Ana səhifə / Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib

Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib

İyulun 25-də Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbir İslahatçı Gənclər İctimai Birliyi və AMM Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rəhbəri Leyla Əliyevaiki ölkə xalqları arasındakı dostluqdan və mədəni əlaqələrdən danışıb.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə çıxış edərək bildirib ki, Gürcüstan-Azərbaycan münasibətləri günü-gündən inkişaf edir və bu inkişaf həyatın bütün sahələrində özünü büruzə verməkdədir. Xalqlar arasında isti münasibətlər əsrlər boyu davam edir və bir çox ölkələr üçün örnəkdir.

Daha sonra çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanın model kimi qəbul edilən dövlət  gənclər siyasətinin uğurlarından söz açaraq, iki ölkə arasındakı münasibətlərin inkişafında gənclərin də üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib. İGİB sədri bildirib ki, Azərbaycan və Gürcüstan münasibətləri tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanır: “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan-Gürcüstan münasibətlərinin banisidir.”

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov öz çıxışında Gürcüstan-Azərbaycan münasibətlərinin çoxşahəli olduğunu vurğulayıb və bildirib ki, Azərbaycanda yaşayan gürcülərlə mütəmadi görüşlər təşkil olunur və hər iki xalqın ortaq mədəni-dini bayramları yüksək səviyyədə qeyd olunur. Bu baxımdan mədəniyyətlərarası dialoq və iki ölkə gəncləri arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində bugün də intensiv işlər aparılır. Əhməd Şahidov Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin yüksək intellektual səviyyəsindən və özünü ifadə təşəbbüslərindən söz açaraq, bu sahədə atılan addımları alqışlayıb.

Tədbirdə çıxış edən milliyyətcə gürcü olan Simon Kopadze, Vasili Papava və digərləri Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin tarix boyu mövcud olduğunu və bugün də uğurla davam etdiyini vurğulayıblar. Bu iki xalqın hər zaman bir-birinə münasibətdə sadiqlik nümayiş etdirdiyini, bir-birini yaxından dəstəklədiyini diqqətə çatdıran natiqlər bu dostluq və qardaşlığın Qafqazda və digər regionlarda örnək sayıla biləcəyini bildiriblər.

AMM Gənclər Təşkilatının rəhbəri Nərgiz Əliyeva öz çıxışında ikitərəfli əlaqələrinin nəinki iqtisadiyyat və strateji əməkdaşlıq sahəsində, eyni zamanda gənclər sahəsində də uğurla davam etdirildiyini vurğulayıb. N.Əliyeva qeyd edib ki, hər iki ölkənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondları arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində iki ölkə gənclər təşkilatları arasında müştərək layihələr, səfərlər, idman yarışları və tədbirlər təşkil olunmaqdadır: “Çox istərdik ki, bu tip layihələr sistematik və davamlı şəkildə həyata keçirilsin və iki ölkə gəncləri arasında körpü rolunu oynasın. Digər mühüm məsələ isə iki ölkənin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlər və görüşlərin keçirilməsidir”.

Tədbirdə çıxış edən Kvemo Kartli bölgə Quberniyasının nümayəndəsi Anar Süleymanov, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova, Heydər Əliyev adına Azərbaycan Dram Teatrının rejissor və aktyorları, habelə Ağsaqqallar Şurasının nümayəndələri və digər şəxslər ikitərəfli əlaqələrin inkişafı istiqamətində görüləcək işlərlə bağlı dəyərli təkliflərlə çıxış ediblər. Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrdən Tural Ramazanov öz çıxışında iki ölkə gənclərinin ictimai fəallığından söz açıb, Gürcüstan və Azərbaycanla bağlı tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində gənclərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın