Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Tender kralı” Vidadi Zeynalovun evini 2 milyona necə aldı? – “Rabitə işi” – YENİLƏNİB

“Tender kralı” Vidadi Zeynalovun evini 2 milyona necə aldı? – “Rabitə işi” – YENİLƏNİB

Dövlətin milyonlarını mənimsəyən Vidadi Zeynalov Ramazan Məmmədovun əli ilə azadlığa çıxmaq istəyir.

Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun dövlətə vurduğu ziyanın bir hissəsini ödəməsi ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda qeyd edilirdi ki, Vidadi Zeynalov əvvəlcə 2, 2 milyon manat ödəyib və hazırda dövlətə 2 milyon manat borcu var. Bildirək ki, bundan əvvəl də “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən bir neçəsinin dövlətə vurduğu ziyanı ödəmələri barədə məlumat yayılmışdı .

Milli.Az bildirir ki, məsələ ilə bağlı yeniçağ.az-a daxil olan məlumata görə, Vidadi Zeynalovun ödədiyi 2,2 milyon manatı Bakı şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Məmmədovun verdiyi deyilir. Bildirək ki, Vidadi Zeynalovun vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailəsi 2,2 milyon borcu ödəmək üçün yaşadıqları evi satıb.
Vidadi Zeynalovun ailəsinə yaxın olan mötəbər mənbənin Yenicag.az-a verdiyi məlumata görə, keçmiş aparat rəhbərinin evini, ortağı Ramazan Məmmədov alıb. Məlumatlı şəxs bildirir ki, Ramazan Məmmədov həmin evə sahiblənmək üçün yox, sadəcə ortağına kömək göstərmək üçün bu addımı atıb. 2 milyon manata “satılan ev” yenə də Vidadi Zeynalovun ailəsinə məxsus olaraq qalacaq. Məlumatlı şəxsin iddiasına görə, Vidadi Zeynalovun ortağı Ramazan Məmmədovun keçmiş aparat rəhbəri ilə çoxlu sayda ortaq biznes obyektləri var. Hətta aparat rəhbəri həbsdə ola-ola Ramazan Məmmədovun paytaxt rayonlarının birində böyük bir ərazini satın alaraq, orada Vidadi Zeynalovla şərikli ticarət obyekti tikəcəyi ilə bağlı məlumatlar dolaşmaqdadır. İddiaya görə, Ramazan Məmmədov ortağının həbsdən qurtulması üçün dəfələrlə hakimiyyətin yuxarı instansiyaları ilə danışıqlar aparsa da sonda istədiyi cavabı ala bilməyib. Zeynalovlar ailəsinə yaxın olan şəxsin bildirdiyinə görə, biznesini Türkiyəyə və Rusiyaya köçürən Ramazan Məmmədovun aparat rəhbəri ilə şərikliyi həmin ölkələrdə də yüksək səviyyədə davam edir.

Yeniçağ.az-ın apardığı kiçik bir araşdırmada məlum oldu ki, Ramazan Məmmədov uzun müddət Bakı şəhəri icra hakimiyyətinin tenderlərini həyata keçirib. Çoxsaylı tenderləri “udan” bu şəxsin ləqəbinin “tender kralı” olduğu bildirilir. Hər zaman səxavətli olması ilə öyünən Hacı Ramazan Məmmədov bütün gördüyü işlərdə arxa planda qalmaqla, özünü gizlədə biləcək istedada malik insan təsəvvürü yaradır. Yenicag.az-ı məlumatlandıran şəxsin bildirdiyinə görə, Ramazan Məmmədov Vidadi Zeynalovun azadlığı üçün bəzi dairələrə 30-50 milyon manat arasında pul təklif edib. Bunun “tender kralı” Zeynalovlar ailəsi ilə söhbətində dilinə gətirdiyi deyilir.

Məsələ ilə bağlı APA-ya danışan V. Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib.

Qeyd edək ki, Dövlət ittihamçısı təqsirləndirilən B.Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Xatırladaq ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub, yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq, 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq, B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirtdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq, müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq, telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin özünəməxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş, ümumilikdə, 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək, nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israfetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətiimkan tədbiri seçilib.

Buradan belə məlum olur ki, Vidadi Zeynalovun adından dövlətə ödənilən 7 milyon 330 min 536 manat ziyanın yarısından çoxunu “tender kralı” Ramazan Məmmədov ödəyib. Beləliklə, 2 milyon manata Vidadi Zeynalovun evini alan “tender kralı” özündən daha 3 milyon manat verərək, Rabitə nazirliyinin keçmiş aparat rəhbərinin dövlətə vurduğu ziyanın 5 miyon manatdan çoxunu ödəyib.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

————

15:59

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, hazırda iclasda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov şahid qismində ifadə verir.

Qeyd edək ki, dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

Milli.Az

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …