmasına köməklik göstərməkdir.

Bundan başqa təyin olunduğu ölkədə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin qarşılaşdığı problemləri öyrənmək və həlli istiqamətində müvafiq tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və həyata keçirmək, Azərbaycan malları və ya xidmətlərinin, ölkəmizin investisiya mühitinin təyin olunduğu ölkələrdə təbliği istiqamətində tədbirlər həyata keçirmək, təyin olunduğu ölkənin bazarlarına Azərbaycan malları və ya xidmətlərinin çıxışına, həmin bazarda tələbata və mövcud təkliflərə və təyin olunduğu ölkələrin idxal-ixrac, daxili bazarda satış tələblərinə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək, habelə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə çatdırılması üçün tədbirlər görmək, təyin olunduğu ölkədə Azərbaycan Respublikasının ticarət-iqtisadi maraqlarına toxuna biləcək tədbirlərə dair məlumatlar hazırlamaq, həmin məlumatları aidiyyəti dövlət orqanlarına təqdim etmək, belə halların aradan qaldırılması istiqamətində tədbirlər görmək, təyin olunduğu ölkədə həyata keçirilən dövlət satınalmaları, satın alınan mallar və xidmətlər barədə məlumatlar hazırlamaq, həmin məlumatların Azərbaycan Respublikasının müvafiq malları və xidmətləri təchiz edə biləcək fiziki və hüquqi şəxslərinə çatdırılması ilə bağlı tədbirlər görmək, təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində fəaliyyət göstərən hökumətlərarası komissiyaların, işçi qruplarının fəaliyyətinə köməklik göstərməkdir.

Eyni zamanda təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və ya hökumətlərarası danışıqların təşkilində və aparılmasında, bu sahədə beynəlxalq müqavilələrin razılaşdırılmasında və bağlanılmasında iştirak etmək, təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində beynəlxalq müqavilələrin icrasına köməklik göstərmək, təyin olunduğu ölkəyə Azərbaycan malları və xidmətlərinin ixracı ilə bağlı yaranan maneələri öyrənmək və belə maneələrin aradan qaldırılması üçün tədbirlər görmək, bu məqsədlə təkliflər hazırlamaq və onları həyata keçirmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Ticarət nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Ticarət nümayəndəsinə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan qaydada ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ticarət nümayəndəsi diplomatik pasportla təmin edilir. Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir. Ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxildir.

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 sentyabr tarixli 1588 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında (bundan sonra – diplomatik nümayəndəliklərdə) təyin olunan Azərbaycan Respublikasının vətəndaşı olan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin maliyyə təminatı ilə bağlı məsələləri tənzimləyir. Bu Qayda diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar, 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) ödənişlərin verilməsini və digər təminatların həyata keçirilməsini müəyyən edir.

1.2. Ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.

2. Əməkhaqqı

2.1. Ticarət nümayəndəsinin əməkhaqqı onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir. Ticarət nümayəndəsinin aparatının işçilərinin əməkhaqqı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.

2.2. Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları diplomatik nümayəndəliyə getmək üçün Azərbaycan Respublikasının dövlət sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödənilir.

2.3. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir.

2.4. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər smetası hesabına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində ödənilir.

3. Tibbi sığorta

3.1. Təyin olunduqları diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunurlar. Bu məqsəd üçün ticarət nümayəndəsinin aparatının saxlanılması üçün nəzərdə tutulmuş xərclər smetasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmiş təsdiqedici sənədlər əsasında ticarət nümayəndəsinin təyin olunduğu ölkələrdə tibbi sığorta qiymətlərinin orta səviyyəsinə uyğun müvafiq vəsaitlər nəzərdə tutulur.

3.2. Ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə tibbi sığorta mərkəzləşmiş qaydada bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibbi sığorta üzrə bağlanılmış müqaviləyə (tibbi sığorta müqavilələri bu sahədə tibbi sığorta proqramına uyğun olan həcmdə ticarət nümayəndəsinin təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə tibbi xidmət əldə etmək imkanı verən sığorta şirkəti ilə imzalanır) əsasən həyata keçirilə bilər.

3.3. Ticarət nümayəndələrinə, onların aparatlarının işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilən tibbi sığorta zərfi bu Qaydanın 2 nömrəli əlavəsinə əsasən müəyyənləşdirilir.

4. Nəqliyyat xərcləri

4.1. Diplomatik nümayəndəliklərə təyin olunan və orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

4.2. Ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə ödənilən illik məzuniyyət dövründə və ya onlarla birlikdə yaşayan ailə üzvlərindən birinin ölümü ilə əlaqədar, ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri də bu Qaydanın 4.1-ci bəndinə uyğun qaydada ödənilir.

4.3. Diplomatik nümayəndəliklərə təyin olunan, habelə orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin hər birinə müvafiq sənədlər əsasında 80 kq-dək (yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması xərcləri ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

5. Yaşayış sahəsinin icarə xərcləri

5.1. Ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin təyin olunduqları diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün ticarət nümayəndəsinin aparatının xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulur.

5.2. Ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri tutduqları vəzifələr və yerli şərait nəzərə alınmaqla, diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə mebel avadanlıqları ilə təchiz edilmiş yaşayış sahəsi ilə təmin olunurlar.

5.3. Ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin yaşayış sahəsi ilə təminatı ticarət nümayəndəsinin aparatının xərclər smetasında qeyd olunan məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilən normalar əsasında həyata keçirilir.

5.4. Yaşayış sahəsinin icarə xərclərinin ödənilməsi ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə icarədar arasında bağlanılmış icarə müqaviləsi (ticarət nümayəndəsi tərəfindən təsdiq edilmiş) əsasında bank vasitəsilə həyata keçirilir.

5.5. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin mənzilinin icarəsi zamanı girov kimi depozitə qoyulmuş maliyyə vəsaitinin qaytarılması təmin olunmadığı halda, həmin vəsait aidiyyəti ticarət nümayəndəsindən və ya onun aparatının işçisindən tutulur.

5.6. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin yaşayış sahəsi üzrə kommunal xidmətlərinin haqqı onların öz vəsaiti hesabına ödənilir.

5.7. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin yaşayış sahəsinin icarəsi üçün ödənilən haqqın məbləği onların təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində mövcud olan qiymətlərin orta səviyyəsinə uyğun müəyyən edilir. Qiymətlərin orta səviyyəsinin müəyyən edilməsi məqsədi ilə diplomatik nümayəndəliyin yerləşdiyi yaşayış məntəqəsində yaşayış sahəsinin icarəsi ilə məşğul olan bir neçə şirkətə (3 şirkətdən az olmamaq şərtilə) sorğu edilir.

5.8. Yaşayış sahəsinin icarə müqaviləsi orada yaşayacaq ticarət nümayəndəsi və ya onun aparatının işçisi tərəfindən bağlanılır. Bu müqavilə ticarət nümayəndəsinin və onun aparatının işçisinin təyin olunduğu diplomatik nümayəndəliyin yerləşdiyi ölkəyə gəldiyi tarixdən 15 gündən gec olmayaraq bağlanılmalıdır. Həmin müddət ərzində mehmanxanadan istifadə olunduqda, mehmanxana xərcləri həmin ölkə üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mehmanxana xərcləri normalarından artıq olmamalıdır. Qeyd olunan müddətdə müqavilə bağlanılmadıqda, mehmanxana xərcləri ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.

5.9. İcarə müqaviləsində, o cümlədən aşağıdakılar da nəzərdə tutulmalıdır:
5.9.1. icarə müqaviləsində icarəyə götürülən mənzilin yaşayış sahəsi göstərilməlidir;
5.9.2. icarəçi heç bir vergi ödəməməlidir;
5.9.3. xidməti zərurətlə əlaqədar icarəçinin icarə müqaviləsinə istənilən vaxt xitam verə bilmək səlahiyyətinə malikdir;
5.9.4. yaşayış yeri və oradakı mebel, inventar və digər avadanlıq icarədarın hesabına sığortalanmalıdır;
5.9.5. mənzilin və oradakı mebel, inventar və digər avadanlığın təmir xərcləri (təbii aşınma nəzərə alınmaqla) icarədar tərəfindən ödənilməlidir.
5.10. Yaşayış yerinin və oradakı mebel, inventar və avadanlığın təbii aşınması ilə əlaqədar olmayan təmir xərcləri ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.
5.11. Ticarət nümayəndəsinin aparatının işçisi icarə etdiyi yaşayış yerini icarədara təhvil verərkən, icarədardan həmin işçiyə qarşı heç bir iddianın olmadığı barədə yazılı təsdiqedici sənəd alaraq, ticarət nümayəndəsinə təqdim etməlidir.

6. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı

6.1. Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının ödənilməsi üçün tələb olunan vəsaitlər ticarət nümayəndəsi aparatının xərclər smetasında nəzərdə tutulur.

6.2. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödənilir.

6.3. Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödənilir.

7. Digər təminatlar

7.1. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin işlədikləri dövrdə onlara və ya onunla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

7.2. Ticarət nümayəndəsinin, onun aparatının işçilərinin və ya onlarla birlikdə yaşayan ailə üzvünün cəsədinin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına müvafiq qaydada ödənilir.

7.3. Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbulu zamanı ticarət nümayəndəsi və onun aparatının işçisi ilə birlikdə yaşayan ailə üzvlərinə üstünlük verilir.

8. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin bəzi xərclərinin tənzimlənməsi

8.1. Ticarət nümayəndəsinin aparatına ştatdankənar işçilərin işə qəbul edilməsi bu məqsəd üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər dairəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla, ticarət nümayəndəsi və işçi arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Ştatdankənar işçilərin aylıq əməkhaqqı diplomatik nümayəndəliyin yerləşdiyi ölkədə mövcud olan orta aylıq əməkhaqqından yuxarı səviyyədə olmamalıdır.

8.2. Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə təhkim olunan xidməti minik və digər avtonəqliyyat vasitələrinin say həddi (limiti) və onlar üçün aylıq yürüş həddinin və istismar xərclərinin normaları bu Qaydanın 4 nömrəli əlavəsinə əsasən müəyyən edilir.

8.3. Ticarət nümayəndəsinin və onun aparatının işçilərinin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin geri alınması ticarət nümayəndəsi tərəfindən müvafiq qaydada təmin edilir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə mütəmadi məlumat verilir. Geri alınan əlavə dəyər vergisinin məbləği ticarət nümayəndəsinin aparatının saxlanılması xərcləri üzrə sonrakı maliyyələşmə zamanı nəzərə alınır.

8.4. Ticarət nümayəndəsinin aparatının saxlanılması üçün tələb olunan vəsaitlərin proqnozlaşdırılması, təsdiq edilməsi, xərclər smetası üzrə maliyyələşmə və digər əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, mərkəzləşdirilmiş qaydada aparılır.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …