Ana səhifə / İqtisadiyyat / Tale Bağırzadə vicdan məhbusu kimi tanındı

Tale Bağırzadə vicdan məhbusu kimi tanındı

Hazırda həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə Norveç təşkilatı tərəfindən vicdan məhbusu olaraq tanınıb. Norveçin dini azadlıqlara dəstək təşkilatı olan “Forum 18» Azərbaycanda dini azadlıqlar sahəsindəki vəziyyətlə bağlı araşdırma aparıb.

Musavat.com xəbər verir ki, araşdırmanın nəticəsi olaraq, təşkilatın saytında “Daha bir vicdan məhbusu haqqında məhkəmə hökmü” başlıqlı məqalə yayımlanıb.

Əvvəlcə məlumat üçün qeyd edək ki, Tale Bağırzadə və tərəfdarları 2015-ci ilin noyabr ayının 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Nardaranda keçirdikləri xüsusi əməliyyat zamanı həbs ediliblər. Əməliyyat zamanı polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 7 nəfər dünyasını dəyişmişdi. T.Bağırzadə və tərəfdarı olan 14 nəfər həbs edilmişdi. Əməliyyatların davamı olaraq Nardaranda 70-dən çox şəxs həbs edilmişdi. Onların barələrində müxtəlif cəzalar təyin edilib. Hazırda “Nardaran hadisələri”nə görə həbs olunanların sayı T.Bağırzadə də daxil olmaqla, 19 nəfərdir.
“Forum 18» təşkilatının məqaləsində Tale Bağırzadə ilə yanaşı Nuhbala Rəhimov və Elçin Qasımlı da vicdan məhbusu kimi göstərilir.

Qeyd edək ki, N.Rəhimov Nardarandakı “Rəhimə xanım Məscidi”nin imamı idi. O, Nardarandakı olaylardan 10 gün sonra məsciddə saxlanılmışdı. Ona əvvəl İnzibati Xətalar Məcəlləsi ilə 30 gün həbs cəzası verilsə də, sonradan barəsində cinayət işi açılıb, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Elçin Qasımov isə Nardaran hadisələrindən əvvəl- noyabrın 5-də Maştağa kəndində imamlıq etdiyi Həzrət Abbas məscidində saxlanılmışdı. O, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini idi. E.Qasımovun T.Bağırzadəyə qarşı edilən təzyiqlərə etiraz etdiyi üçün həbs olunduğu deyilir.

Düzdür, hökumət rəsmiləri Azərbaycanda vicdan və siyasi məhbus anlayışlarının olmadığını deyir. Məsələn, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov dəfələrlə bəyan edib ki, dünyanın hüquq praktikasında və nəzəriyyəsində vicdan məhbusu, siyasi məhbus anlayışları yoxdur.

“Vicdan Məhbusu” daha çox «Amnesty İnternational» beynəlxalq insan hüquqlari təşkilatı tərəfindən geniş istifadə olunan anlayışdır. Təşkilat hesab edir ki, dini və digər inancına, etnik mənsubiyyətinə, cinsinə, rənginə, dilinə, milliyyətinə və ya sosial mənsubiyyətinə, iqtisadi vəziyyətinə, doğum, cinsi orientasiyasına və ya digər statusuna görə həbs olunmuş şəxslər vicdan məhbusu sayılırlar.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da musavat.com-a açıqlamasında deyir ki, fikirlərinə, dini və digər inanclarına görə həbs olunan şəxslər vicdan məhbusu hesab olunur.
Xatırladaq ki, “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun və digər 18 nəfər barəsində cinayət işinin materialları ilə vəkillər tanış olublar. İş baxılması üçün yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın